Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-221/2024 24.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, X1, Tələbkarnun iştirakları ilə, X1 borcun hissə-hissə ödənilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X7 ilə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 275/2024 №-li, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən 3800 manat borc pulu cəm şəkildə ödəyə bilmədiyindən qış aylarında 50 manat yay aylarında 100 manat ondan alınaraq X8 verilməsi barədə qətnamənin hissə-hissə icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-275 saylı qətnaməsinə əsasən məhkəmə qət etmişdir ki, X2 3800 manat məbləğində pul və ödənilmiş 58 manat ödənilmiş dövlət rusumu tutularaq iddiaçı Tələbkar ödənilsin. Belə ki, onun Tələbkar 3800 manat borcu cəm şəkildə ödəyə bilmədiyi üçün, özünün himayəsində üç azyaşlı uşağın olması və qida məhsullarının günü gündən qiymət artımını və komunal ödənişlərində çox çətinliklə ödəyir, özü hal-hazırda işləmir, odurkı Tələbkar borclu olduğu 3800 manat pulu və 58 manat dövlət rusumunu hər ay qış mövsümündə 50 manat ödəyə bilər, yay mövsümündə isə 100 manat məbləğində ödəməyə qadirdir. Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsinə əsasən hakim onun ailə vəziyyətini və göstərilmiş 3800 manat pulu cəm şəkildə ödəyə bilmədiyini nəzərə alıb məhkəmə qətnaməsini hissə-hissə icra edərək hər ay qış mövsümündə 50 manat ödəməklə yay mövsümündə isə 100 manat ondan alınıb cavabdeh Tələbkar verilməsi barədə qərardad qəbul edə bilər. Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, Tələbkar ondan 5000 manat tələb edirdi. Həmin tələblə məhkəməyə müraciət etmiş və iddiası qismən təmin olunaraq 3800 manat pulun ondan alınaraq tələbkara ödənilməsi qət edilmişdir. Həmin ödənişi cəm şəkildə ödəyə bilmədiyindən və aralarında razılıq əldə olunmadığından ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırki ərizə ilə mövcud borcu qış aylarında 50 manat, yay aylarında 100 manat olmaqla hissəhissə ödəmək üçün qərar qəbul edilməsini xahiş edir. Tələbkarla aralarında məbləğ barədə razılıq əldə olunarsa ərizənin məzmununu dəyişməyədə hazırdır. Qətnamə xx.xx.2024-cü il tarixdə çıxarılıb. Borcu ödəməməyinin səbəbi odur ki, ödənişi cəm şəkildə edə bilmir, tələbkarda hissə-hissə ödənişi qəbul etmir. O, dəfələrlə icraçı Faqilin qəbulunda olmuşdur və borcundan müəyyən məbləğdə ödənişlər etmək istəmişdir. Faqil müəllim bildirib ki, tələbkar ödənişi qəbul etmir. Tələbkar razıdırsa qışda 200 manat, yayda isə 300 manatdan da ödəniş edər. Məhkəmə iclasında tələbkar bildirmişdir ki, borclu həmin pulu ondan 2021-ci il tarixdə almışdır. Onun zənglərinə cavab vermir. Borcdan heç bir ödəniş etməyib. Ona borcla bağlı təklif etməyib. Həmin pulu o, bankdan alıb ona vermişdir. Borca faizlər hesablanır. Hissə-hissə ödənilməsinə qəti olaraq razı deyil. Ərizənin rədd edilməsini xahiş edir. Məhkəmə, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinin tələbindən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir və 15.3. maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 14 yanvar tarixli, 1 №-li Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014cü il tarixli qərarında qeyd edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Konstitusiya Məhkəməsinin bir çox qərarlarında məhkəmə müdafiəsi hüququnun məzmunu barədə formalaşmış mövqe ondan ibarətdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalıdır. O, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Bununla yanaşı qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Bundan əlavə «İcra haqqında» Qanunun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərindən biridir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Həmin Qərara əsasən, borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Lakin hazırkı iş üzrə borclu tərəfindən bu barədə heç sübut təqdim edilməmişdir. Halbuki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcədə cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). “Tələb” onun hüquqi cəhətdən reallaşdırılması kifayət qədər müəyyənləşdirilmişdirsə və o, hüquqi cəhətdən reallaşdırıla bilərsə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “əmlak” kimi başa düşülür. (“Stren” X12 Zavodu və X5rşı”, 09 dekabr 1994-cü il). Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qaldığını, borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla qətnamənin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun pozulacağını nəzərə alaraq, hesab edir ki, ərizə əsassızdır və rədd olunmalıdır. Belə ki, məhkəmə 3800 manat borc məbləği müqabilində hər ay 50 ya da 100 manat ödəniş olunmasını məqsədəmüvafiq hesab etmir. Məhkəmə hesab edir ki, borclu X4 ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 158-159, 263, 264, 267, 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-275/2024 №-li, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu X4 ərizəsi təmin olunmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №8(067)-221/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-221/2024
24.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver