Məhkəmə qərarları › İş №8(071)-96/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №8(071)-96/2025

05.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 8(071)-96/2025 05.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, X1nun, Maraqlı şəxs rəisi X4 iştirakları ilə, Şirvan Şəhər Kommersiya Məhkəməsinin e-2(121)-275/2025 nömrəli qətnaməsinin hissə-hissə icra olunması barədə borclu X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 məhkəməyə ərizə ilə müraciət edərək, Şirvan Şəhər Kommersiya Məhkəməsinin Hakimi Zaur Abbasov tərəfindən qəbul edilmiş e-2-2(121)-275/2025 nömrəli məhkəmə qətnaməsini icra etmək imkanı olmadığı üçün hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 izahatında verilmiş suallara cavab olaraq bildirmişdir ki, əkinçiliklə məşğul idi və sonradan əkin sahələrinə verilən sular kəsildi. Ailə üzvləri 5 nəfərdən ibarətdir. Onların maddi dolanışığının çətin olduğunu bildirmişdir. Ərizəçi Tələbkar QSC-dən 14.000 manat kredit götürmüşdür. Öhdəliyinin icrasının təmini məqsədilə yaşayış evini girov qismində banka qoymuşdur. Belə ki, həmin vaxt əkin sahəsindən gələcək gəlirlərə ümid bağlayaraq bunu etmişdir. Lakin su çatışmazlığı səbəbindən əkin sahəsindəki məhsullar məhv olmuşdur. Odur ki, hazırda qətnamənin hissə-hissə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəisi X7 izahatında bildirmişdir ki, Şirvan Şəhər Kommersiya Məhkəməsinin qətnaməsi 7 oktyabr 2025-ci il tarixdə icraya daxil olmuşdur. Ərizəçi şəxs öz evini girov qismində banka qoyaraq kredit götürmüşdür. Ev hərraca çıxarılaraq satılacaq və şəxsin borcu ödəniləcəkdir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, qətnamənin hissə-hissə icra olunması barədə ərizə rədd edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Belə ki, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 12 və 13-cü bəndlərinə görə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmə bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Möhlətin müddətini, hissəhissə icranın ayrı-ayrı hissələrinin məbləğini və ya miqdarını, hissələrinin dövriliyini müəyyən edərkən ağlabatanlıq və ədalətlilik meyarlarını rəhbər tutmalıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 №-li Qərarının 6-cı bəndinə görə Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Həmçinin qətnamənin hissə-hissə icra olunması ilə bağlı buna tələbkarın razılığı nəzərə alınmalıdır. İş materiallarında Tələbkar QSC-nin belə bir razılıq ərizəsi yoxdur. Eyni zamanda ərizəçi ərizəsində istinad etdiyi Şirvan Şəhər Kommersiya Məhkəməsinin e- 2(121)-275/2025 nömrəli qətnaməsini iş materiallarına əlavə etməmişdir. Bundan başqa, həmin qətnamə artıq icraya göndərilmiş və ərizəçinin girov qoyduğu ev hərracda satışa çıxarılmışdır. Nəticə olaraq məhkəmə bu qənaətə gəlir ki, borclu ərizəsini əsaslandırarkən istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən və qətnamə artıq icraya yönləndirildiyi üçün girovla yüklənmiş ev açıq hərracda satışa çıxarıldığından X2 ərizəsi rədd edilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şirvan Şəhər Kommersiya Məhkəməsinin e-2(121)-275/2025 nömrəli qətnaməsinin hissə-hissə icra olunması barədə borclu X2 ərizəsi rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar