Məhkəmə qərarları › İş №8(067)-623/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-623/2025

27.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-623/2025 27.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, X2nın və Maraqlı şəxs iştirakı ilə, X2nın «aliment məbləğinin indeksasiya edilməsinə dair» ərizəsi üzrə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Əliməmmədoba kəndində yaşayan Maraqlı şəxs 14 may 2010-cu il təvəllüdlü X8 və 12 aprel 2012-ci il təvəllüdlü X1 üçün Xaçmaz rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(067)-2338/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması və Maraqlı şəxs tutulan alimentin miqdarının hər uşaq üçün hər ay respublikada müəyyən edilmiş minimum əmək haqqının 0.55 misli miqdarında müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(067)-2338/2019 saylı qətnaməsi ilə onun cavabdeh Maraqlı şəxs qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin olunaraq, cavabdeh Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X9 və 17.11,2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2019-cu ildən hesablanmaqla hər ay hər uşaq üçün 100 (bir yüz) manat miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir (hakim İlkin Xəlilov). Hal-hazırda o, oğlu Röyal və qızı Mötəbər ilə birlikdə valideynlərinə məxsus ünvan 1 ünvanda yerləşən evdə yaşayır, qızı Sayad isə atası Maraqlı şəxs himayəsində yaşayır. Bir müddət Maraqlı şəxsla barışaraq ailəvi qaydada yaşadığına görə də o, Quba rayon İcra və Probasiya Şöbəsinə ərizə vermişdir ki, icra sənədi Xaçmaz rayon Məhkəməsinə qaytarılsın. Lakin, sonradan onlar yenidən ayrılmış və o, uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmışlar. xx.xx.2024-cü il tarixdə o, Xaçmaz rayon məhkəməsinə ərizə ilə müraciət etmişdir ki, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Quba rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Hal-hazırda Maraqlı şəxs ona iki uşağa görə - oğlu Röyal və qızı Mötəbərə görə hər ay, hər uşağa görə 100 manat aliment ödəyir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında bağlanmış nikahın pozulması, uşaqlardan Röyal və Mötəbərin mənim himayəmdə, Sayadın isə atası Rəşadın yanında saxlanılması, qızı Sayadın saxlanılması üçün ondan müəyyən edilmiş minimum əmək haqqının 0.5 mislində alimentin alınaraq Maraqlı şəxs verilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsini müdafiə edərək, izahatında göstərmişdir ki, iki üşağı onun yanında qalırlar. Hər uşağa görə 100 manat aliment alırdı. Hal-hazırda oğlunun 15 yaşı var, kollece qəbul olub. Odur ki, aliment məbləğinin indeksasiya edilərək, hər ay uşaqlar üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iş üzrə Maraqlı şəxs izahatında götərmişdir ki, onun rəsmi iş yeri var. İki uşağ ananın himayəsində qalırlar. Hər uşağa görə hər ay 100 manat aliment ödəyir. Alimenti maaşından tutulur. Uşaqlardan biri qətnaməyə əsasən onun himayəsinə verilmişdir, artıq bir ildir ki, onunla qalır. Aliment, əmək haqqına uyğun olsa ödəyər. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xaçmaz rayon Məhkəməsinin qanuni qüvvəsini almış 30 sentyabr 2019-cu il tarixli, 2(067)-2338/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X9 və X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən hesablanmaqla cavabdeh Maraqlı şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit məbləğdə aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin Ailə, uşaqlar və dövlət İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər Həmin Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Konvensiyanın 18.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin gəldiyi nəticə: “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1.8.4-1.-ci yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 1.2.1. 8-4-2-ci yarımbəndə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 14 may 2010-cu il təvəllüdlü X8 və 12 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay, hər bir uşaq üçün 100 manat sabit pul şəklində alimentin tutulması barədə Xaçmaz rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(067)-2338/2019 saylı qətnaməsi çıxarılan vaxt Azərbaycan Respublikasının Prezidentinin 08 fevral 2019-cu il tarixli sərəncama əsasən 2019-cu il üçün minimum aylıq əmək haqqı 2019-cu ilin martın ayının 1-dən 180 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən aylıq minimum əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. Hazırkı şəraitdə ayda hər bir uşaq üçün 100 manat təyin olunmuş alimentlə uşaqların artan tələbatını ödəmək və onların əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda, uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır. Məhkəmə hesab edir ki, 30 sentyabr 2019-cu il tarixdə qəbul edilmiş Xaçmaz rayon Məhkəməsinin 2(067)-2338/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan olan uşaqlar - 14 may 2010-cu il təvəllüdlü X8 və 12 aprel 2012-ci il təvəllüdlü X1 üçün hər ay, hər bir uşaq üçün 100 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən, məhkəmə tərəfindən indeksasiya həyata keçirilən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 180 manat məbləğində minimum əmək haqqının 0.55 mislini təşkil etdiyi nəzərə alınaraq, tutulan alimentin məbləği ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş 400 manat məbləğində minimum əmək haqqının 0.55 misli həddində indeksasiya olunmalıdır. Məhkəmə onu qeyd edir ki, X7 ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs 14 may 2010-cu il təvəllüdlü X8 və 12 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya olunaraq respublikada müəyyən edilmiş minimal əmək haqqının 0.55 misli həddində müəyyən edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli və Xaçmaz rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli 2(067)-2338/2019 saylı qətnaməsi ilə X7 ilə Maraqlı şəxs arasındakı birgə nikahdan doğulmuş 14 may 2010-cu il təvəllüdlü X8 və 12 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün tutulan 100 manat sabit pul şəklində aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli (hər bir uşaq üçün) həddində indeksasiya olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(067)-2338/2019 saylı qətnaməsi ilə X7 ilə Maraqlı şəxs arasındakı birgə nikahdan doğulmuş 14 may 2010-cu il təvəllüdlü X8 və 12 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq tutulan 100 manat sabit pul şəklində aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli (hər bir uşaq üçün) həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar