Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-13/2025 25.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Borclu iştirakı ilə, Maraqlı şəxs “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2018-ci il tarixli qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Maraqlı şəxs xx.xx.2018-ci il tarixli qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-595/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri üzrə verilmiş icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Tələbkar "xxxx" ASC xx.xx.2025-ci il tarixdə həmin qərardan məhkəməyə şikayət verərək, icra məmurunun “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 595/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri üzrə verilmiş icra sənədinə əsasən Borclu ümumi 1013,95 manat məbləğində pul vəsaitinin tutularaq, tələbkar "xxxx" ASC-yə ödənilməsi müəyyən edilmişdir. Məhkəmə əmrinin icrasının təmin edilməsi üçün icra sənədi Maraqlı şəxsnə göndərilmişdir. Şöbənin icra məmuru xx.xx.2018-ci il tarixdə, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyini əsas gətirərək, “İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3cü maddəsini rəhbər tutaraq, icra edilməyən icra sənədinin qaytarılması haqqında müvafiq qərar qəbul etmişdir. Hesab edir ki, qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, şəxsin əmlakı olmasa belə, icra məmuru borcun ödənilməsi istiqamətində digər məcburi icra tədbirlərini görməli, borclunun nikahda olub-olmaması, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakının olub-olmaması barədə məlumatın əldə edilməsi üçün sorğular etməli, borclunun üçüncü səxslərdə olan pul vəsaitlərinin və digər əmlakının axtarılması üzrə tədbirlər görməli, bu barədə icra işinə mötəbər sübutlar əlavə etməlidir. Sözügedən qərarda borclunun mülkiyyətində hər hansı əmlakın olub-olmaması barədə aidiyyəti orqan və təşkilatlara sorğuların göndərilməsi göstərilsə də, həmin sorğular barədə sübut təqdim edilməmişdir. Buna görə də, icra məmurunun “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, borcunu qəbul edir və hissə-hissə ödəməyə hazırdır. Həmçinin verilmiş suallara əsasən əlavə olaraq bildirdi ki, o, "xxxx" MMC-də işləmiş, lakin hazırda iş yeri bağlanmışdır və əməkhaqqı almır. İcra sənədi üzrə tələbkara və qərarı qəbul edən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə tələbkar və qərarından şikayət verilən icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, ona əlavə edilmiş sənədləri və Hacıqabul Rayon Məhkəməsinin icraatında olmuş 2(071)-595/2015 saylı mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-595/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs tərəfindən qəbul edilmiş “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2018-ci il tarixli qərar ləğv edilməli və zəruri icra tədbirləri davam etdirilməlidir. Belə ki, məhkəmənin sorğusuna əsasən Maraqlı şəxsndən xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuş 39303/8-6 saylı məktubdan görünür ki, şöbənin arxivinə baxış keçirilmiş və arxivdə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-595/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə toplanmış icra işinin olmaması aşkar edilmişdir. Məhkəmənin arxivində olan mülki iş materiallarındakı Hacıqabul rayon Məhkəməsinin 2(071)-595/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrindən müəyyən edilir ki, Hacıqabul rayonu Atbulaq kəndində yaşayan Borclu Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə 679,79 manat əsas, 173,50 manat faiz və 170,66 manat cərimə olmaqla, cəmi 993,95 manat borcu və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Mülki iş materiallarında olan Hacıqabul rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli “icraata başlamaq haqqında” qərardan müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-595/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri icraata qəbul edilmiş və icra sənədinin icrasına başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar Borclu icra sənədinin könüllü icrası üçün 10 gün vaxt verilmiş və bu barədə ona bildiriş göndərilmişdir. Eyni zamanda “Elektron Məhkəmə” informasiya sistemi məlumatlarından müəyyən edilir ki, Borclu X1 ilə nikahda olmaqla 2 övladı vardır. Buna baxmayaraq, icra məmuru tərəfindən borclunun birgə mülkiyyətdə əmlakının olub-olmaması da araşdırılmamışdır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə görə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmadığı və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyi halda icra sənədini məhkəməyə qaytarmaq icra məmurunun vəzifəsi kimi nəzərdə tutulmuşdur. İcra sənədinin bu əsasla qaytarılması üçün icra məmuru “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan müvafiq akt tərtib etməli və həmin akt icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmaqla, bu barədə tələbkara məlumat verilməlidir. Qanunun tələbindən göründüyü kimi, bu halda məhkəmənin icraya nəzarət çərçivəsində hərəkətləri borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmamasına və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün mümkün tədbirlərin nəticə verməməsi ilə bağlı əsaslandırılmış aktın mövcudluğu, habelə bu haqda tələbkarın məlumatlandırıldığının yoxlanılması ilə məhdudlaşır. Hazırkı vəziyyətindən müəyyən edilir ki, Maraqlı şəxs “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun tələbini pozmaqla, yəni zəruri məcburi icra tədbirləri görülmədən, eləcə də xx.xx.2018-ci il tarixli “İcra sənədinin icrasının mümkün olmaması haqqında” Akt barədə tələbkarı məlumatlandırmadan əsassız olaraq eyni tarixdə icra sənədinin geri qaytarılması haqqında qərar qəbul etmişdir. Bundan başqa ümumiyyətlə icra işi şöbənin arxivində mövcud olmadığından hansı icra tədbirlərinin görülməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.3-cü maddəyə görə icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.7-ci maddəyə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 26-cı maddəyə görə İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 27.5-ci maddəyə əsasən borclu hüquqi şəxsin habelə borclu hüquqi və fiziki şəxslərin əmlakının axtarılması icra məmurları tərəfindən həyata keçirilir. 44.1-ci maddəyə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3-cü maddəyə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 43.1-ci maddəyə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 45.6-cı maddəyə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.8-ci maddəyə görə Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 50.1-ci maddəyə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəyə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. 84-1.1-ci maddəyə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə hesab edir ki, icra məmuru “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2018-ci il tarixli qərarında “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsaslanmışdır. Həmin maddəyə əsasən icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarıla bilər. Mülki materialları məhkəmə tərəfindən tədqiq edildikdə müəyyən edilir ki, hazırkı icra sənədi üzrə isə icra məmurunun bütün tədbirləri görməsi öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, icra məmurunun qərarı əsassız olduğundan ləğv edilməlidir. Bundan əlavə, icra işi hazırda Maraqlı şəxsndə mövcud olmadığından məhkəməsinin icraatında olmuş 2(071)-595/2015 saylı mülki iş üzrə məhkəmənin xx.xx.2015-ci il tarixli əmrinin icrası üçün yeni icra sənədi verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İcra sənədi üzrə tələbkar "xxxx" ASC-nin şikayəti təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-595/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2018-ci il tarixli qərarı ləğv edilsin və icra tədbirlərinin davam etdirilməsi üçün yeni icra vərəqəsi verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(071)-13/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-13/2025
25.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver