Məhkəmə qərarları › İş №8(070)-6/2025

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-6/2025

03.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-6/2025 03.06.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, Maraqlı şəxs tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayətlə məhkəməyə müraciət edərək Maraqlı şəxs tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs böyük icra məmuru X1 xx.xx.2025-ci il tarixində Xocalı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(070)-212/2016 nömrəli məhkəmə əmri üzrə “İcra sənədinin qaytarılması haqqında” qərar qəbul etmişdir. Hesab edirlər ki, Maraqlı şəxs böyük icra məmuru Gülmalı Əzizovun qərarı qanunsuz və əsassızdır. Belə ki, Xocalı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(070)-212/2016 nömrəli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 303,53 (üç yüz üç manat əlli üç qəpik) manat məbləğində pul vəsaitinin və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tələbkar "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixində "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna daxil olan məktubla məlum olmuşdur ki, Xocalı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(070)-212/2016 nömrəli icra sənədi xx.xx.2025-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. İcra məmuru sözügedən qərarı qəbul edən zaman sadəcə olaraq elektron sistem üzərindən borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması ilə kifayətlənmiş və icra qanunvericiliyin müəyyən etdiyi digər zəruri məcburi icra tədbirlərinin görülməsi istiqamətində icra addımı atmamışdır. Həmçinin icraat dövründə borclu şəxsdən icra sənədinin icrasına münasibətin öyrənilməsi məqsədi ilə izahat alınmamış, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yetirməyən borclu şəxsin inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilməmiş, eyni zamanda borclunun gələcəkdə ölkə hüdudlarını tərk etməsi məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələnəcəyini nəzərə alaraq borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi Maraqlı şəxs icra məmuru Gülmalı Əzizov “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edərək icra sənədinin qaytarılması haqqında qərar qəbul edərkən səhv qənaətə gəlmişdir. Sadəcə olaraq icra məmuru sözügedən qərarı qəbul etməklə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını mümkünsüz etmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, Maraqlı şəxs icra məmuru X3 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(070)-212/2016 nömrəli “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2025ci il tarixli qərarı ləğv edilməlidir. Şikayətə baxılması barədə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, borcluya və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyi barədə məhkəməyə məlumat verməmiş və şikayətə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, şikayətə borclunun, həmçinin ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun, Maraqlı şəxs nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocalı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(070)-212/2016 nömrəli məhkəmə əmrindən görünür ki, Borclu banka 25 sentyabr 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə 217,21 manat əsas borc, 86,32 manat faiz borcu olmaqla, ümumilikdə 303,53 manat məbləğində pul, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-yə verilməlidir; Maraqlı şəxs tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Xocalı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(070)-212/2016 nömrəli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən Xocalı Rayon Məhkəməsinə qaytarılmışdır; Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli “Akt”dan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə həmin tarixdə borclunun yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilmiş, lakin orada tələbin yönəldilə biləcəyi əmlak və ya qiymətli əşya aşkar olunmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməli, Maraqlı şəxs tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və icra sənədi yenidən icraya yönəldilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1 və 23.1.3-cü maddələrinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi onu vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun icra ilə əlaqədar vəzifələrinə aiddir. Qanunun tələbindən göründüyü kimi icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidir. Lakin, hazırki iş üzrə borclunun əmlaklarının olub-olmaması istiqamətində bütün tədbirlər görülməmiş (ümumi mülkiyyətdə olan payının müəyyən edilməsi və s.), müvafiq təşkilatlara sorğular verilməmiş, digər məcburi icra tədbirlərinin tətbiqi mümkünlüyü yoxlanılmamışdır. Qeyd olunanlara əsasən və MPM-in 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilsin. Maraqlı şəxs tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərar ləğv edilsin və icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar