Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-690/2025 31.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, Maraqlı şəxs- icra sənədi üzrə borclu Maraqlı şəxs Niyazi oğlunun iştirakları ilə, X1 aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İcra sənədi üzrə tələbkar X6 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)- 1972/2020 saylı qətnaməsinə əsasən uşağı- xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Niyazi oğlundan tutulan 150 manat sabit pul məbləğində alimentin məbləğinin indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə tələbkar- X2 iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə icra sənədi üzrə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 ərizəsini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)- 1972/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü uşağı X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Maraqlı şəxs Niyazi oğlundan hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hesab edir ki, onun xeyrinə Maraqlı şəxs Niyazi oğlundan tutulan hər ay 150 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay faiz mislində müəyyən edilməlidir. Belə ki, Maraqlı şəxs Niyazi oğlunun maddi imkanı yaxşıdır, həmçinin yüksək əmək haqqı alır, ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Maraqlı şəxs yüksək məbləğdə aliment ödəməyə qadirdir. Ata kimi uşağını saxlamaq onun borcudur. Cavabdehlə aralarında alimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur. Məlum olduğu kimi, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci ildə yaşayış minimumu 400 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)- 1972/2020 saylı qətnaməsinə əsasən uşağı- xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Niyazi oğlundan tutulan 150 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə borclu- Maraqlı şəxs Niyazi oğlu izahatında göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)- 1972/2020 saylı qətnaməsinə əsasən ondan uşağı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq keçmiş arvadı X3 xeyrinə ödənilməsi qət edilmişdir. X8 ərizə ilə müraciət edərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılmasını tələb edir. Onun aliment məbləğinin indeksasiya edilmiş qaydada və məbləğdə ödəməyə maddi imkanı çatmır. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 150 manat alimenti hər ay vaxtlı-vaxtında ödəmiş, hətta aliment məbləğindən əlavə hər ay uşaq üçün lazım olan digər ehtiyaclarını da artıqlaması ilə ödəmişdir. O özü "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləməklə aylıq əmək haqqı 500 manat müəyyən edilmiş, vergilər tutulduqdan sonra əmək haqqı kartına 400 manat pul köçürülür. Belə vəziyyətdə hələ ki, artırılmış məbləğdə alimenti ödəmək iqtidarında deyildir. Odur ki, hazırki maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə aliment məbləğinin indeksasiyasına dair ərizə ilə bağlı maraqlı şəxsin izahatını dinləyib, ərizəni və iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar: -Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-1972/2020 saylı qətnaməsinin surətindən görünür ki, məhkəmənin qeyd olunan qətnaməsinə əsasən Maraqlı şəxs Niyazi oğlundan X3 xeyrinə birgə nikahdan doğulmuş uşaqları- xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin Ailə, uşaqlar və dövlət İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının : 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maaddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 8.4-2 bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). İş materiallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(067)-1972/2020 saylı qətnaməsi ilə Maraqlı şəxs Niyazi oğlundan X3 xeyrinə birgə nikahdan doğulmuş uşaqları- xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Minimum aylıq əmək haqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2019-cu il tarixdən qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən 2020-ci il üçün minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilmişdir. Sözügedən Sərəncam 2022-ci yanvar ayının 01-dək qüvvədə qalmışdır. Yəni, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul edilərkən, ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 250 manat olmuşdur. Məhkəmə yuxarıda qeyd edilən normalara əsaslanaraq hesab edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi qət edilən zaman ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin cari il üzrə artımı alimentin miqdarının indeksasiyası üçün yeganə meyar kimi qəbul edilməlidir. Hazırkı şəraitdə 2020-ci ildə bir uşağa 150 manat təyin olunmuş alimentlə uşağın artan tələbatlarını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Hazırkı halda aliment məbləğinin indeksasiyası dedikdə, alimetin hər hansı məbləğdə artırılması deyil, istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə ölkə üzrə minumum əmək haqqına uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməklə xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-1972/2020 saylı qətnaməsi əsasında tutulan 150 manat müəyyən edilmiş aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində aliment Maraqlı şəxs Niyazi oğlundan tutularaq X5 ödənilməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-1972/2020 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Niyazi oğlundan tutulan 150 manat sabit pul məbləğində alimentin məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində aliment Maraqlı şəxs Niyazi oğlundan tutularaq X5 ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №8(067)-690/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-690/2025
31.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver