Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-91/2025 23.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, təqdimat verən orqanın nümayəndəsi - Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3, icra sənədi üzrə Tələbkar iştirakları ilə, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-776/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramil Məmmədov tərəfindən verilmiş təqdimata Hacıqabul Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 776/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə xx.xx.1991-ci il təvəllüdlü, Hacıqabul rayonu Qarasu kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-776/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa görə ayrıayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində (iki uşağa görə ümumilikdə minimum əmək haqqının 1 misli həddində) sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 izahatında bildirmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-776/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə hər ay 400 manat məbləğində aliment tutulmalıdır. Bildirmişdir ki, icra sənədi üzrə Borclu məhkəməyə təqdimat verilənədək olan borcu 800 manat təşkil etmişdir. Lakin, Borclu tərəfindən Tələbkar olan 800 manat məbləğindəki aliment borcu artıq ödənildiyindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə zərurətin aradan qalxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Tələbkar izahatında bildirmişdir ki, Borclu ona icra sənədi üzrə 800 manat məbləğində aliment borcu olmuş, lakin həmin borc hazırda tam şəkildə ödənilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onda olan məlumatlara əsasən Borclu yaxın zamanda ölkə ərazisini tərk etməyə hazırlaşır. Bununla əlaqədar olaraq qeyd edir ki, əgər borclu ölkəni tərk edərsə, bu halda aliment öhdəliyinin icrasından boyun qaçıra bilər. Belə ki, Borclu əvvəllər də ölkə ərazisini tərk etmiş, o, Rusiya Federasiyası və Türkiyə Respublikasına işləmək məqsədilə getmişdir. İcra sənədi üzrə borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, icra işi materiallarını araşdıraraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olduğundan həmin hüquqların əsassız məhdudlaşdırılması şəxsin konstitusion hüquqlarından biri olan azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Bu səbəbdən, sözügedən hüquq yalnız qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda və müvəqqəti olaraq məhdudlaşdırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir. Şəxsin ölkədən getmək hüququ həm mülki işlər üzrə icra icraatı çərçivəsində, həmçinin cinayət işləri üzrə ibtidai araşdırma, təyin olunmuş cəzanın icrası mərhələsində və ya cəzadan azad etmə hallarında müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Mülki işlər üzrə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması məhkəmə qərarının (əmrinin) icrasını təmin etmək məqsədilə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında qəbul edilmiş məhkəmə qərarı ilə icra vərəqəsi tam icra olunanadək həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi bununla bağlı müvafiq tənzimləməni həyata keçirir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” 22 aprel 2013-cü il tarixli təlimatda isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və onun götürülməsi qaydası, təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra məmuru tərəfindən yoxlanılmalı olan hallar, hansı hallar mövcud olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilməməsi əsasları sadalanmışdır. Həmçinin, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3-cü maddəsində vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının konkret əsasları müəyyən edilmişdir. 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə – azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək; 9.3.2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək; 9.3.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; 9.3.4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək; 9.3.4-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda – məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək; 9.3.5. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; 9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.7. beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı – profilaktik peyvəndlər edilənədək. Məhkəmə iş materiallarını, təqdim edilən izahat və dəlilləri ətraflı araşdıraraq bu nəticəyə gəlmişdir ki, tələbkarın irəli sürdüyü ehtimallar yalnız subyektiv ehtimallara əsaslanır və hüquqi müstəvidə əsaslandırılmış risk hesab edilə bilməz. Tərəflərin izahatlarından aydın olur ki, Borclu təqdimat verildiyi vaxta qədər icra sənədi üzrə mövcud olmuş 800 (səkkiz yüz) manat məbləğində aliment borcunu tam şəkildə ödəyib. Bu isə o deməkdir ki, icra sənədi üzrə borcun ödənilməsinin təmin edilməsi artıq faktiki olaraq başa çatdırılmışdır və borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb ola biləcək heç bir fakt qalmamışdır. Tələbkarın “borclu gələcəkdə ölkəni tərk etməklə aliment öhdəliklərini yerinə yetirməkdən boyun qaçıra bilər” kimi iradı yalnız fərziyyə xarakteri daşıyır, hüquqi dəyəri olan sübut və ya qanunla nəzərdə tutulmuş əsas deyil. Hüququn mütənasiblik prinsipi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı təcrübə də göstərir ki, hərəkət azadlığını məhdudlaşdıran tədbirlər ancaq real və sübut olunmuş təhlükə mövcud olduqda, demokratik cəmiyyətdə zəruri və məqsədəuyğun olduqda tətbiq edilə bilər. Bu baxımdan, borc tam ödənildiyi və icra sənədinin tələbləri yerinə yetirildiyi üçün gələcəkdə baş verə biləcək ehtimal edilən pozuntular əsasında şəxsin konstitusion azadlığının məhdudlaşdırılması qanunvericiliyin mahiyyətinə və Konstitusiyanın 28-ci maddəsində təsbit olunmuş hərəkət azadlığı hüququna zidd hesab olunur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-776/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramil Məmmədov tərəfindən verilmiş təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-776/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramil Məmmədov tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(071)-91/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-91/2025
23.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver