Məhkəmə qərarları › İş №8(067)-704/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-704/2025

27.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-704/2025 27.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 iştirakı ilə, X1 aliment məbləğinin indeksasiyasına dair ərizəsi üzrə mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İcra sənədi üzrə tələbkar X9 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(067)-89/2022 saylı qətnaməsinə əsasən uşaqları- xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs hər ay hər bir uşaq üçün tutulan 150 manat sabit pul məbləğində alimentin məbləğinin indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə tələbkar- X2 və icra sənədi üzrə borclu- Maraqlı şəxs iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəməyə gəlməmişlər. X3 məhkəməyə poçt vasitəsilə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə icra sənədi üzrə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 ərizəsini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(067)-89/2022 saylı qətnaməsinə əsasən Maraqlı şəxs ilə aralarındakı rəsmi nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü Nəzərov İsmayıl oğlu və 24.11,2014-cü il təvəllüdlü X12 onun himayəsində saxlanılmış və xx.xx.2012-ci il təvəllüdlü Nəzərov İsmayıl oğlunun və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10 iyun 2021-ci il tarixdən başlayaraq Maraqlı şəxs hər ay hər uşaq üçün 150 manat sabit pul şəklində aliment alınaraq ona verilməsi qət edilmişdir. Bundan sonra Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(105)-2253/2022 saylı qətnaməsi ilə onun şikayəti qismən təmin edilərək, Xaçmaz rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(067)-89/2022 saylı qətnaməsi alimentin 10 iyun 2021-ci il tarixdən başlayaraq tutulması hissəsində dəyişdirilmiş və alimentin tutulma vaxtı qətnamənin qəbul edilmə tarixindən müəyyən edilmiş, qətnamə qalan hissədə, yəni xx.xx.2012-ci il təvəllüdlü Nəzərov İsmayıl oğlunun və 24.11,2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 150 manat sabit pul şəklində alimentin alınaraq ona verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Lakin, hər il ölkədə yaşayış minimum məbləğinin artması nəzərə alınsa, cavabdeh tərəfindən birgə nikahdan olan övladlarının saxlanılması üçün ödənilən aliment məbləği onların artan sosial və digər xərcləri üçün kifayət etmir. Hal-hazırda övladlarını təkbaşına böyüdür və maddi imkanı buna yetmədiyinə görə onların artan xərclərini ödəməkdə çətinlik çəkir. Aliment miqdarının indeksasiya edilməsinin övladlarının ildən-ilə artan xərclərinin qarşılamasında müəyyən qədər kömək edəcəyini düşünür. Xaçmaz rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(067)-89/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin 25 noyabr 2022ci il tarixli, 2(105)-2253/2022 saylı qətnaməsi ilə qüvvədə qalan, sabit pul şəklində müəyyən edilən aliment məbləğinin ölkə üzrə müəyyən olunan minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun hesablanmasının övladlarının kifayət qədər yaxşı yetişməsi, gələcəyi və mənafeyi üçün vacib olduğu qənaətindədir. Yuxarıda qeyd etdiyim səbələrə görə məhkəməyə hazırki ərizə ilə müraciət etnişdir. Məhkəmə aliment məbləğinin indeksasiyasına dair ərizə ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar: -Xaçmaz rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(067)-89/2022 saylı qətnaməsinin surətindən görünür ki, məhkəmənin qeyd olunan qətnaməsinə əsasən Maraqlı şəxs X4 xeyrinə birgə nikahdan doğulmuş uşaqları- xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 150 manat miqdarında alimentin tutulması qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(105)-2253/2022 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs Xaçmaz rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(067)-89/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə onun şikayəti qismən təmin edilərək, Xaçmaz rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(067)-89/2022 saylı qətnaməsi alimentin 10 iyun 2021-ci il tarixdən başlayaraq tutulması hissəsində dəyişdirilmiş və alimentin tutulma vaxtı qətnamənin qəbul edilmə tarixindən müəyyən edilmiş, qətnamə qalan hissədə, yəni xx.xx.2012-ci il təvəllüdlü Nəzərov İsmayıl oğlunun və 24.11,2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 150 manat sabit pul şəklində alimentin alınaraq X7 verilməsinə dair hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin Ailə, uşaqlar və dövlət İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının : 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maaddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 8.4-2 bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). İş materiallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 avqust 2022-ci il tarixli, 2(067)-89/2022 saylı qətnaməsi ilə Maraqlı şəxs X4 xeyrinə birgə nikahdan doğulmuş uşaqları- xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Minimum aylıq əmək haqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin yanvar ayının 01-dən qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən 2022-ci il üçün minimum aylıq əməkhaqqının məbləği 300 manat müəyyən edilmişdir. Sözügedən Sərəncam 2023-cü yanvar ayının 01-dək qüvvədə qalmışdır. Yəni, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilərkən, ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 300 manat olmuşdur. Məhkəmə yuxarıda qeyd edilən normalara əsaslanaraq hesab edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi qət edilən zaman ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin cari il üzrə artımı alimentin miqdarının indeksasiyası üçün yeganə meyar kimi qəbul edilməlidir. Hazırkı şəraitdə 2022-ci ildə hər bir uşağa 150 manat təyin olunmuş alimentlə uşaqların artan tələbatlarını ödəmək və onların əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda, uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Hazırkı halda aliment məbləğinin indeksasiyası dedikdə, alimetin hər hansı məbləğdə artırılması deyil, istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə ölkə üzrə minumum əmək haqqına uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməklə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Xaçmaz rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(067)-89/2022 saylı qətnaməsi əsasında hər bir uşaq üçün 150 manat məbləğində müəyyən edilərək tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlamaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər bir uşaq üçün 0.5 misli həddində sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq X7 ödənilməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 avqust 2022-ci il tarixli, 2(067)-89/2022 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində tutulması qət edilmiş aliment məbləği indeksasiya olunaraq Maraqlı şəxs sonrakı artımlar nəzərə alınmaqla və qərardad qanuni qüvvəsini aldığı tarixdən başlamaqla, hər ay hər bir uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq X4 xeyrinə ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar