Məhkəmə qərarları › İş №8(072)-1/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №8(072)-1/2025

30.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(072)-1/2025 30.01.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Təqdimat verən şəxs-Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X5 iştirakı ilə, Goranboy Rayon Məhkəməsinin 2(045)-1869/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin 2(045)-1869/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)-1869/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından 16 avqust 2010-cu ildə anadan olmuş X2, 02 fevral 2014-cü ildə anadan olmuş X1 və 25 yanvar 2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək hər ay Borclu qazancından ümumilikdə 330 (üç yüz otuz) AZN sabit pul məbləğində aliment tutularaq, Tələbkar xeyrinə ödənilməlidir. Məhkəmə iclasında Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X6 təqdimatı müdafiə edərək, izahatında bildirmişdir ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-1869/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından 16 avqust 2010-cu ildə anadan olmuş X2, 02 fevral 2014-cü ildə anadan olmuş X1 və 25 yanvar 2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək hər ay Borclu qazancından 330 (üç yüz otuz) AZN sabit pul məbləğində aliment tutularaq, Tələbkar xeyrinə və iddia qaldırılması üçün ödənilmiş 59.60 (əlli doqquz, altmış) AZN məbləğində dövlət rüsumu tutularaq, Dövlət nəfinə ödənilməlidir. İcra sənədi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” Borclu bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Borclu olduğu yer məlum olmadığı üçün barəsində “Borclunun axtarışı haqqında” qərar qəbul edilmişdir. Borclu Əhmədov X4 Rayon İcra və Probasiya Şöbəsinə gələrək bildirmişdir ki, keçmiş həyat yoldaşı Səbinə ilə olan şəxsi münasibətlərinə, eləcə də uşaqları ilə ünsiyyət saxlamasına mane yaratmasına görə hər ay vaxtı-vaxtında müəyyən edilmiş aliment məbləğini ödəməmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, Borclu icra sənədinə əsasən aliment borcunu tələbkarın xeyrinə ödəməmişdir. Bütün bunlara baxmayaraq, icra sənədi üzrə tələbin yerinə yetirilmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən edilmiş xəbərdarlıq heç bir müsbət nəticə verməmişdir. Bundan başqa, Borclu yaşayış yerində tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Əldə edilmiş məlumata əsasən Borclu ölkə hüdudlarını tərk etmək ehtimalı vardır. Eyni zamanda bildirir ki, Cəbrayıl Rayon Məhkəməsinin 3(072)-173/2024 saylı, 24 dekabr 2024-cü il tarixli qərarına əsasən Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 08 (səkkiz) gün müddətində inzibati həbs edilmişdir. Bütün bunları nəzərə alaraq, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər-tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə işdə iştirak edən digər şəxslər-tələbkar və borclunun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri tam və obyektiv araşdırıb hesab edir ki, “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimat aşağıdakı səbəblərə görə təmin edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, təqdimatda icra şöbəsi tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl borclunun icra sənədini icra etməkdən yayınması və könüllü icra edilməməsi göstərilmiş, buna dair mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, icra şöbəsi tərəfindən borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən icra etməməsinin nədən ibarət olması faktı əsaslandırılmışdır. Bundan başqa, borclunun icra sənədinin icra edilməsi ilə əlaqədar icra şöbəsinin çağırışına gəlməkdən, icra hərəkətlərinin könüllü həyata keçirilməsindən yayınması və icra şöbəsi tərəfindən borclunun əmlak vəziyyətinin yoxlanılması, eləcə də, tələbin borclunun adına olan əmlaka yönəldilməsi ilə bağlı icra tədbirinin görülməsinə dair mötəbər sübutlar təqdimata əlavə edilmişdir. Beləliklə, qeyd edilən məsələ ilə bağlı müvafiq tənzimlənmənin həyata keçirilməsini, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi faktı təqdimat və ona əlavə edilmiş sənədlərdə müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tədbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda, icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim edilməsini təmin edir, 2.2.2: icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin səbəblərini müəyyənləşdirir, 2.2.3: borcun ödənilməsi tələbinə dair icra sənədinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən, onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq Goranboy Rayon Məhkəməsinin 2(045)-1869/2023 saylı, 17 oktyabr 2023cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiq olduğu üçün (mütənasiblik prinsipi...) Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətinə Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar