Məhkəmə qərarları › İş №8(067)-589/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-589/2025

28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-589/2025 28.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, tələbkar X1 nümayəndəsi Nümayəndə, borclu Maraqlı şəxs iştirakı ilə İcra sənədi üzrə tələbkar X4 tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İcra sənədi üzrə tələbkar X4 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(067)-173/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(067)- 173/2021 saylı qətnaməsinə əsasən övladları - xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Maraqlı şəxs 03 sentyabr 2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul şəklində alimentin alınıb ona verilməsi qət edilmişdir. Lakin 2021-ci ildən hazıradək keçən müdətdə ərzaq, geyim, kommunal, yəni uşağın saxlanılması ilə bağlı xərclərin məbləği artmış və iki uşağa görə cəmi 300 manat aliment uşaqlarımın saxlanılması üçün kifayət deyildir. Məhkəmə iclasında tələbkar X1 nümayəndəsi Nümayəndə göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-173/2021 saylı icra sənədinə əsasən borcludan tələbkarın xeyrinə 2 uşağın saxlanması üçün hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment tutulur. Hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən qeyd olunan məbləğin indeksasiya edilməsini xahiş edir. Məhkəmə iclasında borclu Maraqlı şəxs göstərmişdir ki, o, alimenti ödəyir, boyun qaçırmır. Tələbkarın nümayəndəsi onu uşaqlarına həsrət qoyub. O, alimenti ödəyir, o isə alıb faizə verir. Hazırda işləmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, aliment məbləğinin indeksasiyasına dair ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar -Xaçmaz rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(067)- 173/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı X4 ilə cavabdeh Maraqlı şəxs arasında 12 aprel 2016-cı ildə bağlanmış nikah pozulmuş, 03 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 04 fevral 2017-ci il təvəllüdlü X5 və 25 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul şəklində aliment alınaraq X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin Ailə, uşaqlar və dövlət İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 8.4-2 bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 2019-cu ildə ölkə üzrə minimum aylıq əmək haqqı 250 manat müəyyən edilmişdir. Sərəncam 1 yanvar 2022-ci ilədək qüvvədə qalmışdır. Yəni, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2219/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edilərkən, ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 250 manat olmuşdur. Məhkəmə yuxarıda qeyd edilən normalara əsaslanaraq hesab edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(067)- 173/2021 saylı qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq X2 ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar