Məhkəmə qərarları › İş №8(071)-58/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-58/2025

26.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-58/2025 26.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, təqdimat verən icra məmuru – X1 icra sənədi üzrə tələbkarın nümayəndəsi – Nümayəndə iştirakları ilə, Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)-2047/2024, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “Mercedes Benz C180” minik markalı, 99-DK0-838 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Hacıqabul rayon İcra şöbəsinin icra məmuru Ramil Məmmədov tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : Hacıqabul rayon İcra şöbəsinin icra məmuru Ramil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)- 2047/2024, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “Mercedes Benz C180” minik markalı, 99-DK0-838 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru Ramil Məmmədov təqdimatı müdafiə edərək izahatında bildirmişdir ki, icra sənədi borclulara göndərilmişdir. Lakin borclular üzərinə düşən öhdəliyi yerinə yetirmir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “Mercedes Benz C180” minik markalı, 99-DK0-838 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi Nümayəndə təqdimatın təmin edilməsini və icra sənədinin təmin edilməsi məqsədilə qanuni tədbirlər görülməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, borcun hissə-hissə ödənilməsinə də razı olsa da, hazırki şəraitdən görünür ki, borclular borc məbləğini ödəmir. Bu səbəblə onların mülkiyyətinə həbsin qoyulmasına razıdır. İcra sənədi üzrə borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı, icra işini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)- 2047/2024, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən müəyyən edilir ki, borclular X2 və Borclu müştərək qaydada 18.558,40 manat əsas borc, 450,87 manat faiz borcu, 20,46 manat cərimə borcu olmaqla, ümumilikdə 19.029 manat borc və ödənilmiş 147,09 manat məbləğində dövlət rüsumunun əvəzi Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan müəyyən edilir ki, Borclu mülkiyyətində olan “Mercedes Benz C180” minik markalı, 99-DK0-838 dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. Eyni zamanda “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, Borclu Şirvan Apellyasiya Məhkəməsində “məhkəmə iclas katibi” vəzifəsində çalışır və 2116 manat məbləğində əmək haqqı alır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakına üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri sırasına daxildir. Bu Qanunun 45.1-ci maddəsin əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Qeyd edilən Qanunun 45.6-ci maddəsinə əsasən tələbkarin tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadiqda, Azərbaycan Respublikasinin qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə işin hallarını obyektiv, hərtərəfli, tam və qərəzsiz araşdırıb tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verərək bu nəticəyə gəlir ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)-2047/2024, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru Ramil Məmmədov tərəfindən verilmiş təqdimat əsassızdır və təmin edilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Məhkəmə qeyd edir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlara görə Borclu hazırda 2116 manat məbləğində əmək haqqı alır. Hazırda tələbin borclunun əmək haqqısına yönəldilməsi daha məqsədəmüvafiq olduğundan məhkəmə hesab edir ki, təqdimat təmin edilə bilməz. Belə ki, borclunun mülkiyyətində nəqliyyat vasitəsinin olmasına baxmayaraq, borclu həmin nəqliyyat vasitəsilə gündəlik özünün və ailə üzvlərinin ehtiyaclarını qarşılayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Odur ki, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)-2047/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “Mercedes Benz C180” minik markalı, 99-DK0-838 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Hacıqabul rayon İcra şöbəsinin icra məmuru Ramil Məmmədovun təqdimatı rədd edilməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 50-ci və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldi: Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)-2047/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “Mercedes Benz C180” minik markalı, 99-DK0-838 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Hacıqabul rayon İcra şöbəsinin icra məmuru Ramil Məmmədovun təqdimatı rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən işə baxan Hacıqabul Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar