Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-27/2023 03.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, Hacıqabul rayon Məhkəməsinin 2(071)-493/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Tələbkar nümayəndəsi X2 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: Hacıqabul rayon Məhkəməsinin 2(071)-493/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Tələbkar nümayəndəsi və vəkili X2 şikayətlə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qısa müddət ərzində icra edilməsi, əks təqdirdə borclu barəsində qanunamüvafıq məcburi icra tədbirlərinin həyata keçirilməsi, bu tədbirlər kifayət etməzsə qanunvericiliyə əsasən borclu barəsində inzibati, sonra cinayət məsuliyyəti barədə aidiyyatı orqan qarşısında təqdimat verilməsi məsələlərinin izah edilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(071)-493/2015 nömrəli icra sənədinə əsasən Borclu 28.050 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar verilməlidir. Hacıqabul rayon İcra şöbəsinin icra məmuru Vüqar Verdiyev xx.xx.2016-cı il tarixdə icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul etmişdir. Həmin qərarla Borclu borcun ödənilməsi üçün 10 gün müddət təyin edilmiş, borclu bu müddət ərzində borcu ödəmədiyindən ona qarşı məcburi icra tədbirləri həyata keçirilmiş, borclunun mülkiyyətində heç bir əmlak aşkar olunmamışdır. Bundan sonra borcludan dəfələrlə izahat alınmış və o, maddi imkanının olmadığını və xəstəliyini bəhanə gətirərək məhkəmə qətnaməsini icra etməmişdir. İcra məmurunun təqdimatı əsasında Hacıqabul rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli 8(071)- 86/2017 saylı qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra borclu yenə üzrsüz səbəbdən məhkəmə qətnaməsini icra etmədiyinə görə barəsində protokol tərtib edilmiş və Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən 500 manat inzibati cərimə edilmişdir. Borcluya inzibati tənbeh veriləndən sonra yeni müddət təyin edilməsinə baxmayaraq, o, yenə məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası CMnin 306-cı maddəsi ilə cinayət işinin başlanılması barədə təqdimatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilmiş və Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(071)-112/2019 nömrəli hökmü ilə Borclu Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daha sonra, borclu cəzasını çəkib qurtardıqdan sonra xx.xx.2021-ci il tarixdə icra məmuru yenidən borclunun izahatını almış, yenə borclu maddi imkanının olmadığını və xəstəliyini bəhanə gətirərək ayda 50 manat ödəniş edə biləcəyini bildirmişdir. Sual olunur: Əgər ayda 50 manat ödəyə bilirdinsə, bu 5 il ərzində niyə bir manat da olsun ödəniş etməmisən?). Bundan sonra borclunun yaşadığı evinə baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar olunmadığından bu barədə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Daha sonra elektron icra sistemindən borclunun əmlakları barədə hər hansı bir məlumat aşkar olunmadığından və bütün məcburi icra tədbirləri heç bir nəticə vermədiyinə görə, böyük icra məmuru Münasib Muradov xx.xx.2021-ci il tarixli qərarla “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədini Hacıqabul rayon Məhkəməsinə geri qaytarmışdır. İcra məmurunun qərarından verilən şikayət nəticəsində Hacıqabul rayon məhkəməsi həmin qərarın ləğv edilməsi və icra işinin yenidən icraya yönəlməsi barədə qərar qəbul etmişdir. Bundan sonra yenidən iş üzrə formal xarakterli icra hərəkətləri yerinə yetirildikdən sonra icra məmuru Münasib Muradov tərəfindən 05 dekabr 2022-ci il tarixdə icra sənədinin qeyri mümkünlüyü səbəbindən Hacıqabul rayon Məhkəməsinə geri qaytarılmışdır. Hazırda borclunun maddi imkanı kifayət qədər yaxşıdır, hazırda ödəniş etmək imkanı var, övladı üçün toy edərək müəyyən qədər pul toplasa da borcunu ödəmir. Bundan başqa borclu hər ay komunal xərclərə, paltara və yeməyə pul xərcləsə də, iş borcunu ödəməyə gəldikdə xəstə olduğunu və heç bir yerdə işləmədiyini bildirərək borcunu icra etməkdən yayınır. Həmçinin hər ay 50 manat olmaqla borcu ödəyəcəyinə dair vədinə əməl etmir. Borclunun borcunu icra etməməsində icra məmuru da borcluya köməklik edir. Belə ki, borcluya qarşı görülən bütün tədbirlər formal xarakter daşıyır. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən icra məmurunun icra sənədinin geri qaytarılması barədə qərarı ləğv edilərək icra sənədi yenidən icraya yönəldilmişdir. Məhkəmə qərarı ilə icra işi icra şöbəsinə geri qaytarıldığı vaxtdan bugünədək 8 ay ərzində görülən işlər, qəbul edilən qərarlar barədə nə tələbkara, nə də nümayəndəsinə məlumat verilməmişdir. Borclu inzibati qaydada və cinayət qaydasında cəzalandırılmasına baxmayaraq, yenə də qətnaməni qərəzi olaraq icra etməkdən boyun qaçırır. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayətə baxılmasından imtina edilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Həmin Qanunun 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göründüyü kimi, icra sənədinin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində icra edilməsi, icra sənədi üzrsüz səbəbdən icra edilmədikdə, icra məmurunun qanuni tələbləri qəsdən yerinə yetirilmədikdə icra məmuru tərəfindən görülməli olan tədbirlər icra haqqında qanunvericilikdə dəqiq göstərilmişdir. Məhkəmə tərəfindən qeyd edilən məsələlərlə bağlı icra məmuruna hər hansı izah verilə bilməz və bu vəzifələrin məhkəmə qərarına əsasən icra məmurunun üzərinə qoyulması mümkünsüzdür. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263 və 264cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Hacıqabul rayon Məhkəməsinin 2(071)-493/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Tələbkar nümayəndəsi və vəkili X2 şikayətə baxılmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №8(071)-27/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-27/2023
03.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver