Məhkəmə qərarları › İş №8(070)-3/2025

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-3/2025

06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-3/2025 06.05.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, Tələbkar “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Xocalı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(070)-54/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü tarixdə o, Borclu ilə rəsmi nikaha daxil olmuşdur. Lakin sonra münasibətləri pozulmuş və nikahın pozulması üçün məhkəməyə müraciət olunmuşdur. Xocalı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(070)-54/2024 nömrəli qətnaməsi ilə iddiaçı Borclu ilə cavabdeh Tələbkar arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində 05 aprel 2014-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 311 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2016cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X8 anaları Tələbkar yanında saxlanılması, iddiaçı Borclu cavabdeh Tələbkar xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün alimentə dair ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Övladları xx.xx.2015ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları yalnız onun tərəfindən övladları üçün təşkil etmək onun üçün olduqca çətindir. Lakin, borclu Xocalı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(070)- 54/2024 nömrəli qətnaməsində qeyd olunmuş alimenti ödəməklə atalıq vəzifəsini və öhdəliyini icra etmiş hesab edir. Borclunun hazırda ödədiyi aliment məbləği ölkədə yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan yaşayış minimumdan çox aşağıdır. Borclu övladlarının normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər-hansı bir köməklik göstərmir. Övladlarının yetkinlik yaşına çatmaması nəzərə alınsa hazırda ödənilən aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Övladları elmi inkişafını yetişdirmək üçün ümumi orta təhsildən əlavə olaraq həmçinin xüsusi kurslara gedir. Bu səbəbdən də zamanla məsrəfləri artmağa başlayır. Bundan başqa 2025-ci il üzrə yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən edilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Ərizəçi Tələbkar xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və iştirakı olmadan işə baxılaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Xocalı Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(070)- 54/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Borclu cavabdeh X1 xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün alimentə dair ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının: 8.4-1-ci bəndinə müvafiq olaraq Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); 8.4-2-ci bəndinə müvafiq olaraq Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Xocalı Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(070)-54/2024 nömrəli qətnaməsi əsasında Borclu xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmalarına görə hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tələbkarın xeyrinə tutulmaqdadır. Həmin məbləğ müəyyən edilərkən isə, yəni 2024-cü ildə Azərbaycan Respublikasında minimum əmək haqqı 345 manat həddində müəyyən edilmişdir. Belə ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli, 3708 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir (bu hissə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli, 419 nömrəli Sərəncamına əsasən ləğv edilmişdir). Odur ki, bir uşaq üçün müəyyən edilmiş 220 manat sabit pul məbləğində aliment 2024-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 mislini təşkil etmişdir. Beləliklə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmalı, indeksasiya olunmuş məbləğin tutulmasına qərardadın qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 232, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Xocalı Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(070)-54/2024 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği indeksasiya olunsun. Qərardadın qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar