Məhkəmə qərarları › İş №8(073)-121/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №8(073)-121/2025

15.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 8(073)-121/2025 15.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, X4 Vəkil oğlunun nümayəndəsi və vəkili X1, Borclu Maraqlı şəxs iştirakları ilə, Cəlilabad Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(073)-1087/2022 saylı qətnaməsinin icra üsulunun dəyişdirilərək, Maraqlı şəxs yanında yaşayan uşaqları 25 dekabr 2017-ci təvəllüdlü X5 və 03 fevral 2019-cu il təvəllüdlü X3 ilə hər həftənin şənbə və bazar günləri gecə onda qalmaqla ünsiyyət saxlamaq hüququnun təmin edilməsinə dair X4 Vəkil oğlunun ərizəsinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə Müəyyən etdi: X4 Vəkil oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(073)-1087/2022 saylı qətnaməsinin icra üsulunun dəyişdirilərək, Maraqlı şəxs yanında yaşayan uşaqları 25 dekabr 2017-ci təvəllüdlü X5 və 03 fevral 2019-cu il təvəllüdlü X3 ilə hər həftənin şənbə və bazar günləri gecə onda qalmaqla ünsiyyət saxlamaq hüququnun təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 Vəkil oğlunun nümayəndəsi və vəkili X2 ərizəni müdafiə edərək, verdiyi izahatında bildirdi ki, X4 Vəkil oğlu borclu Maraqlı şəxs ilə 2016-cı ildə faktiki ailə qurmuşalar və onların faktiki nikahından uşaqları 25 dekabr 2017-ci təvəllüdlü X5 və 03 fevral 2019-cu il təvəllüdlü X3 doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş və nəticədə ayrılmışlar. Tələbkarın müraciəti əsasında Cəlilabad Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(073)-1087/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı İsmayılov Aydın Vəkil oğlunun cavabdeh Maraqlı şəxs yanında yaşayan xx.xx.2017-ci təvəllüdlü Əli və xx.xx.2019-cu il təvəllüdlü Hüseyn adlı uşaqları ilə ünsiyyətdə olma hüququ bərpa edilərək, onun həmin uşaqlarla görüş vaxtı hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 17:00-dək müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Lakin qeyd olunan qətnamə ilə təyin olunmuş görüş vaxtı tələbkarın uşaqları ilə istədiyi kimi ünsiyyətdə olmasına, onların qayğısına qalmasına və zəruri ehtiyaclarının ödənilməsi baxımından kifayət etmir. Belə ki, X4 Vəkil oğlu Fizuli rayonu Alıxanlı kəndində yaşayır və onun uşaqları ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və təkrar bazar günləri Cəlilabad rayonuna gəlibgetməsinə itirdi vaxt uşaqları ilə keçirdiyi vaxtdan daha çoxdur. Bu səbəbdən də hesab edir ki, ərizənin təmin olunması istər tələbkarın valideynlik hüquqları, istəsə də qanunun tələbi baxımından daha məqsədəmüvafiqdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında borclu Maraqlı şəxs ərizəni etiraf etməyərək, verdiyi izahatında bildirdi ki, Cəlilabad Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(073)-1087/2022 saylı qətnaməsi ilə X4 Vəkil oğlunun uşaqları 25 dekabr 2017-ci təvəllüdlü X5 və 03 fevral 2019-cu il təvəllüdlü X3 ilə ünsiyyətdə olma hüququ bərpa edilərək, onun uşaqlarla görüş vaxtı hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 17:00-dək müəyyən edilmişdir. Hesab edir ki, təyin olunmuş görüş vaxtı uşaqların mənafeyinə uyğundur və qətnamənin icra üsulunun dəyişdirilməsinə zərurət yoxdur. Qeyd etdiklərinin nəzərə alınaraq ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cəlilabad Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(073)-1087/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı İsmayılov Aydın Vəkil oğlunun cavabdeh Maraqlı şəxs yanında yaşayan xx.xx.2017-ci təvəllüdlü Əli və xx.xx.2019-cu il təvəllüdlü Hüseyn adlı uşaqları ilə ünsiyyətdə olma hüququ bərpa edilərək, onun həmin uşaqlarla görüş vaxtı hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 17:00-dək müəyyən edilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin Ailə Məcəlləsinin 50.1-ci maddəsinə görə uşaq valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə valideynlər uşaqlarının tərbiyəsində digər şəxslərlə müqayisədə üstün hüquqlara malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 oktyabr 2011-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, …Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Məhkəmə qeyd olunanları və tələbkarın Fizuli rayonu Alıxanlı kəndində yaşadığından və uşaqları ilə ünsiyyəti hazırki vəziyyətdə əlverişsiz olmasını nəzərə arlaraq hesab edir ki, ərizə təmin edilməklə, X4 Vəkil oğlunun uşaqları 25 dekabr 2017-ci təvəllüdlü X5 və 03 fevral 2019-cu il təvəllüdlü X3 ilə hər həftənin şənbə və bazar günləri gecə onda qalmaqla təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(073)-1087/2022 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icra üsulu və qaydası dəyişdirilərək, X4 Vəkil oğlunun Maraqlı şəxs yanında yaşayan uşaqları 25 dekabr 2017-ci təvəllüdlü X5 və 03 fevral 2019-cu il təvəllüdlü X3 ilə ünsiyyət qaydası hər həftənin şənbə və bazar günləri gecə onda qalmaqla təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar həftənin şənbə günü saat 11:00-da borclu Maraqlı şəxs tərəfindən onun yaşayış yeri üzrə Cəlilabad rayonu Bayxanlı kəndində X4 Vəkil oğluna təhvil verilsin, həftənin bazar günü saat 17:00-da isə eyni ünvanda X4 Vəkil oğlu tərəfindən borclu Maraqlı şəxs təhvil verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar