Məhkəmə qərarları › İş №8(067)-150/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-150/2024

28.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-150/2024 28.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Borclu iştirakları ilə Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1744/2021 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1744/2021 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2021 -cu il tarixli qərarla icraata başlanılmış Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-1744/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş olunmuşdur. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Borclunun hazırda ödənilməmiş 1950 manat aliment borc vardır. Məhkəmə iclasında Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru izahat verərək bildirmişdir ki, borclu bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunmuşdur. Borclunun 1950 manat borcu yaranmış və tələbkar iyul ayında müraciət edərək borcu tələb etmişdir. Hazırkı ayın borcu hesablandıqda 2070 manat aliment borcu yaranmış, lakin 700 manata yaxın məbləğdə aliment borcundan ödəniş etmişdir. Hal-hazırda borclunun ödənilməmiş 1370 manat aliment borcu vardır. Təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu izahat verərək bildirmişdir ki, xarici pasportunun etibarlılıq müddəti təxminən il yarımdır ki, bitmişdir. Hazırda fəhlə işləyir, lakin Gürcüstan Respublikasına işləməyə getmək fikri olmuşdur. O, məhkəmə tərəfindən alimentin təyin edilməsindən xəbərdar olmamış, xəbərdar olduqdan sonra isə iki ay ödəniş etməmişdir. Avqust ayında 2 dəfə 300 manat olmaqla ödənişlər etmiş (cəmi 600 manat) və iki gün əvvəl isə 100 manat məbləğində ödəniş etmişdir. Məhkəmə tərəfindən digər icra sənədi üzrə 500 manat məbləğində inzibati cərimə olunmuş, həmin cəriməni ödəmişdir. Rusiya Federasiyasında işlə əlaqədar olmuş və geri dönmüşdür. O, ailəli olduğu üçün ölkə xaricinə çıxsa belə geri qayıdacaqdır. Təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri araşdırarkən hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1744/2021 saylı icra vərəqəsinə əsasən Xaçmaz rayon məhkəməsinin 22 may 2018-ci il tarixli 2(067)- 1473/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Borclu hər ay 120 manat məbləğində sabit pul şəklində aliment alınaraq Tələbkar verilsin. Cavabdeh Borclu 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin yeni qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. -21 sentyabr 2021-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən 2(067)-1744/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. -19 avqust 2024-cü il tarixdə Borclu Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, qeyd edilən icra sənədləri üzrə bu günədək tələbkarın xeyrinə ödənişlər etmiş, hazırda onun ödənilməmiş 1650 manat aliment borcu yaranmışdır. Həmin borcdan 300 manat ödəniş edib qəbzi təqdim edəcəkdir. xx.xx.2024-cü il tarixədək 200 manat ödəniş edəcəkdir. Qalıq borcu hər ay 300 manat olmaqla ödəniş edəcəkdir. O, fərdi əməklə məşğuldur, aylıq qazancı 300-400 manat təşkil edir. Həmçinin qeyd edilən borcu ödəmədiyi təqdirdə AR İXM-nin 528-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunacağı icra məmuru tərəfindən ona izah olunmuşdur. -Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında hər hansı məlumat müəyyən edilmişdir. -Tələbkar tərəfindən Azərbaycan Respublikası Ədliyyə nazirinə ünvanlanmış ərizədən müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1744/2021 saylı qətnaməsinin icra olunması, Borclu alimentə görə 1950 manat pul məbləğini ona ödənilməsində köməklik edilməsini xahiş etmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun: 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və xx.xx.1986-cı ildə Xaçmaz rayonu, Canaxır kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1986-cı ildə Xaçmaz rayonu, Canaxır kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar