Məhkəmə qərarları › İş №8(067)-686/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-686/2025

27.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-686/2025 27.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Ərizəçi Tələbkar Borclu qarşı pul məbləğinin indeksasiyasına dair ərizəsinə baxaraq, m ü ə y yə n e t d i : Tələbkar ərizə ilə məhkəməyə müraçiət edərək, Xaçmaz Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(067)-2822/2024 saylı icra sənədinə əsasən tutulmalı olan 3300 manat pul məbləği üzrə indeksasiya həyata keçirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 18 dekabr 2024cü il tarixli, 2(067)-2822/2024 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən Borclu 3300 manat məbləğində pul vəsaiti tutularaq onun xeyrinə ödənilməlidir. Lakin keçən müddət ərzində borclu borcunu ödəməkdən yayınır. Borclu icra sənədi üzrə borcunu uzun müddət ərzində ödəmədiyi üçün borc məbləği indeksasiya olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya iflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülkihüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. Digər tərəfdən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ hüquqa zidd əməlin, bir qayda olaraq, təqsirli törədilməsi nəticəsində yarandığı halda indeksasiyanm aparılması üçün borclunun pul məbləğinin ödənilməsinə dair qətnamənin vaxtında icra edilməməsində və ya qətnamə ilə tutulan pul məbləğinin vaxtında ödənilməməsində təqsirinin olub-olmaması hüquqi əhəmiyyət kəsb etmir. Borclu icra sənədini hətta üzrlü səbəblərdən vaxtında icra etməsə belə, bu, həmin icra sənədi üzrə ödənilməli olan pul məbləğinin indeksasiyanm həyata keçirilməsini istisna etmir. Tərəflərə məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını tədqiq edib hesab edir ki, tələbkarın ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. İş materiallarından müəyyən olunur ki, qətnamə üzrə borclunun tələbkara 3300 manat icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikasinin Qanununun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. Beləliklə, müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(067)-2822/2024 saylı qətnaməsinə əsasən Borclu 3300 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hazıradək 1 il müddət keçməmişdir. 2025-ci təqvim ili sona çatmadığından həmin il üzrə istehlak qiymətləri indeksi müəyyən olunmur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, ödənilməli olan pul məbləğinin indeksləşdirilməsinə dair tələbkarın ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar