Məhkəmə qərarları › İş №8(070)-8/2025

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-8/2025

12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-8/2025 12.06.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Tələbkar “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək 13 may 2017-ci il təvəllüdlü X1 üçün hər ay tutulan sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xocalı Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2(070)-184/2019 nömrəli qətnaməsinə əsasən 13 may 2017-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay sabit pul məbləğində 100 (yüz) manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bildirir ki, hazırda məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləğinin miqdarı heç bir təlabatının ödənilməsinə yetmir. Belə ki, artıq uşaq böyümüşdür, orta məktəbdə oxuyur, onun təlabatları da artmışdır. Bundan başqa respublikada inflyasiya və bazar qiymətləri hər gün artır. Cavabdeh isə bu təlabatları ödəməkdə ona heç bir köməklik etmir. Heç elə bil bu uşaq Borclu uşağı deyil. Buna görə də o, qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Tələbkar ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Borclu bildirdi ki, o, Xankəndi şəhər 1 nömrəli körpələr evində gözətçi işləyir və 398 manat əmək haqqı alır. Buna dair müvafiq çıxarışı da məhkəməyə təqdim etmişdir. Bundan başqa 120 manat olmaqla məcburi köçkünlər üçün ayrılmış müavinət alır. Onun əlavə gəliri yoxdur. Anası onkoloji xəstədir və onun müailəcəsinə kifayət qədər vəsait xərcləyir. Həmçinin o, evlidir və başqa uşağı vardır. 13 may 2017-ci təvəllüdlü X1 üçün müəyyən olunmuş 100 manat alimentdən əlavə ödəniş etməyə maddi imkanı yoxdur. Ərizənin təmin edilməsi alimentin artmasına səbəb olacaqdır. Buna görə də ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 231.2-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Xocalı Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2(070)-184/2019 nömrəli qətnaməsindən görünür ki, Xocalı Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 13 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 100 manat sabit pul məbləğində alimentin iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir; Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli iş yerinə dair arayışdan görünür ki, Məmmədov X3 şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında gözətçi işləyir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının: 8.4-1-ci bəndinə müvafiq olaraq Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); 8.4-2-ci bəndinə müvafiq olaraq Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Xocalı Rayon Məhkəməsinin 21 noyabr 2019cu il tarixli, 2(070)-184/2019 nömrəli qətnaməsi əsasında Borclu 13 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tələbkarın xeyrinə tutulmaqdadır. Həmin məbləğ müəyyən edilərkən isə, yəni 2019-cu il sentyabrın 1-dən Azərbaycan Respublikasında minimum əmək haqqı 250 manat həddində müəyyən edilmişdir. Belə ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli, 1265 nömrəli Sərəncamının 1 və 3-cü hissələrinə əsasən minimum aylıq əmək haqqının məbləği 2019-cu ilin sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir (sözügedən sərəncamın 1-ci hissəsi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 dekabr tarixli, 3051 nömrəli Sərəncamına əsasən ləğv edilmişdir). Odur ki, uşaq üçün müəyyən edilmiş 100 manat sabit pul məbləğində aliment 2019-cu il üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,4 mislini təşkil etmişdir. Beləliklə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya olunmalı, indeksasiya olunmuş məbləğin tutulmasına qərardadın qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 232, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Xocalı Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2(070)-184/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği indeksasiya olunsun. Qərardadın qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 13 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar