Məhkəmə qərarları › İş №8(071)-115/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-115/2025

23.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-115/2025 23.12.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-749/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ASC-nin mülkiyyətində olan daşınar əmlakın üzərinə həbs qoyulması barədə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Ramil Məmmədov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-749/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu ASC-dən 21.786,61 manat əsas borc, 800 manat cərimə və illik beş faizlə hesablanmış 453,88 manat gecikdirmə faizi olmaqla, cəmi 23.040,49 (iyirmi üç min qırx manat qırx doqquz qəpik) manat borc, vəkilə hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumuna görə 159,12 (yüz əlli doqquz manat on iki qəpik) manat pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Ramil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək Borclu ASC-nin mülkiyyətində olan “Avtokran” Zil 133 QYA markalı xüsusi təyinatlı, ** JG *** dövlət qeydiyyat nişanlı və “Oksigen Çəni” Kamaz 5320 markalı xüsusi təyinatlı, ** JE *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırlımışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-749/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu ASC-dən 21.786,61 manat əsas borc, 800 manat cərimə və illik beş faizlə hesablanmış 453,88 manat gecikdirmə faizi olmaqla cəmi 23.040,49 (iyirmi üç min qırx manat qırx doqquz qəpik) manat borc, vəkilə hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumuna görə 159,12 (yüz əlli doqquz manat on iki qəpik) manat pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə Borclu ASC-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” İnformasiya Sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclunun “Avtokran” Zil 133 QYA markalı xüsusi təyinatlı, ** JG *** dövlət qeydiyyat nişanlı və “Oksigen Çəni” Kamaz 5320 markalı xüsusi təyinatlı, ** JE *** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməsi zərurəti yaranmışdır. Odur ki, təqdimatın təmin edilməsi və sözügedən nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İcra sənədi üzrə borcluya, tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclunun, tələbkarın və təqdimat verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun, tələbkarın və təqdimat verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, icra işini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib işin hallarını obyektiv, hərtərəfli, tam və qərəzsiz araşdırıb tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verərək bu nəticəyə gəlir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-749/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ASC-nin mülkiyyətində olduğu qeyd edilən “Avtokran” Zil 133 QYA xüsusi təyinatlı markalı, ** JG *** dövlət qeydiyyat nişanlı və “Oksigen Çəni” Kamaz 5320 xüsusi təyinatlı markalı, ** JE *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə Hacıqabul Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Ramil Məmmədov tərəfindən verilmiş təqdimat əsassızdır və təmin edilə bilməz. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən Borclu ASC-nin əmlak məlumatları (mülkiyyətində olan yol-nəqliyyat vasitələri) sorğulanan zaman təqdimatda göstərilən və borclunun mülkiyyətində olduğu qeyd olunan “Avtokran” Zil 133 QYA xüsusi təyinatlı markalı, ** JG *** dövlət qeydiyyat nişanlı və “Oksigen Çəni” Kamaz 5320 xüsusi təyinatlı markalı, ** JE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin olması müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun əmlakı üzərinə həbs qoyulması yalnız sözügedən əmlakın borclunun mülkiyyətində olduğu halda yolveriləndir. Həmçinin, Borclu ASC-nin “Avtokran” Zil 133 QYA xüsusi təyinatlı markalı, ** JG *** dövlət qeydiyyat nişanlı və “Oksigen Çəni” Kamaz 5320 xüsusi təyinatlı markalı, ** JE *** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində sahiblik, istifadə və sərəncam hüququ olması “Elektron Məhkəmə” İnformasiya Sistemində müəyyən edilmir. Habelə, təqdimat vermiş orqanın nümayəndəsi əmlakın borclunun mülkiyyətində olmasını təsdiq mötəbər sübutları (“Elektron İcra” İnformasiya Sistemindən çıxarış, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, nəqliyyata sərəncam etibarnaməsi, Azərbaycan Respublikası DİN BDYP-nin arayışı və s.) məhkəməyə təqdim etməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya məhkəmə əmrinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirə salınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Odur ki, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimatın əsası olan “Avtokran” Zil 133 QYA xüsusi təyinatlı markalı, ** JG *** dövlət qeydiyyat nişanlı və “Oksigen Çəni” Kamaz 5320 xüsusi təyinatlı markalı, ** JE *** dövlət qeydiyyat nişanlı avtomobillər hazırda Borclu ASC-nin mülkiyyətində olmadığından, habelə həmin nəqliyyat vasitələrinin borclunun mülkiyyətində olması iş materialları ilə öz təsdiqini tapmadığından Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-749/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ASC-nin mülkiyyətində olan daşınar əmlakın üzərinə həbs qoyulması barədə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Ramil Məmmədov tərəfindən verilmiş təqdimat rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-749/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ASC-nin mülkiyyətində olduğu qeyd olunan daşınar əmlakın üzərinə həbs qoyulması barədə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Ramil Məmmədov tərəfindən verilmiş təqdimat rədd edilsin. Qərardaddan, qərardad rəsmi qaydada təqdim edildiyi tarixdən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar