Məhkəmə qərarları › İş №8(067)-14/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-14/2025

30.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-14/2025 30.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İcra sənədi üzrə tələbkar X3 iştirakı ilə İcra sənədi üzrə tələbkar X6 tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İcra sənədi üzrə tələbkar X6 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1199/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Xaçmaz rayonu Susayqışlaq kəndi qeydiyyatda olan və yaşayan Maraqlı şəxs hər ay tutulan 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Maraqlı şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay azyaşlı uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1199/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 23 fevral 2024-cü ildən başlayaraq Maraqlı şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumlikdə 200 manat sabit pul şəklində alimentin alınaraq ona verilməsi qət edilmişdir. xx.xx.2006-cı il təvəllüdlü X4 artıq yetkinlik yaşına çatmışdır. Hesab edir ki, onun xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Maraqlı şəxs hər ay tutulan 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay 0.80 faiz mislində müəyyən edilməlidir. Cavabdeh Maraqlı şəxs maddi imkanı yaxşıdır, ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Cavabdehin isə maddi imkanı yaxşıdır. Cavabdehin yüksək məbləğdə aliment ödəməyə qadirdir. Ata kimi uşaqlarını saxlamaq cavabdehin valideynlik borcudur. Cavabdehlə aralarında alimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur. Məlum olduğu kimi, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-cü ildə yaşayış minimumu 400 manat müəyyən edilmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X6 göstərmişdir ki, 10 il alimenti özü ödəmişdir. Uşaqlar 2 ildir onun yanına qayıdıblar. Qətnamə qəbul olunub, hər uşağa 100 manat aliment təyin olunmuşdur. Həmin məbləğdə uşağı saxlamaq mümkün deyil. Ona görə də alimentin məbləğinin artırılmasını xahiş edir. İcra sənədi üzrə borclu məhkəmə icasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Xaçmaz rayon Məhkəməsinin 2(067)-1199/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki. xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 23 fevral 2024-cü ildən başlayaraq Maraqlı şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində sabit pul şəklində aliment alınaraq X5 verilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1252/2024 nömrəli qətnaməsindən müəyyən olunur ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1199/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin Ailə, uşaqlar və dövlət İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının : 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maaddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunnun: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023 tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024 tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: “8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2 bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “8.11-1 bəndiə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Məhkəmə aliment məbləğinin indeksasiyasına dair ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflərin birgə nikahından 2 uşaqları anadan olmuşdur. Xaçmaz rayon Məhkəməsinin 2(067)-1199/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 23 fevral 2024-cü ildən başlayaraq Maraqlı şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumlikdə 200 manat sabit pul şəklində alimentin alınaraq ona verilməsi qət edilmişdir. xx.xx.2006-cı il təvəllüdlü X4 artıq yetkinlik yaşına çatmışdır. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi qət edilən zaman ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin cari il üzrə artımı alimentin miqdarının indeksasiyası üçün yeganə meyar kimi qəbul edilməlidir. Hazırkı şəraitdə ayda 100 manat təyin olunmuş alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır. Aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2024-cü il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır. Məhkəmə ərizənin təmin edilməyən hissəsinə münasibətdə qeyd edir ki, ərizəçi tərəfindən qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barədə ərizə verilməsinə baxmayaraq, əsassız olaraq eyni zamanda aliment məbləğinin hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,80 misli həddində müəyyən edilməsi tələbi də irəli sürülmüşdür. Məhkəmə qeyd edir ki, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Hazırkı halda aliment məbləğinin indeksasiyası dedikdə, alimetin hər hansı məbləğdə artırılması deyil, istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə ölkə üzrə minumum əmək haqqına uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-1199/2024 nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.29 misli həddində sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq X5 ödənilməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-1199/2024 nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.29 misli həddində sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq X5 ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar