Məhkəmə qərarları › İş №8(072)-2/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №8(072)-2/2024

13.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(072)-2/2024 13.05.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11867/2016 saylı, 05 sentyabr 2016-cı il tarixli icra sənədi üzrə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 “İcraata xitam verilməsi haqqında” 09 mart 2017-ci il tarixli qərarından X2 Allahverdi qızının şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 Allahverdi qızı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11867/2016 saylı, 05 sentyabr 2016-cı il tarixli icra sənədinə əsasən Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 “İcraata xitam verilməsi haqqında” 09 mart 2017-ci il tarixli qərarından şikayət ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11867/2016 saylı, 05 sentyabr 2016-cı il tarixli icra sənədinə əsasən borclu X1 qazancından hər ay 351 (üç yüz əlli bir) AZN sabit pul məbləğində aliment tutularaq, X2 Allahverdi qızının xeyrinə ödənilməlidir. 09 mart 2017-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərar”a əsasən Cəbrayıl Rayon İcra Qrupunun icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11867/2016 saylı, 05 sentyabr 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri tam, obyektiv və hərtərəfli araşdırıb hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, X2 Allahverdi qızı Azərbaycan Respublikasının icra haqqında qanunvericiliyinə düzgün əməl etmədən “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, X2 Allahverdi qızı məhkəmə tərəfindən verilmiş “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərardan şikayət ərizəsi ilə icra sənədini vermiş Sumqayıt Şəhər Məhkəməsinə deyil, Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının icra haqqında qanunvericiliyinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən tərəflər “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərardan icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Hazırda haqqında şikayət olunan icra sənədi Cəbrayıl Rayon Məhkəməsi tərəfindən deyil, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə, icra sənədi üzrə icraata xitam verilir. Həmin Məcəllənin 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Çerniçkin Rusiyaya qarşı” iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (Ədalətli məhkəmə araşdırması hüququ) tələblərini pozur. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, X2 Allahverdi qızı Azərbaycan Respublikasının icra haqqında qanunvericiliyinin tələblərinə riayət etmədən “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Eyni zamanda, X2 Allahverdi qızına Azərbaycan Respublikasının icra haqqında qanunvericiliyinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərardan şikayət ərizəsi ilə icra sənədini vermiş Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11867/2016 saylı, 05 sentyabr 2016-cı il tarixli icra sənədi üzrə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 “İcraata xitam verilməsi haqqında” 09 mart 2017-ci il tarixli qərarından X2 Allahverdi qızı tərəfindən verilmiş şikayət tələbkara geri qaytarılsın. X2 Allahverdi qızına Azərbaycan Respublikasının icra haqqında qanunvericiliyinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərardan şikayət ərizəsi ilə icra sənədini vermiş Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar