Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-250/2023 07.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X2, təqdimat vermiş şəxs X1, Tələbkar iştirakı ilə Əmlakın üzərinə həbs qoyulmasına dair Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq,məhkəmə Müəyyən etdi: Xaçmaz Rayon İcra və probasiya şöbəsi təqdimatla (məktubla) məhkəməyə müraciət edərək, Borclu məxsus olan 40 ədəd qırmızı dəmir ayaqlı stulun və 8 ədəd ağ dəmir ayaqlı stolun üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqdimat vermiş şəxs təqdimatı onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon məhkəməsinin 2(067)-2385/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 3 uşağın saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan hər hansı əmlakının və gəlir yerinin olmaması müəyyən edilmişdir. Sonradan Borclu məxsus 40 ədəd qırmızı dəmir ayaqlı stul və 8 ədəd ağ dəmir ayaqlı stol müəyyən edilərək üzərinə həbs qoyulması məqsədilə siyahıya alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab olunur ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Hal-hazırda Borclu 1800 manat aliment borcu vardır. Əlavə olaraq bildirmişdir ki, borclu əmlakının olması ilə bağlı Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək üzərinə həbs qoyulması və qiymətləndirilərək satılması barədə müraciət etmişdir. O, rəsmi işlədiyi vaxt 3800 manat aliment ödəmiş, lakin işdən çıxdıqdan sonra bir neçə müddət ödənişi etsə də, sonradan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında tələbkar izahat verərək bildirmişdir ki, boşandıqları vaxt borclunun rəsmi iş yeri olduğundan gəlirinin ½ hissəsi tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul olunsa da, borclu vaxtı-vaxtında alimenti ödəməmiş, borcu yaranmışdır. Borclu yanvar ayında işdən çıxarıldıqdan sonra 3 uşağın saxlanması üçün hər ay, orta aylıq əmək haqqınının yarısı olmaqla 200 manat məbləğində aliment ödəmişdir. Daha sonra o, məhkəməyə müraciət etmiş və məhkəmə hər uşağın saxlanması üçün borclu tərəfindən hər ay 220 manat məbləğində aliment ödənilməsi barədə qərar qəbul etmişdir. Lakin borclu apelyasiya şikayəti vermiş və 05 sentyabr 2023-cü il tarixli qərara əsasən hər uşağın saxlanılması üçün, hər ay 200 manat məbləğində aliment tutulması barədə qərar qəbul olunsa da, borclu tərəfindən həmin vaxtdan heç bir ödəniş edilməmişdir. O, borclu ilə ailəli olduqları vaxt yaranmış 600 manat borcun da, onun öhdəsində qaldığını bildirmişdir. Borclu hazırda özünə yeni maşın almışdır, lakin özünün adına hər hansı əmlakı yoxdur. O, maddi imkanının olmadığını bildirərək təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə icra işinin materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2385/2022ci il tarixli icra sənədinə əsasən Borclu 01 iyul 2022-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment alınaraq Tələbkar xeyrinə ödənilməsi təmin olunmalıdır. İş materiallarından görünür ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlama barədə qərar qəbul olunmuş və borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim olunaraq izahatları alınmışdır. İş materiallarından görünür ki, tələbkar Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə 04 oktyabr 2023-cü il tarixdə ərizə ilə müraciət edərək borcludan 3 uşağın saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutularaq ona verilməsini, həmçinin yaranmış 1600 manat məbləğində aliment borcunu ödəmədiyi təqdirdə borclu barəsində tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə borclunun 40 ədəd qırmızı dəmir ayaqlı oturacaq stullarının və 8 ədəd ağ dəmir ayaqlı stollarının üzərinə həbs qoyularaq qiymətləndirilməsi və satılaraq tələbkara ödənilməsi barədə ərizəsi qəbul olunmuşdur. İş materiallarında olan borclunun əmlakının üzərinə həbs qoyulması və siyahıya alınması haqqında protokoldan görünür ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun 40 ədəd qırmızı dəmir ayaqlı stulları və 8 ədəd ağ dəmir ayaqlı stolları müəyyən edilərək üzərinə həbs qoyulması üçün siyahıya alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərində həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsinədən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.4-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu məxsus olan 40 ədəd qırmızı dəmir ayaqlı stulun və 8 ədəd ağ dəmir ayaqlı stolun üzərinə həbs qoyulsun. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №8(067)-250/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-250/2023
07.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver