Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № 8(069)-2/2025 17.09.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Tələbkar iştirakı ilə, İddiaçı Tələbkar cavabdeh İsmayılova (Bağırova) Fatimə İbrahim qızına qarşı “uşaqla ünsiyyətdə olmaq” tələbinə dair mülki iş üzrə Tələbkar Xocavənd Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2(069)-11/2024 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Tələbkar məhkəmədə iddia qaldıraraq, 27 avqust 2021-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar və çərşənbə günü saat 10:00-dan - 20:00-a qədər, eyni zamanda Novruz və Yeni il bayram günlərində ardıcıl olaraq iki gün onun yanında qalmaqla, ünsiyyətdə olmaq (görüş) hüququnun anası Borclu iştirakı olmadan təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2(069)-11/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Tələbkar 2021-ci il avqustun 27-də anadan olmuş X2 ilə hər həftənin şənbə günü saat 13:00-dan 16:00-dək görüşüb ünsiyyətdə olması müəyyən edilmiş, cavabdeh İsmayılova (Bağırova) Fatimə İbrahim qızı tərəfindən iddiaçının uşağı ilə görüşməsinə şərait yaradılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tələbkar uşaqla ünsiyyətdə olma hüququnun artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə doğulmuş oğlu X2 ilə görüşüb ünsiyyətdə olmağına dair Xocavənd Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2(069)-11/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət hüququnun icra üsulunun və qaydasının dəyişdirilərək, xx.xx.2021-ci il təvəllüdlü X2 ilə onun hər həftənin şənbə və bazar günləri səhər 10:00-dan 19:00-a kimi, tətil və bayram günlərində ananın iştirakı olmadan onunla ünsiyyətdə olma hüququnun verilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(069)-11/2024 saylı qətnaməsinə əsasən, onun iddia tələbi qismən təmin edilərək, 27 avqust 2021-ci il tarixdə doğulmuş X2 ilə hər həftənin şənbə günü saat 13:00-dan 16:00-dək görüşüb ünsiyyətdə olması müəyyən edilmişdir. Hazırda övladı ilə görüş hüququnun artırılmasından ötrü yenidən məhkəməyə müraciət etmişdir. Belə ki, oğlu İbrahim ilə cavabdeh Borclu yanında cəmi 3 saat görüşə bilir və görüş zamanı oğlu İbrahim ilə normal vaxt keçirə bilmir. Belə ki, Borclu ilə aralarında olan kinli münasibətlər olduğu üçün 3 saat görüş vaxtının demək olar ki, yarısı Borclu ilə aralarında olan söz-söhbət və mübahisələrə sərf olunur. O, dəfələrlə icra şöbəsində oğlu ilə görüş keçirən zaman hiss etmişdir ki, orada olmaq oğlunun psixoloji vəziyyətinə mənfi təsir göstərir. Ana yanlarında görüş zamanı səs-küy salır və oğlunun 4 yaşı olmasına baxmayaraq, cavabdeh tərəfin evində olan söz-söhbətlərindən tam danışa bilmir. O, dəfələrlə bildirmişdir ki, İbrahimin nitqi üçün həkimə müraciət olunmalıdır. Lakin qarşı tərəf onun müraciətinə məhəl verməmişdir. Həmçinin ananın iştirakı ilə uşaqla parkda yada ki, müxtəlif hava şəraitində görüşdükdə uşağın tez-tez xəstələnməsinə gətirib çıxarır. Övladı ilə normal görüşə bilmir və onun bu hüquqlarına Borclu tərəfindən ciddi şəkildə maneələr yaradılır. Ona görə də, xx.xx.2021-ci il tarixdə doğulmuş oğlu X2 ilə görüşüb ünsiyyətdə olmağına dair Xocavənd Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2(069)-11/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət hüququnun icra üsulunun və qaydasının dəyişdirilərək, xx.xx.2021-ci il təvəllüdlü X2 ilə onun hər həftənin şənbə və bazar günləri səhər 10:00-dan 19:00-a kimi, tətil və bayram günlərində ananın iştirakı olmadan onunla ünsiyyətdə olma hüququnun verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Borclu İsmayılova (Bağırova) Fatimə İbrahim qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, ərizəyə İsmayılova (Bağırova) Fatimə İbrahim qızının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə, Tələbkar izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elgiz Rzayev tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elgiz Rzayev tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Xocavənd Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2(069)-11/2024 saylı icra sənədi icra olunması üçün Abşeron İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Xocavənd Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2(069)-11/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Tələbkar 2021-ci il avqustun 27-də anadan olmuş X2 ilə hər həftənin şənbə günü saat 13:00-dan 16:00-dək görüşüb ünsiyyətdə olması müəyyən edilmiş, cavabdeh İsmayılova (Bağırova) Fatimə İbrahim qızı tərəfindən iddiaçının uşağı ilə görüşməsinə şərait yaradılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən uşağın mənafeyini, yaşayış tərzini və şəraitini, yaşını, habelə müvafiq icra hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasının rəyini nəzərə almışdır. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Göründüyü kimi Tələbkar ərizəsində göstərdiyi hazırki tələblə bağlı məhkəmədə iddia qaldırmış və Xocavənd Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2(069)-11/2024 saylı qətnaməsi ilə iddia tələbi həmin hissədə təmin edilməmişdir. Eyni zamanda məhkəmə qətnamə qəbul edərkən X1 üç yaşı olmuş və hazırda uşağın dörd yaşı vardır. Bundan başqa, uşaq azyaşlı olduğundan uzunmüddətli, yəni gecə də qalmaq şərti ilə görüşün verilməsi uşağın sağlamlığı ilə bağlı məsələlərin həllində onun mənafeyinə zidd olan hallarla nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1-ci maddəsinin tələbinə görə, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli qərarının 1-ci bəndinin 2-ci hissəsində məhkəmələrə tövsiyyə etmişdir ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Bundan başqa, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” qərarına əsasən, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. Məhkəmə qanunvericiliyin, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeni təhlil edərək, qeyd etməyi zəruri hesab edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Belə ki, onlar uşağın sağlam böyüməsi, tərbiyə edilməsi, inkişaf etməsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi ilə bağlı eyni vəzifələr daşıyır, həmçinin uşaqla ünsiyyətdə olmaq və onların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdirlər. Valideynin ondan ayrı yaşayan uşaqla ünsiyyətdə olma hüququ onların arasında bir-birinə mənəvi bağlılığın qorunmasına və daha da güclənməsinə xidmət etməklə yanaşı, bu ünsiyyət uşağa mənəvi dayaq olmaqla onun fiziki və əqli inkişafına, tərbiyəsi və əxlaqına təsir edən mühüm amillərdən biridir. Buna görə uşaqla ünsiyyətdə olmaq üçün yetərli bir vaxtın müəyyən edilməsi uşaqdan ayrı yaşayan valideynin uşaqla ünsiyyətdə olmaqla bağlı pozulmuş hüququnun bərpa edilməsi ilə yanaşı, ünsiyyətdə olan uşağın da üstün maraqlarının qorunmasına xidmət edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231 və 231.1-ci maddələrinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, ərizəçi Tələbkar tərəfindən xx.xx.2021-ci il təvəllüdlü X2 ilə onun hər həftənin şənbə və bazar günləri səhər 10:00-dan 19:00-a kimi, tətil və bayram günlərində ananın iştirakı olmadan onunla ünsiyyətdə olma hüququnun verilməsi ilə əlaqədar şəraitin dəyişməsinə dair məhkəməyə mötəbər sübut təqdim olunmadığından, Xocavənd Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2(069)-11/2024 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi məqsədəuyğun deyildir, ona görə də ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı Tələbkar cavabdeh İsmayılova (Bağırova) Fatimə İbrahim qızına qarşı “uşaqla ünsiyyətdə olmaq” tələbinə dair mülki iş üzrə Tələbkar Xocavənd Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2(069)-11/2024 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Xocavənd Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №8(069)-2/2025
Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №8(069)-2/2025
17.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver