Məhkəmə qərarları › İş №8(070)-11/2025

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-11/2025

19.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-11/2025 19.08.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Xocalı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(070)-150/2014 nömrəli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən ona ödənilməyən 504 manat məbləğin indeksləşdirilərək 2014-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək 202,9 faiz artımı (504 manat x 202,9 % = 1022,61 manat) nəzərə alaraq, cəmi 1526,61 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xocalı Rayon Məhkəməsinin 2(070)-150/2014 nömrəli, xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən borclular Borclu1 və Borclu2 cəmi 504 manat məbləğində pulun müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini alması və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər, o, həmin pulu başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin borcluların məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə o, həmin pulu dəyərləndirə bilməmişdir. Odur ki, məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan 504 manat məbləğ inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Hesab edir ki, Xocalı Rayon Məhkəməsinin 2(070)-150/2014 nömrəli, xx.xx.2014-cü il tarixli əmri ilə müəyyən edilmiş 504 manat məbləğ indeksləşdirilərək, 2014-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək 202,9 faiz artımı (504 manat x 202,9 % = 1022,61 manat) nəzərə alaraq, cəmi 1526,61 manat istehlak qiymətlərinin indeksinə uyğun olaraq həyata keçirilməlidir. Ərizəyə baxılması barədə Maraqlı şəxsnə, Tələbkar, borclular Borclu1 və Borclu2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar (nümayəndəsi) məhkəmə iclasına gəlməmişlər. Tələbkar xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iş çoxluğu ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, zəruri sənədləri ərizəyə əlavə etdiyini qeyd etmiş və işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 232.2-ci maddəsinə əsasən ərizəyə Maraqlı şəxs nümayəndəsinin, Tələbkar, borclular Borclu1 və Borclu2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocalı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(070)-150/2014 nömrəli məhkəmə əmrindən görünür ki, borclular Borclu1 və Borclu2 müştərək qaydada 483 manat məbləğində əsas borc və 21 manat dövlət rüsumu, ümumilikdə isə 504 manat pulun tutularaq kreditor Tələbkar verilməsi əmr edilmişdir; Xocalı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(070)-150/2014 nömrəli məktubundan görünür ki, Xocalı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(070)- 150/2014 nömrəli məhkəmə əmri icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir; “İcraata başlamaq haqqında” xx.xx.2014-cü il tarixli qərardan görünür ki, Xocalı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(070)-150/2014 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 2025-ci il 17 iyun tarixli Qərarına əsasən: - MPM-in 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər; - Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər; - Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir; - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə uyğun olaraq, müqavilə üzrə pul öhdəliyinin xarici valyutada icra edilməli olmasının şərtləndirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi istisna edilir. Xarici valyuta ilə irəli sürülən pul tələbi ilə bağlı iddialara baxılması nəticəsində alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunduğu halda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indekssiyasının həyata keçirilməsi mümkün hesab edilməlidir. MPM-in: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, indeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqla məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasından irəli gəlir. Məhkəmə qeyd edir ki, Xocalı Rayon Məhkəməsinin 05 sentyabr 2014-cü il tarixli, 2(070)-150/2014 nömrəli əmrinə əsasən Borclu1 və Borclu2 müştərək qaydada 483 manat əsas borc və 21 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 504 manat pul tutularaq Tələbkar ödənilməlidir. Sözügedən əmr 2014-cü ilin sentyabr ayında icra olunması üçün Bakı şəhəri Ysamal rayon İcra şöbəsinə göndərilmiş və şöbə tərəfindən xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Hazırda Tələbkar ödənilməli olan 504 manat məbləğin 2014-cü ilin noyabr ayından 2025-ci ilin aprel ayınadək indeksasiyasının həyata keçirilməsini xahiş edir. Məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet saytında yerləşdirilmiş “İstehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator” vasitəsi ilə müvafiq hesablama aparılmış və müəyyən olunmuşdur ki, 2025-ci ildə aprel ayında 2014-cü ilin noyabr ayına nisbətən istehlak qiymətləri indeksi 202,9 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2 dəfə artmışdır. Odur ki, 504 manat məbləğində pulun indeksləşdirilməsi aşağıdakı qaydada həyata keçirilməlidir: 504 manat x 202,9% = 1022,61 manat. Qeyd olunanlara əsasən və MPM-in 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Xocalı Rayon Məhkəməsinin 05 sentyabr 2014-cü il tarixli, 2(070)-150/2014 nömrəli məhkəmə əmri ilə ödənilməli olan 504 manat məbləğin 2014-cü ilin noyabr ayından 2025ci ilin aprel ayınadək olan müddət üçün indeksasiyası həyata keçirilsin. İndeksasiya əsasında müəyyən edilmiş 1022,61 manat vəsait borclular Borclu1 və Borclu2 müştərək qaydada tutularaq Tələbkar ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar