Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № 8(069)-1/2025 10.02.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Hüseynov Zəki Əyyub oğluna qarşı “mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 11 sentyabr 2024-cu il tarixli, e-2(069)- 168/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə cavabdeh Hüseynov Zəki Əyyub oğlu tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, Hüseynov Zəki Əyyub oğlundan 720 manat sığorta ödənişi məbləği və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhimdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(069)-168/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Hüseynov Zəki Əyyub oğlundan sığorta ödənişi məbləği üzrə 720 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2(106)- 1837/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(069)-168/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Hüseynov Zəki Əyyub oğlu ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Xocavənd Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(069)- 168/2024 saylı qətnaməsinə əsasən ondan 720 (yeddi yüz iyirmi) manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Lakin ailə vəziyyəti çətin olduğu üçün Xocavənd Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(069)-168/2024-cü il saylı qətnaməsində göstərilən məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur. Belə ki, "xxxx" ASCdə təmirçi- çilingər vəzifəsində işləyir və ailəsi onun himayəsindədir. Həmçinin "xxxx" ASCyə hər ay 330 manat məbləğində kredit ödənişi edir. Eyni zamanda o, “şəkərli deabet” xəstəliyindən əziyyət çəkir və başqa yerdən gəliri yoxdur. Bundan başqa adına qiymətli əşya və sair əmlaklar olmadığından qətnamədə göstərilən məbləği bir dəfəyə ödəməyə imkanım yoxdur. Borcunu hissə-hissə olmaqla, yəni ayda 50 manat ödəyə bilər. Ona görə də, maddi və ailə vəziyyətini nəzərə alaraq, Xocavənd Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(069)-168/2024 saylı qətnaməsinin ayda 50 manat ödənilməklə hissəhissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X1 elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, 8(069)-1/2025 saylı mülki iş üzrə 10 fevral 2025-ci il tarixli məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və borclu Hüseynov Zəki Əyyub oğlunun ərizəsinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan icra vərəqəsindən görünür ki, Xocavənd Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(069)-168/2024-cü il saylı icra vərəqəsi elektron məhkəmə sistemi vasitəsi ilə 28 yanvar 2025-ci il tarixdə icraya yönəldilmişdir. İş materiallarında elektron icra sistemindən edilmiş çıxarışdan görünür ki, Xocavənd Rayon Məhkəməsinin e-2(069)-168/2024-cü il saylı, 11 sentyabr 2024-cü il tarixli icra sənədi Beyləqan rayon İcra və Probasiya Şöbəsi tərəfindən e27572/2025-48-0 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AA6133879 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynov Zəki Əyyub oğlu (fərdi identifikasiya nömrəsi 1AWTLCS) xx.xx.1974-cü ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Məcburi Köçkünlər İşlər üzrə Dövlət komitəsi Mingəçevir şəhər bölməsinin xx.xx.2024-cü il tarixli, 699 saylı arayışından görünür ki, Xocavənd rayonundan köçkün düşmüş Hüseynov X2 şəhəri, N.Rəfibəyli küçəsi ev 4A, mənzil 17 ünvanında müvəqqəti qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 2-ci hissəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinn 3-cü bəndinin tələbinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibət bildirilərək təsbit edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmənin bu mülahizələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndinə əsasən, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəllənin 432.1-ci maddəsinə əsasən, əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissəhissə icrası). Tələbkar "xxxx" ASC-nin isə qətnamənin hissə-hissə icra edilməsinə razılığı müəyyən olunmur. Göründüyü kimi Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək hər bir dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir. Yuxarıda qeyl olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Hüseynov Zəki Əyyub oğlu məhkəmə qətnaməsinin icra edilməsinə süni şəkildə maneələr yaradır ki, bu da son nəticədə məhkəmə qətnaməsinin icrasını mümkünsüz edir. Habelə mövcud ərizə tələbi dolayı yolla məhkəmə qətnaməsinin icrasından yayınma xarakteri daşıyır. Ona görə də, cavabdeh Hüseynov Zəki Əyyub oğlunun məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilməsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Hüseynov Zəki Əyyub oğluna qarşı “mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 11 sentyabr 2024-cu il tarixli, e-2(069)-168/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə cavabdeh Hüseynov Zəki Əyyub oğlunun ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Xocavənd Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №8(069)-1/2025
Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №8(069)-1/2025
10.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver