Məhkəmə qərarları › İş №8(071)-35/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-35/2024

28.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-35/2024 28.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Borclu nümayəndəsi Nümayəndə iştirakları ilə, Hacıqabul rayon Məhkəməsinin 2(071)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına Hacıqabul Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul rayon Məhkəməsinin 2(071)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə ödənilməlidir. Hazırda icra məmuru Hacıqabul rayon Məhkəməsinin 2(071)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə borclu xx.xx.1991-ci il təvəllüdlü, Hacıqabul rayonu, 2-ci Udulu kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət edərək qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)- 35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Hacıqabul rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi bildirilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb dərhal könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və nəticədə 9000 manat aliment borcu yaranmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun hər an ölkəni tərk etmək ehtimalını nəzərə alaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 təqdimatın məzmununa uyğun izahat verərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, təqdimatın təmin edilməsinə etirazı yoxdur. İcra sənədi üzrə borclunun xarici ölkəyə getmək niyyəti yoxdur. İcra sənədi üzrə tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab edir. İcra sənədi üzrə Borclu xx.xx.2024-cü il tarixində elektron qaydada məhkəməyə yazılı etirazla müraciət edərək bildirmişdir ki, Hacıqabul rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Ramil Məmmədov tərəfinidən verilmiş Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasına dair təqdimat əsassızıdır və təmin edilməməlidir. O, Hacıqabul rayonunda deyil, Bakı şəhərində yaşayır. Azyaşlı uşaqları ilə də Bakı şəhərində yerləşən internat məktəbində görüşür. Hazırda tələbkarın özü yox, valideynləri onun uşaqlarla görüşüməsinə maneələr yaratdığı üçün məhkəmədə mülki qaydada iddia qaldırmışdır. Hazırda həmin iddia ərizəsi icraata götürülüb və 2(071)-1196/2024 saylı mülki iş hakim Orxan Bayramovun icraatındadır. Uşaqlar faktiki olaraq internat məktəbində olmuş, uşaqların bütün ehtiyacları internat məktəbi tərəfindən (qismən onun tərəfindən) qarşılanmışdır. Cavabdeh ilkin məhkəmə iclasında qeyd edib ki, hazırda yenidən nikaha girmiş və bu baxımdan yeni ailəsi ilə birlikdə yaşayır, uşaqlarına şənbə və bazar günləri uşaqların ana nənəsi və babası baxır. Uşaqlar həftənin şənbə və bazar günləri nənə və babaları ilə qalsada uşaqların bir çox ehtiyacları atası Borclu tərəfindən qarşılanmışdır. Bu müddət ərzində cavabdeh Tələbkar uşaqlara laqeyd münasibət göstərmiş, uşaqlar faktiki olaraq ana qayğısından məhrum olmuşdur. Uşaqlar faktiki olaraq cavabdehin himayəsində deyil, faktiki olaraq ünvan 1 ünvanında 8 nömrəli sanatoriya tipli internat məktəbində təhsil alırlar və cavabdeh tərəfindən onlaraq hər-hansı qayğı göstərilmir. Cavabdehin xx.xx.2023-cü il tarixindən 01 noyabr 2024-cü il tarixinədək olan bütün dövr üzrə uşaqlarının saxlanması məqsədi ilə aliment tələb etməsi iddiaçını ağır maddi duruma salır və cavabdehin əsassız varlanması ilə nəticələnir. Hacıqabul rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Ramil Məmmədov tərəfindən verilmiş Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasına dair təqdimatı əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə təqdimatı, icra işi materiallarını araşdırıb, borcun üzrsüz səbəbdən ödənilmədiyini və hazıradək görülən icra tədbirinin mütənasibliyini, buna baxmayaraq görülən tədbirlərin nəticə verməməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra işində olan tələbin könüllü icrasına dair bildirişin və icraata başlamaq haqqında qərarın surətindən müəyyən edilir ki, icra sənədi ilkin olaraq xx.xx.2024-cü il tarixdə icraya yönəldilərək icra edilməsi üçün Hacıqabul rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə həmin şöbədə icra sənədi üzrə icraata başlanılmışdır. Həmin tarixdə Borclu bildirişi və icraata başlamaq haqqında qərarın surətini şəxsən imzalamaqla təhvil almışdır. Buna baxmayaraq hazıradək borclu 9000 manat aliment borcundan hər hansı məbləğdə vəsait ödəniş etməmişdir. İcra məmuru tərəfindən görülən tədbirlərə baxmayaraq borcu üzrə ödəniş həyata keçirmir. Məhkəmə Borclu yazılı etirazına münasibətdə bildirir ki, etirazda sadalanan hallar, yəni iş üzrə borclunun icra məmuru tərəfindən verilmiş təqdimatı əssasız olduğuna səbəb kimi qeyd etdikləri işin konkret hallarına uyğun deyil. Belə ki, iş üzrə borclu, qısaca, alimentin əsassız olduğunu, uşaqların internat məktəbində yaşadığını və həmin xərclərin internat məktəbi tərəfindən uşaqların zəruri xərclərinin qarşılandığını bildirsə də, hazırda məhkəmə, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın təmin edilib-edilməməsi məsələsini araşdırmışdır. Borclu hazırki iş üzrə təqdimatın əsassız olduğunu bildirsə də, təqdimatın əssasız hesab edilməsinin deyil, alimentin əsassız hesab edilməsinin səbəblərini öz etirazında qeyd etmişdir. Həmçinin iş materiallarından görünür ki, icra sənədi üzrə Borclu aliment ödəməsindən azad edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Hacıqabul rayon Məhkəməsinin 2(071)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu - xx.xx.1991-ci il təvəllüdlü, Hacıqabul rayonu, 2-ci Udulu kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 2(071)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu - xx.xx.1991-ci il təvəllüdlü, Hacıqabul rayonu, 2-ci Udulu kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar