Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-2/2024 23.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi ilə, Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Tələbkar və onun nümayəndəsi Vəkil iştirakları ilə, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(071)-493/2015 nömrəli icra sənədinin qaytarılmasına dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Münasib Muradovun 04 oktyabr 2023-cü il tarixli qərarından tələbkarın nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Tələbkar nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(071)-493/2015 nömrəli icra sənədinin qaytarılması haqqında Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Münasib Muradovun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və icra sənədinin təkrar icraya yönəldilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(071)-493/2015 nömrəli icra sənədinə əsasən Borclu 28.050 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar verilməlidir. Hacıqabul rayon İcra şöbəsinin icra məmuru Vüqar Verdiyev xx.xx.2016-cı il tarixdə icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul etmişdir. Həmin qərarla Borclu borcun ödənilməsi üçün 10 gün müddət təyin edilmiş, borclu bu müddət ərzində borcu ödəmədiyindən ona qarşı məcburi icra tədbirləri həyata keçirilmiş, borclunun mülkiyyətində heç bir əmlak aşkar olunmamışdır. Bundan sonra borcludan dəfələrlə izahat alınmış və o, maddi imkanının olmadığını və xəstəliyini bəhanə gətirərək məhkəmə qətnaməsini icra etməmişdir. İcra məmurunun təqdimatı əsasında Hacıqabul rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli 8(071)- 86/2017 saylı qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra borclu yenə üzrsüz səbəbdən məhkəmə qətnaməsini icra etmədiyinə görə barəsində protokol tərtib edilmiş və Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən 500 manat inzibati cərimə edilmişdir. Borcluya inzibati tənbeh veriləndən sonra yeni müddət təyin edilməsinə baxmayaraq, o, yenə məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası CMnin 306-cı maddəsi ilə cinayət işinin başlanılması barədə təqdimatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilmiş və Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(071)-112/2019 nömrəli hökmü ilə Borclu Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daha sonra, borclu cəzasını çəkib qurtardıqdan sonra xx.xx.2021-ci il tarixdə icra məmuru yenidən borclunun izahatını almış, yenə borclu maddi imkanının olmadığını və xəstəliyini bəhanə gətirərək ayda 50 manat ödəniş edə biləcəyini bildirmişdir. Sual olunur: Əgər ayda 50 manat ödəyə bilirdinsə, bu 5 il ərzində niyə bir manat da olsun ödəniş etməmisən?). Bundan sonra borclunun yaşadığı evinə baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar olunmadığından bu barədə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Daha sonra elektron icra sistemindən borclunun əmlakları barədə hər hansı bir məlumat aşkar olunmadığından və bütün məcburi icra tədbirləri heç bir nəticə vermədiyinə görə, böyük icra məmuru Münasib Muradov xx.xx.2021-ci il tarixli qərarla “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədini Hacıqabul rayon Məhkəməsinə geri qaytarmışdır. İcra məmurunun qərarından verilən şikayət nəticəsində Hacıqabul rayon məhkəməsi həmin qərarın ləğv edilməsi və icra işinin yenidən icraya yönəlməsi barədə qərar qəbul etmişdir. Bundan sonra yenidən iş üzrə formal xarakterli icra hərəkətləri yerinə yetirildikdən sonra icra məmuru Münasib Muradov tərəfindən 04 oktyabr 2023-cü il tarixdə icra sənədinin qeyri mümkünlüyü səbəbindən Hacıqabul rayon Məhkəməsinə geri qaytarılmışdır. Hazırda borclunun maddi imkanı kifayət qədər yaxşıdır, hazırda ödəniş etmək imkanı var, övladı üçün toy edərək müəyyən qədər pul toplasa da borcunu ödəmir. Bundan başqa borclu hər ay komunal xərclərə, paltara və yeməyə pul xərcləsə də, iş borcunu ödəməyə gəldikdə xəstə olduğunu və heç bir yerdə işləmədiyini bildirərək borcunu icra etməkdən yayınır. Həmçinin hər ay 50 manat olmaqla borcu ödəyəcəyinə dair vədinə əməl etmir. Borclunun borcunu icra etməməsində icra məmuru da borcluya köməklik edir. Belə ki, borcluya qarşı görülən bütün tədbirlər formal xarakter daşıyır. Odur ki, Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Münasib Muradovun 04 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin təkrarən icraya yönəldilməsivə İcra məmuruna borclu barəsində təkrarən əvvəlcə inzibati qaydada məsuliyyətə cəlb edilməsi, əgər bu tədbirlər nəticə verməzsə sonra cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimat qaldırılmasının qanuna uyğun olduğunun izah edilməsi və bu tədbirlərin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi, iş üzrə məhkəmə qətnaməsinin qısa müddət ərzində məcburi icra edilməsi vəzifəsi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar və onun nümayəndəsi Vəkil hər biri ayrı-ayrılıqda şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsi, icra məmurunun qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında icra məmuru X2 şikayətin dəlillərini əsassız hesab edərək bildirdi ki, icra sənədi üzrə bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq, icra sənədinin icrasına nail oluna bilməmişdir. Belə ki, bundan əvvəl borcu qeyd edilən icra sənədi üzrə inzibati və cinayət məsuliyyətlərinə cəlb edilmişdir. Məhkəmənin hökmü ilə təyin edilmiş cəzasını çəkdikdən sonra onun tələbin yönəldilə biləcəyi əmlakının müəyyən edilməsi məqsədi ilə yaşadığı evə baxış keçirmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar etməmişdir. Bu barədə onun tərəfindən akt tərtib edilmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar olunmadığından İcra Haqqında Qanunun 23.1.3-cü maddəsini rəhbər tutaraq, icra sənədini məhkəməyə geri qaytarmışdır. Odur ki, şikayətin təmin edilməməsi, icra sənədinin qaytarılması haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(071)-493/2015 nömrəli icra sənədinə əsasən Borclu 28050 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar verilməlidir. İş materiallarından görünür ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-493/2015 nömrəli qərardadına əsasən həmin məhkəmənin xx.xx.2015-ci il tarixli 2(071)-493/2015 nömrəli icra sənədi yenidən icraya yönəldilmişdir. İcra sənədi yenidən icraya yönəldikdən sonra icra məmuru xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmiş, borcluya tələbin könüllü icra edilməsi üçün müddət təyin etmiş, borclunu icra şöbəsinə dəvət edərək onun izahatını almışdır. Həmin izahatında borclu bugünədək heç bir ödəniş etmədiyini, heç bir gəlirinin olmadığını bildirmişdir. Bundan sonra icra məmuru borclunun əmlakının müəyyən edilməsi məqsədi ilə onun icra sənədində göstərilən yaşadığı evə getmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar etməmiş və bu barədə akt tərtib etmişdir. Daha sonra icra məmuru icra sənədinin qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarı qəbul etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, icra məmurunun icra sənədinin qaytarılmasına dair xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi yenidən icraya yönəldilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının izahatlarından müəyyən olunur ki, Borclu məhkəmənin xx.xx.2015-ci il tarixli 2(071)- 493/2015 nömrəli icra sənədində göstərilən pul məbləğini qərəzli olaraq ödəmədiyindən bundan əvvəl cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra xx.xx.2021-ci il tarixdə icra məmuru borcluya yeni müddət təyin etmiş, onun yenidən izahatını almış və borclu izahatında hər ay 50 manat ödəniş edə biləcəyini demişdir. Həmin vaxtdan bugünədək keçən uzun müddət ərzində borclu icra sənədi üzrə hər hansı ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, borclunun bu müddət ərzində heç bir ödəniş etməməsi ağlabatan görünmür. Bütün bunlar isə borclunun borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərdiyini, onun icra sənədinin icrasına səhlənkar yanaşdığını göstərir. Buna baxmayaraq, icra məmuru borcun ödənilməsi ilə bağlı mütəmadi olaraq borcluya xəbərdarlıqlar etməmiş, borclunu inzibati məsuliyyətə cəlb etməmiş, yalnız onun yaşadığı evə baxış keçirməklə tələbin yönəldilə biləcəyi əmlakının olmaması barədə akt tərtib etməklə kifayətlənmiş və icra sənədini məhkəməyə geri qaytarmışdır. Halbuki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Qanunun 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, hazırki halda icra məmuru tərəfindən icra sənədinin icra olunması istiqamətində qanunvericiliklə ona verilmiş səlahiyyətlərdən səmərəli istifadə edilmədən icra sənədinin məhz qərarda göstərilən əsasla geri qaytarılması tələbkarın mənafeyi baxımından məqsədə uyğun sayıla bilməz. Əks təqdirdə bu məhkəmə qətnaməsinin səmərəliliyini azaldır və tələbkar öz hüquqlarını realizə etmək imkanından məhrum olur. Belə ki, məhkəmənin qətnaməsinin icraya yönəldilməsindən 8 ilə yaxın müddət keçmişdir və həmin müddətdə qətnamənin icrasına hələ də nail olunmamışdır. Qətnamənin icraya yönəldiyi vaxtdan bugünədək borclu icra sənədində göstərilən pul məbləğindən heç olmasa qismən də olsa ödəniş etmək imkanı olduğu bunu etməmişdir. İşin bu cür halında icra sənədinin geri qaytarılması qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasını ləngitmək xarakteri daşıyır. Digər tərəfdən isə məhkəmə hesab edir ki, pul məbləğinin tutulmasına dair icra sənədinin məhz bu əsasla geri qaytarılması tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirir. Şikayətdə həmçinin məhkəmə qətnaməsinin qısa müddət ərzində məcburi icra edilməsi vəzifəsinin icra məmurunun üzərinə qoyulması da xahiş edilmişdir. Lakin, məhkəmə qeyd edir ki, icra sənədinin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində icra edilməsi “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən icra məmurunun üzərinə vəzifə kimi qoyulmuşdur. Bu vəzifənin məhkəmə qərarına əsasən icra məmurunun üzərinə qoyulması mümkünsüzdür. Odur ki, şikayət həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(071)-493/2015 nömrəli icra sənədinin qaytarılmasına dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Münasib Muradovun 04 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi yenidən icraya yönəldilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №8(071)-2/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-2/2024
23.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver