Məhkəmə qərarları › İş №8(067)-645/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-645/2025

22.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-645/2025 22.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin Borclu məcburi qaydada gətirilməsinə dair təqdimatını nəzərdən keçirərək, müəyyən etdi : Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sabir Kərimov Borclu məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2(067)- 1622/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə Borclu hər ay 3 uşağın saxlanması üçün cəmi 300 AZN sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş müddətdə icra sənədi üzrə tələbin dərhal icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1i ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə icra məmuru tərəfindən qəbul edilərək Borclu ünvanına göndərilmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2ci maddəsini rəhbər tutaraq Borclu məcnuri gətirilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən borclu izahat verərək bildirmişdir ki, aliment borcu ilə əlaqədar məhkum olunmuş, 2025-ci ilin yanvar ayında azad olunmuşdur. Aliment borcunu hissə-hissə ödəyir, icra məmurunun çağırışlarına isə hər zaman getmişdir. İş üzrə icra məmuruna və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə icra məmurunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, iсra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkmədə tədqiq edilmiş: - Xaçmaz rayon məhkəməsinin 2(067)-1622/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh Borclu hər ay hər uşaq üçün cəmi 100 (yüz) manat olmaqla, üç uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilsin. - xx.xx.2025-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan müəyyən edilir ki, Xaçmaz rayon İcra və probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Xaçmaz rayonu, Ləcət kəndində yaşayan Borclu məcburi qaydada Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə qərar qəbul olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin 8(067)-163/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından müəyyən edilir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Xaçmaz rayon məhkəməsinin 3(067)-1146/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilmişdir. - Borcluya xx.xx.2025-ci il tarixli inzibati məsuliyyətə cəlb olunması haqqında xəbərdarlıq təqdim edilmişdir. - Tələbkar Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təqdim etdiyi ərizədən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixədək Borclu tərəfindən ona aliment ödənilməmiş və 11400 AZN aliment yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikasının qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. «İcra haqqında» Azərbaycan Respublikasının qanunun qeyd olunan normasının müddəasından görünür ki, borclunun barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirinin tətbiq olunması üçün zəruri şərt olaraq borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 135.1-ci maddəsinə əsasən məhkəmə sənədləri «Poçt haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. 138.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsi ilə xəbərdar edilir. 138.4-cü maddəsinə əsasən zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxsləri və prosesin digər iştirakçıları məhkəmə bildirişinin məzmununun ötürülməsini təmin edən rabitə vasitələrindən istifadə edilməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilər. Məhkəmə hesab edir ki, Borclu mütəmadi olaraq icra məmurunun çağırışlarına gəlməməsini təsdiq edəcək sənəd iş materiallarına əlavə olunmadığından, borclunun icra məmurunun çağırışlarına gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürlü və ya üzürsüz səbəbdən yayınmasını müəyyən etmək mümkün deyildir. Eyni zamanda, borclu məhkəmə prosesində iştirak etməklə rəsmi qaydada edilmiş çağırışlara riayət etdiyini nümayiş etdirmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin Borclu məcburi qaydada gətirilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar