Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-12/2025 23.09.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, Tələbkar “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Borclu ilə birgə nikahlarından doğulmuş 07 oktyabr 2022-ci il təvəllüdlü Ələkbərova Hicran Orxan qızının saxlanılması üçün aliment məbləğinin indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Borclu ilə 2021-ci il tarixdə ailə həyatı qurmuşlar. Onların faktiki nikahlarından 07 oktyabr 2022-ci il təvəllüdlü Ələkbərova Hicran Orxan qızı dünyaya gəlmişdir. Cavabdeh Borclu ilə aralarında daima narazılıqlar olmuşdur. Bu səbəbdən cavabdehlə aralarında olan nikah münasibətinə son qoyulmuşdur. Xocalı Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(070)-175/2023 nömrəli qətnaməsi ilə cavabdeh Borclu 18 may 2023-cü il tarixdən başlayaraq 07 oktyabr 2022-ci il tarixdə doğulmuş Ələkbərova Hicran Orxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda məhkəmə tərəfindən müəyyən edilmiş aliment uşağın saxlanılması üçün kifayət etmir. Bu səbəbdən alimentin indeksasiya edilməsinə ehtiyac vardır. Hazırda azyaşlı uşağı ilə birlikdə maddi çətinlik çəkir. Tələbkar və borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Tələbkarın nümayəndəsi (anası) Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmədə üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 231.2-ci maddəsinə əsasən tələbkar və borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Xocalı Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(070)-175/2023 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Ələkbərova Hicran Orxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu 18 may 2023-cü il tarixdən hesablanmaqla hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir; Goranboy rayon icra və probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərardan görünür ki, Xocalı Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(070)-175/2023 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının: 8.4-1-ci bəndinə müvafiq olaraq Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); 8.4-2-ci bəndinə müvafiq olaraq Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Xocalı Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(070)-175/2023 nömrəli qətnaməsi əsasında Borclu 07 oktyabr 2022-ci il təvəllüdlü Ələkbərova Hicran Orxan qızının yetkinlik yaşına çatana kimi saxlanılmasına görə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tələbkarın xeyrinə tutulmaqdadır. Həmin məbləğ müəyyən edilərkən isə, yəni 2023-cü ildə Azərbaycan Respublikasında minimum əmək haqqı 345 manat həddində müəyyən edilmişdir. Belə ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli, 3708 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir (bu hissə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli, 419 nömrəli Sərəncamına əsasən ləğv edilmişdir). Odur ki, uşaq üçün müəyyən edilmiş 220 manat sabit pul məbləğində aliment 2023-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 mislini təşkil etmişdir. Beləliklə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmalı, indeksasiya olunmuş məbləğin tutulmasına qərardadın qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 232, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Xocalı Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(070)-175/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği indeksasiya olunsun. Qərardadın qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 07 oktyabr 2022-ci il təvəllüdlü Ələkbərova Hicran Orxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(070)-12/2025
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-12/2025
23.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver