Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-3/2024 08.04.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, Borclu, Maraqlı şəxs rəisi X3 iştirakı ilə, Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(070)-279/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(070)-279/2023 nömrəli qətnaməsi hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(070)-279/2023 nömrəli qətnaməsi ilə Borclu 3697.88 manat pulun alınaraq Tələbkar-yə verilməsi qət edilmişdir. Artıq qətnamə qanuni qüvvəyə minmiş və icra üçün Maraqlı şəxsnə göndərilmişdir. Onun ailə və əmlak vəziyyəti qətnamənin icrasına çətinlik törədir. Belə ki, özü heç yerdə işləmir, hər hansı gəliri, qazancı yoxdur. Ailə üzvlərindən də heç kəs işləmir. Yalnız arvadı əlilliyə görə təqaüd alır. Onunla çətinliklə dolanırlar. Məhkəmə iclasında Borclu ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hər ay 200 manat ödəməyə imkanı çatır. Onun əsas istəyi odur ki, iş üzrə digər borclu X2 əmək haqqında aparılan tutulmalar dayandırılsın. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs rəisi X5 bildirdi ki, Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(070)-279/2023 nömrəli qətnaməsinin icrası ilə bağlı iş üzrə borclu X1 oensiyasından 179.54 manat hər ay tutulmalar aparılır. Bundan başqa iş üzrə borclu X2 da əmək haqqında tutulmalar aparılmağa başlanmışdır. Qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı borclu tərəfindən verilmiş ərizə üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Tələbkar-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizəyə baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə, tələbkarın iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli, C.İsmayılzadənin şikayəti üzrə 6 iyun 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarları). Məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3cü maddəsinin müddəalarından çıxış edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus əmlak mövcud olmur və məhkəmə qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir. Lakin, iş materiallarında olan sübutlar əsasında bu qənaətə gəlmək mümkün deyildir. Belə ki, borclunun maddi və əmlak vəziyyətinin ağır olması, yəni onun adına əmlakların olmaması, əmək fəaliyyəti ilə məşğul olmaması, vergi ödəyicisi kimi qeydiyyata alınmaması və s. barədə sübutlar təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, prosessual qanunvericilikdə icra vərəqəsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, icra vərəqəsinin hissəhissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Borclu tutulmalı olan cəmi 3697.88 manat məbləğində borcun hissə-hissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində göstərilən ağlabatan müddətlərin pozulmasına səbəb ola bilər. Məhkəmə, borclu ilə yanaşı tələbkarın mənafeyini, həmçinin Borclu tərəfindən icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmasına dair sübutların təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(070)-279/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(070)-279/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(070)-3/2024
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-3/2024
08.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver