Məhkəmə qərarları › İş №8(071)-8/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-8/2024

20.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-8/2024 20.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Şirvan şəhər Məhkəməsinin 2(032)-1386/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramil Məmmədovun təqdimatına Hacıqabul Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan şəhər Məhkəməsinin 2(032)-1386/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 4220 manat məbləğində borc və iddia ərizəsi verilməsi ilə bağlı ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 20 manat pul tutularaq Tələbkar ödənilməlidir. Hazırda icra məmuru Şirvan şəhər Məhkəməsinin 2(032)-1386/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə borclu xx.xx.1982-ci il təvəllüdlü, Hacıqabul rayon, Qubalıbaloğlan kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət edərək qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1386/2020 saylı, xx.xx.2020-ci tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixdə başlanılmış icraat zamanı borcluya könüllü icra üçün bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədinin icrası borclu tərəfindən könüllü təmin edilməmişdir. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyini və borclunu ölkədən getmək ehtimalını nəzərə alaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İcra sənədi üzrə borcluya, tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkarın, borclunun və təqdimat verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun, tələbkarın və təqdimat verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, icra işi materiallarını araşdırıb, borcun üzrsüz səbəbdən ödənilmədiyini və hazıradək görülən icra tədbirinin mütənasibliyini, buna baxmayaraq görülən tədbirlərin nəticə verməməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra işində olan tələbin könüllü icrasına dair bildirişin və icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətindən müəyyən edilir ki, icra sənədi ilkin olaraq xx.xx.2021-ci il tarixdə icraya yönəldilərək icra edilməsi üçün Şirvan şəhər İcra və probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə həmin şöbədə icra sənədi üzrə icraata başlanılmışdır. Həmin tarixdə Borclu bildirişi və icraata başlamaq haqqında qərarın surətini şəxsən imzalamaqla təhvil almış, eyni zamanda izahatı alınmışdır. Buna baxmayaraq hazıradək borclu 4220 manat məbləğindən hər hansı məbləğdə vəsait ödəniş etməmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli qərarla icra işi aidiyyəti üzrə icra tədbirlərinin davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Hacıqabul rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Hazırda icra sənədi üzrə Borclu 4220 manat borcu vardır. İcra məmuru tərəfindən görülən tədbirlərə baxmayaraq borcu üzrə ödəniş həyata keçirmir. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Şirvan şəhər Məhkəməsinin 2(032)-1386/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu - xx.xx.1982-ci il təvəllüdlü, Hacıqabul rayonu Qubalıbaloğlan kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 2(032)-1386/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu - xx.xx.1982-ci il təvəllüdlü, Hacıqabul rayonu Qubalıbaloğlan kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar