Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-4/2025 14.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-762/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar ASC tərəfindən Cavabdeh icra məmuru X3 “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarından verilmiş şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-762/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar ASC xx.xx.2024-cü il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh icra məmuru X3 “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və icra sənədinin təkrarən icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-762/2022 saylı qətnaməsinə əsasən cavabdeh Borclu Tələbkar ASC-nin xeyrinə, cəmi 3376,89 manat məbləğində kredit borcunun və 53,76 manat dövlət rüsumunun tutulması qət edilmiş və icra sənədi icra olunması üçün Cavabdehnə göndərilmişdir. Qeyd olunan icra sənədinin icraata qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh Borclu icra sənədi üzrə tələbi təmin etməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli qərarına əsasən Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-762/2022 saylı icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Qeyd edilmişdir ki, icra məmuru borclunun ailə vəziyyətini, borclu ailəlidirsə nikah dövründə ərinin (arvadının) adına hər hansı bir daşınar və daşınmaz əmlakının olub-olmamasını müəyyən etməmişdir. Həmçinin borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Bundan başqa mənzilə baxış keçirilərkən tələbkar məlumatlandırılmamış və iştirakı təmin edilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi qeyd edilsə də, Tələbkar ASC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır. İcra məmurunun hərəkətləri qanunsuz olduğundan xx.xx.2024cü il tarixli qərarı ləğv edilərək icra hərəkətlərinin davam etdirilməsi haqqında qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İcra sənədi üzrə borcluya, tələbkara və qərarı qəbul edən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclu ilkin olaraq xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasına ərizə ilə müraciə edərək təxirə salınmasını xahiş etmiş, ərizə məhkəmə tərəfindən təmin edilərək xx.xx.2025-ci il tarixə təyin edilsə də, o, təkrarən gəlməmiş və üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi icra sənədi üzrə borclu məhkəmə iclası barədə məlumatlı olmasına baxmayaraq üzrlü səbəblər olmadan gəlməmişdir. Odur ki, məhkəmə borclu, tələbkar və qərarından şikayət verilən icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, ona əlavə edilmiş sənədləri və e246629/2022-8-5 saylı icra işi materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-762/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Cavabdeh icra məmuru X4 tərəfindən qəbul edilmiş “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2024cü il tarixli qərar ləğv edilməli və zəruri icra tədbirləri davam etdirilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 2(071)-762/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, cavabdeh Borclu xx.xx.2021ci il tarixli RGTK3610792A163 nömrəli kredit müqaviləsi üzrə yaranmış 3.031,76 manat əsas borc, 345,13 manat faiz borcu və ödənilmiş 53,76 manat dövlət rüsumu olmaqla, cəmi 3430,65 (üç min dörd yüz otuz manat, altmış beş qəpik) manat pul vəsaitinin tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmənin sorğusuna əsasən Cavabdehndən təqdim edilmiş e246629/2022-8-5 saylı icra işində toplanmış materiallardan müəyyən edilir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli məktubuna əsasən icra sənədi icra edilməsi üçün Cavabdehnə göndərilmiş və məktub xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, eyni tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrasına dair bildiriş borclunun ünvanına göndərilmişdir. İcra işində olan Tələbkar ASC-nin Cavabdehnə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, həmin tarixə borclunun qalıq borcu 2580,65 manat təşkil etmiş və onun "xxxx" MMC-də işləməsi barədə xəbərdarlıq edilməklə borcun onun əmək haqqına yönəldilməsi xahiş edilmişdir. Yalnız bundan sonra icra şöbəsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq tələbin əmək haqqının 50%-nə yönəldilməsi barədə sərəncam verilməsi xahiş edilmişdir. Qeyd olunanlara baxmayaraq, borclunun iş yerindən cavab alınması təmin edilməmişdir. Eləcə də, icra işindən görünür ki, icra şöbəsi borclunun iş yerinin müəyyən edilməsi ilə bağlı öz təşəbbüsü ilə vaxtında zəruri addımlar atmamış, yalnız tələbkarın müraciətindən sonra tədbir görülməsini cəhd etsə də müsbət nəticə əldə edilməsini təmin etməmişdir. İcra işində olan materiallarında görünür ki, icra sənədi uzun müddət hərəkətsiz saxlanılmış, yalnız xx.xx.2024-cü il tarixdə Borclu izahatı alınmış, o izahatında gəlir yerinin olmaması səbəbindən icra sənədini icra edə bilməməsini bildirmişdir. Daha sonra, eyni tarixdə, yəni xx.xx.2024-cü il tarixdə “Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yer) dəyişməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmaması və ya yetərli olmamasının müəyyən edilməsi haqqında” akt tərtib edilmişdir. Aktda borclunun tələbin yönəldilə biləcəyi əmlakının aşkar edilməməsi qeyd edilmişdir. Göstərilənlərə əsasən, icra məmuru R.Məmmədov xx.xx.2024-cü il tarixdə “İcra sənədinin icrasının mümkün olmaması haqqında” Akt tərtib etmişdir və həmin akt icra şöbəsinin rəisi Y.Ədilov tərəfindən təsdiq edilmişdir. Aktda həmçinin göstərilmişdir ki, “Elektron-icra” informasiya sistemi vasitəsilə Borclu əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına hər hansı əmlak və s. aşkar edilməmişdir. Göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə istinad edilərək icra sənədinin geri qaytarılması məqsədəuyğun hesab edilmişdir. Odur ki, nəticədə eyni tarixdə icra məmuru icra sənədinin geri qaytarılması haqqında qərar qəbul etmişdir. İcra işi materiallarından həmçinin müəyyən edilir ki, icra məmuru R.Məmmədovun tərtib etdiyi xx.xx.2024-cü il tarixli “İcra sənədinin icrasının mümkün olmaması haqqında” Akt icra şöbəsinin rəisi Y.Ədilov tərəfindən təsdiq edildikdən sonra tərəflər, o cümlədən icra sənədi üzrə Tələbkar ASC bu barədə məlumatlandırılmamışdır. Bununla yanaşı tələbkarın akta münasibəti öyrənilmədən dərhal eyni gündə icra sənədinin geri qaytarılması haqqında qərar qəbul etmişdir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemi məlumatlarından müəyyən edilir ki, Borclu xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2024-cü il tarixədək ölkə ərazisindən 77 dəfə Rusiya Federasiyası istiqamətinə girişçıxış etmişdir. Sonuncu dəfə o, xx.xx.2024-cü il tarixədə ölkə hüdudlarını Samur DSBM istiqamətində tərk etmiş və bugünədək bir daha ölkə ərazisinə daxil olmamışdır. Belə olan halda məhkəmə, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yer) dəyişməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmaması və ya yetərli olmamasının müəyyən edilməsi haqqında” aktın və izahatın mötəbərliliyinə, eləcə də borclunun ümumiyyətlə həmin vaxt ölkə ərazisində olmasına şübhə ilə yanaşır. Məhkəmə həmçinin qeyd edir ki, borclunun 77 dəfə xarici ölkəyə səfər etməsini və hər səfərin müəyyən maliyyə xərcləri tələb etməsini nəzərə alaraq onun tələbin yönəldilə biləcəyi hər hansı əmlakının olmamasına kifayət qədər inandırıcı yanaşmır. Eləcə də, qeyd olunan hal icra məmuru tərəfindən yoxlanılaraq, məcburi icra tədbiri kimi borclunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət olunmamışdır. Bundan başqa “Elektron Məhkəmə” informasiya sistemi məlumatlarından müəyyən edilir ki, Borclu X1 ilə nikahda olmaqla 3 övladı vardır. Buna baxmayaraq, icra məmuru tərəfindən borclunun birgə mülkiyyətdə əmlakının olub-olmaması da araşdırılmamışdır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə görə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmadığı və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyi halda icra sənədini məhkəməyə qaytarmaq icra məmurunun vəzifəsi kimi nəzərdə tutulmuşdur. İcra sənədinin bu əsasla qaytarılması üçün icra məmuru “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan müvafiq akt tərtib etməli və həmin akt icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmaqla, bu barədə tələbkara məlumat verilməlidir. Qanunun tələbindən göründüyü kimi, bu halda məhkəmənin icraya nəzarət çərçivəsində hərəkətləri borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmamasına və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün mümkün tədbirlərin nəticə verməməsi ilə bağlı əsaslandırılmış aktın mövcudluğu, habelə bu haqda tələbkarın məlumatlandırıldığının yoxlanılması ilə məhdudlaşır. Hazırkı icra işinin vəziyyətindən müəyyən edilir ki, Hacıqabul raon İcra və probasiya şöbəsi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun tələbini pozmaqla, yəni zəruri məcburi icra tədbirləri görülmədən, eləcə də xx.xx.2024-cü il tarixli “İcra sənədinin icrasının mümkün olmaması haqqında” Akt barədə tələbkarı məlumatlandırmadan əsassız olaraq eyni tarixdə icra sənədinin geri qaytarılması haqqında qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.3-cü maddəyə görə icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər 26-cı maddəyə görə İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 27.5. Borclu hüquqi şəxsin habelə borclu hüquqi və fiziki şəxslərin əmlakının axtarılması icra məmurları tərəfindən həyata keçirilir. 44.1-ci maddəyə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3-cü maddəyə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 43.1-ci maddəyə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 45.6-cı maddəyə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.8-ci maddəyə görə Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 50.1-ci maddəyə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəyə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. 84-1.1-ci maddəyə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə qeyd edir ki, icra məmuru “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarında “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsaslanmışdır. Həmin maddəyə əsasən icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarıla bilər. İcra işi materialları məhkəmə tərəfindən tədqiq edildikdə müəyyən edilir ki, hazırkı icra sənədi üzrə isə icra məmurunun bütün tədbirləri görməsi öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, icra məmurunun qərarı əsassız olduğundan ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tələbkar ASC-nin şikayəti təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-762/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Cavabdeh icra məmuru X3 “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və icra tədbirləri davam etdirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(071)-4/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-4/2025
14.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver