Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-58/2025 24.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, X2, Maraqlı şəxs iştirakları ilə, X2 aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(067)-3755/2018 nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs 04 may 2011-ci il təvəllüdlü uşağı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin indeksasiya olunması və tutulan alimentin respublikada müəyyən edilmiş minimal əmək haqqının 0,625 misli miqdarında müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-3755/2018 saylı qətnaməsi ilə onun cavabdeh Maraqlı şəxs qarşı aliment tələbinə dair iddiası təmin edilməklə birgə nikahdan anadan olmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay 140 manat aliment tutulması qət edilmişdir (hakim R.Ə.Xəlilov). Qətnamənin qəbul edilməsindən 6 ildən artıq vaxt keçir. Bu müddətdə uşaq böyümüş, təbii ki, onun təlabatları da artmışdır. Hazırda 8-ci sinifdə təhsil alır, onun saxlanılması üçün müəyyən olunmuş aliment ehtiyaclarını ödəmir. Uşağın atası Maraqlı şəxs Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində yaşamaqla təsərrüfatla məşğul olur, onun bağ sahələri vardır, maddi imkanları da kifayət qədər yaxşıdır. Özü tikinti-təmir işləri üzrə ustadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci maddəsinə müvafiq olaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilməlidir. 2025-ci ilin yanvar ayının 1-dən respublikada minimal əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, Maraqlı şəxs hər ay 250 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı vardır. Ona görə də təyin olunmuş alimentin indeksasiyası həyata keçirilərkən Maraqlı şəxs minimal əmək haqqının 0.625 misli miqdarında alimentin tutulması təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən X3 ərizəsini müdafiə edərək və eyni məzmunlu izahat verməklə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs tələbi qismən qəbul edərək göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(067)- 3755/2018 saylı qətnaməsi ilə X4 ona qarşı aliment tələbinə dair iddiası təmin edilməklə birgə nikahdan anadan olmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanılması üçün ondan hər ay 140 manat aliment tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti də daimi iş yeri olmadığından çətinliklə, anasının pensiyası ilə ödəyir. Hazırda keçmiş arvadı Zarema Səfixanova ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indekasaiya olunaraq 250 manat məbləğində müəyyən olunmasını xahiş edir. Aliment məbləğinin dəyişdirilməsinə etiraz etməsə də lakin onun tələb olunan 250 manat məbləğində alimenti ödəməyə maddi imkanı çatmır. Hazırki vəziyyətdə anasının da pensiyasının köməkliyi ilə ayda 200 manat aliment ödəyə bilər. Ona görə də hazırki maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə ərizə ilə müraciət etmiş şəxsin və maraqlı şəxsin izahatlarını dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 12 noyabr 2018-ci il tarixli, 2(067)-3755/2018 saylı qətnaməsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin istinad olunan qətnaməsinə əsasən Maraqlı şəxs X4 xeyrinə birgə nikahlarından anadan olmuş 04 may 2011-ci il təvəllüdlü uşaqları X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat miqdarında alimentin tutulması qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin Ailə, uşaqlar və dövlət İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının : 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maaddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 noyabr 2018-ci il tarixli, 2(067)-3755/2018 saylı qətnaməsi ilə 04 may 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs 140 manat sabit pul məbləğində tutulması qət edilmişdir. Aliment məbləğinin qət edildiyi ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş 25 dekabr tarixli sərəncama əsasən 2018-ci il üçün minimum aylıq əməkhaqqı 2018-ci ilin yanvar ayının 1-dən 130 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən aylıq minimum əməkhaqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir. X6 ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs 04 may 2011-ci il təvəllüdlü uşağı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya olunaraq respublikada müəyyən edilmiş minimal əmək haqqının 0,625 misli miqdarında müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 13.4-cu maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətləri tənzimləyən hüquq norması olmadıqda, məhkəmə anoloji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Odur ki, məhkəmə yuxarıda istinad olunan Mülki Prosessual Məcəlləsinin normalarına əsaslanmaqla Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 12 noyabr 2018-ci il tarixli, 2(067)-3755/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunması barədə ərizəyə MPM-nin 218.3-cü maddəsinə əsasən verilmiş tələb üzrə tələbdən kənara çıxmadan baxılmasını məqsədəmüvafiq hesab etmiş və tələbin hazırki həcmdə əsaslı olduğu qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi qət edilən zaman ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin cari il üzrə artımı alimentin miqdarının indeksasiyası üçün yeganə meyar kimi qəbul edilməlidir. Hazırkı şəraitdə ayda 140 manat təyin olunmuş alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Hazırkı halda aliment məbləğinin indeksasiyası dedikdə, alimetin hər hansı məbləğdə artırılması deyil, istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə ölkə üzrə minumum əmək haqqına uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Ona görə də məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə verilmiş tələb üzrə əsaslı olduğundan tam təmin edilməklə Xaçmaz rayon məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(067)-3755/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq alimentin məbləği qərardad qanuni qüvvəsini alacağı tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 04 may 2011-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(067)-3755/2018 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 manat sabit pul məbləğində tutulması qət edilmiş aliment məbləği indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq X4 xeyrinə ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №8(067)-58/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-58/2025
24.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver