Məhkəmə qərarları › İş №8(066)-9/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-9/2024

05.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-9/2024 05.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas katibliyi, X1nın iştirakı ilə, X4 ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 məhkəməyə ərizə ilə müraciət edərək Göygöl Rayon Məhkəməsinin 8(066)- 584/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı əsasında barəsində qoyulmuş ölkədən çıxışına olan məhdudiyyətin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Göygöl rayon Məhkəməsinin 8(066)-584/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Göygöl rayon Məhkəməsinin 2(066)-666/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən ondan 7236 manat əsas, 1454.35 manat faiz borc, 100.24 manat məbləğində cərimə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Tələbkar ASCnin xeyrinə ödənilməsi qərara alınmışdır. Ərizəçi xx.xx.2015-ci il tarixdə Tələbkar ASC-dən kredit götürən zaman işləyirdi və işlədiyinə görə ona kredit verilmişdir. Daha sonra işdən çıxdıqdan sonra müqavilə üzrə öhdəliyini icra edə bilməmiş və eyni zamanda səhhətinə olan narahatlığa görə heç bir yerdə işləyə bilməmiş nəticədə bank qarşısında öhdəliyini üzrlü səbəbdən tam şəkildə icra edə bilməmişdir. Əlavə olaraq bildirir ki, bank qarşısında olan öhdəliyini ödəyəcəkdir, həmçinin şəhid ailəisidir, uuzn müddətdir ürək xəstəliyindən əziyyət çəkməmdədir. Müalicəsini Bakı şəhərində alıb, hazırda qohumlarının maddi dəstəyi ilə Türkiyə Respublikasında müalicəsini davam etdirmək niyyətindədir. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində Göygöl rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə ərizəni iş materialları və icra işi ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Göygöl rayon Məhkəməsinin 8(066)-584/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, X4 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Göygöl rayon Məhkəməsinin 2(066)-666/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh X3 7236 manat məbləğində əsas borc, 1454.35 manat məbləğində faiz borc, 100.24 manat məbləğində cərimə pulu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilmişdir. Bundan başqa, iş materiallarında olan tibbi sənədlərdən də, X1nın xəstəliyini müəyyən etmək olur. Göründüyü kimi, borclu heç bir üzrlü səbəb göstərmədən qərəzli olaraq borcu ödəməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ödəniləcək məbləğ kifayət qədər çox olduğundan borclunun üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə əsasən, vətəndaşın ölkədən getmək hüququ yalnız məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək məhdudlaşdırıla bilər. MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra-icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Beləliklə məhkəmə hesab edir ki, X4 ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsаsən və MPM-nin 263-264, 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar