Məhkəmə qərarları › İş №8(068)-4/2025

Xızı Rayon Məhkəməsi Qərardad — İş №8(068)-4/2025

22.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 8(068)-4/2025 22.01.2025 XIZI RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Tələbkar Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Maraqlı şəxs 8İ-2778 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “icra sənədinin qaytarılması haqqında" xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs 8İ-2778 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “icra sənədinin qaytarılması haqqında" xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon dövlət notariat ofisi tərəfindən Borclu barəsində 8İ-2778 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən borcludan cəmiyyətin xeyrinə ümumilikdə 130 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Maraqlı şəxs (bundan sonra' “Şöbə”) icraatına daxil olmuş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Qanun”) 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Aşağıdakı səbəblərə görə hesab olunur ki, Şöbənin icra sənədinin qaytarılması haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, Qanunun 23.1, 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5- ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Şöbənin icra məmuru qərarını onunla əsaslandırıb ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Bununla bağlı ilk olaraq bildiririlir ki, qanunvericiliyə zidd olaraq borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmişdir. Bundan başqa, Qanunun 23.1.3-cü maddəsinin tələblərinə əsasən icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş və Qərarda görülmüş bütün tədbirlərin nəticə verilmədiyi qeyd olunmamışdır. Halbuki qanunvericiliyə görə, icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra qeydini tələbkara qaytara bilər. Ümumilikdə isə demək olar ki, bu icra işi üzrə icra məmurun fəaliyyəti yalnız kabinetdən müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. İcra tədbirləri yalnız şablon üzrə sorğuların göndərilməsindən (ümumi məlumat sisteminə daxil olmasından) ibarət deyildir. Nəzərə almaq lazımdır ki, borc məbləği nə 10.000 manat, nə də ki, 1.000 manatdır. İcra məmuru üçün borcludan borc məbləğinin hissə-hissə belə tutulması mümkünsüz işə çevrilmişdir. Yəni borcludan tutulmalı olan məbləğin cəmi 130 manat təşkil etdiyini nəzərə alaraq hesab edirik ki, uzun müddətdə icra məmuru tərəfindən həmin məbləğin heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil. Eyni zamanda, borclunun gəlirlərinin nədən ibarət olması digər məlumatlarla yanaşı borclunun izahatı əsasında məşğuliyyəti, qazanc mənbəyi barədə verilmiş məlumatlardan, bu məlumatlar əsasında icra sənədinin icra edilməməsinin üzrlü və ya üzrsüz səbəbdən baş verməsi müəyyən oluna bilər. Digər tərəfdən gəlirlərinin olmaması qənaətinə gəlmək üçün ən azından borclu tam əmək qabiliyyətsiz olaraq pensiya, təqaüd almaq imkanından da məhrum olmalıdır. Lakin nə icra sənədinin qaytarılması haqqında qərarda borclunun izahatının alınması göstərilməmiş, nədə ki icra məmuru tərəfindən qeyd edilən halların müəyyən edilməsini təsdiq edən sübutlar iş materiallarında yoxdur. Qeyd edilən halların müəyyən edilməməsi isə belə bir nəticəyə gəlməyə əsas verir ki, icra məmuru tərəfindən borclunun gəlirlərinin axtarışı ilə bağlı lazımi bütün tədbirlər görülməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi və tələbkar (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, həmin şəxslərin iştirakları olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarında olan Siyəzən rayon dövlət notariat ofisinin 27 dekabr 2023-cü il tarixli, 8İ-2778 nömrəli icra qeydinə əsasən, ünvan 1 ünvanında yerləşən Bank Olmayan Kredit X1 Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) xeyrinə Xızı rayonu, Altıağac qəsəbəsi ünvanında qeydiyyatda olan Borclu (AA*******, xx.xx.2020 – Asan 1; FİN: xxxxxxx; d/t: xx.xx.1989) **********7 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 57 manat 50 qəpik (əlli yeddi manat əlli qəpik) tutulmalı, bundan əlavə borcludan Borclu 47 manat 50 qəpik (qırx yeddi manat əlli qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 130 manat 00 qəpik (yüz otuz manat sıfır qəpik) pul tutulmalıdır. İş materiallarında olan Maraqlı şəxs icra məmuru İsmayıl Babayevin “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Siyəzən rayon dövlət notariat ofisi tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli, 8İ-2778 nömrəli icra sənədi geri qaytarılmışdır. Məhkəmə, təqdim edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, icra məmurunun “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Maraqlı şəxs icra məmuru İsmayıl Babayevin “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Siyəzən rayon dövlət notariat ofisi tərəfindən verilmiş 28 dekabr 2023-cü il tarixli, 8İ-2778 nömrəli icra sənədinin geri qaytarılması qərara alınmışdır. Halbuki həmin icra işi Siyəzən rayon dövlət notariat ofisinin 27 dekabr 2023-cü il tarixli, 8İ-2778 nömrəli icra qeydinə əsasən açılmışdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilir ki, icra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra - məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. (“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.1, 8.2 və 9.1 maddələri). «İcra haqqında» Azərbayan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: «İcra haqqında» Azərbayan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbkarın ərizəsi əsasında; 23.1.2-ci maddəsinə əsasən borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4-cü maddəsinə əsasən tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5-ci maddəsinə əsasən tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Beləliklə, məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsində icra edilməyən və ya qismən icra edilən icra sənədinin hansı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqanlara qaytarılması dəqiq ifadə olunmuşdur. Lakin icra sənədinin qaytarılması haqqında qərarın qəbulunu zəruri edən faktiki şərtlərin yaranması üçün icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində qanunla müəyyən edilmiş bütün zəruri tədbirlər həyata keçirilməli və yalnız bu tədbirlər nəticə vermədikdə icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Ona görə də məhkəmə hesab edir ki, sözügedən icra sənədinin icrası üçün davamlı tədbirlər görülməmiş, icra sənədinin icrasını mümkünsüz edən halların mövcudluğu araşdırılmamışdır. «İcra haqqında» Azərbayan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Məhkəmə araşdırması zamanı borclunun iqtidarsızlıq məsələləri tam araşdırılmadığı müəyyən olunmuşdur. Belə ki, icra qeydi üzrə icra məmuru tərəfindən borcluda tələbin yönəldilə biləcəyi əmlakın olmaması barədə müvafiq akt tərtib edilsə də, həmin aktda borclunun yaşadığı hansı ünvana baxış keçirilməsi və baxışda iştirak edən hal şahidlərin anket məlumatları göstərilməmiş, ən əsası isə həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmamış, eləcə də bu barədə tələbkara məlumat verilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borc məbləğinin cəmi 130 manat təşkil etdiyini nəzərə alaraq uzun müddətdə icra məmuru tərəfindən həmin məbləğin heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyildir. Eyni zamanda, borclunun gəlirlərinin nədən ibarət olması digər məlumatlarla yanaşı borclunun izahatı əsasında məşğuliyyəti, qazanc mənbəyi barədə verilmiş məlumatlardan, bu məlumatlar əsasında icra sənədinin icra edilməməsinin üzrlü və ya üzrsüz səbəbdən baş verməsi müəyyən oluna bilərdi. Digər tərəfdən gəlirlərinin olmaması qənaətinə gəlmək üçün ən azından borclu tam əmək qabiliyyətsiz olaraq pensiya, təqaüd almaq imkanından da məhrum olmalıdır. Lakin icra sənədinin qaytarılması haqqında qərarda borclunun izahatının alınması göstərilməmiş, eləcə də icra məmuru tərəfindən qeyd edilən halların müəyyən edilməsini təsdiq edən sübutlar icra işində yoxdur. Qeyd edilən halların müəyyən edilməməsi isə belə bir nəticəyə gəlməyə əsas verir ki, icra məmuru tərəfindən borclunun gəlirlərinin axtarışı ilə bağlı lazımi bütün tədbirlər görülməmiş, müvafiq qurumlara sorğular verilməmişdir. «İcra Haqqında» Azərbayan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və icra sənədinin tam icra edilməsi istiqamətində icra tədbirlərinin davam etdirilməsi üçün Siyəzən rayon Notariat ofisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icra qeydi və əlavə edilmiş icraat materialları Maraqlı şəxsnə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Maraqlı şəxs icra məmuru İsmayıl Babayevin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və icra sənədinin icra edilməsi istiqamətində icra tədbirlərinin davam etdirilməsi üçün Siyəzən rayon dövlət notariat ofisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 8İ-2778 saylı icra qeydi və əlavə edilmiş icraat materialları Maraqlı şəxsnə geri qaytarılsın. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar