Məhkəmə qərarları › İş №8(070)-4/2025

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-4/2025

13.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-4/2025 13.05.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Tələbkar, Borclu, Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Tələbkar “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək 21 mart 2019-cu ildə anadan olmuş X3 və 01 aprel 2020-ci ildə anadan olmuş X1 üçün hər ay tutulan sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində imdeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xocalı Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(070)-83/2020 nömrəli qətnaməsi ilə Borclu, (ŞN AA 0763561, FİN: xxxxxxx) 21 mart 2019-cu ildə anadan olmuş X4 və 01 aprel 2020-ci ildə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş alimentin məbləğinin miqdarı uşaqların heç bir təlabatının ödənilməsinə yetərli deyil. Ərizəsinə əlavə etdiyi uşaqların doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, onlar hələ çox körpədirlər, valideyn qayğısına daha çox ehtiyacları var. O, uşaqları evdə tək qoyub işləyə də bilmir. Bundan başqa respublikada inflyasiya səbəbindən bazar qiymətləri hər gün artır. Cavabdeh isə uşaqların atası olduğunu elə bil unutmuşdur, bu təlabatları ödəməkdə ona heç bir köməklik etmir. Buna görə də o, hər ay tutulan sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Tələbkar ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırda uşaqların saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment müəyyən olunmuşdur. O, həmin məbləğin indeksasiya olunmasını xahiş edir. Borclu hər ay ümumilikdə 258 manat aliment ödəyir. Yekunda ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Borclu bildirdi ki, onun maaşında heç bir dəyişiklik yoxdur. Onun əmək haqqından hər ay 258 manat aliment tutularaq Tələbkar ödənilir. Buna dair müvafiq sənədləri məhkəməyə təqdim edərək ərizənin təmin olunmasına etiraz etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə bildirdi ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(104)-897/2023 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Ərizəçinin alimentin indeksasiyası ilə bağlı ərizəsinə dair qanuni qərarın qəbul edilməsinə etiraz etmir. İş materiallarında olan: Xocalı Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(070)-290/2022 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Xocalı Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli, 2(070)-83/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq cavabdeh Borclu hər ay hər uşağa 170 manat sabit pul məbləğində alimentin iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(104)-897/2023 nömrəli qətnaməsindən görünür ki, Xocalı Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(070)-290/2022 nömrəli qətnaməsi dəyişdirilmiş, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlamaqla, hər ay cavabdeh Borclu hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının: 8.4-1-ci bəndinə müvafiq olaraq Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); 8.4-2-ci bəndinə müvafiq olaraq Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(104)-897/2023 nömrəli qətnaməsi əsasında Borclu xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmalarına görə hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tələbkarın xeyrinə tutulmaqdadır. Həmin məbləğ müəyyən edilərkən isə, yəni 2023-cü ildə Azərbaycan Respublikasında minimum əmək haqqı 345 manat həddində müəyyən edilmişdir. Belə ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli, 3708 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir (bu hissə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli, 419 nömrəli Sərəncamına əsasən ləğv edilmişdir). Odur ki, bir uşaq üçün müəyyən edilmiş 150 manat sabit pul məbləğində aliment 2023-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,43 mislini təşkil etmişdir. Beləliklə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmalı, indeksasiya olunmuş məbləğin tutulmasına qərardadın qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 232, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(104)-897/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği indeksasiya olunsun. Qərardadın qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar