Məhkəmə qərarları › İş №8(074)-173/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-173/2022

19.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-173/2022 19.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Bağırovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babək İsmayılov məhkəməyə təqdimatla müraciət edərək Şamaxı rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(074)- 600/2022 saylı icra vərəqəsinin icrası məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon məhkəməsinin 2(074)-600/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2021-ci il tarixli RGTK3421560A173 saylı kredit müqaviləsinə əsasən 11156,53 manat əsas, 1857,34 manat faiz, cəmi 13013,87 manat pul və dövlət rüsumu kimi ödənilmiş 129,04 manat pul alınaraq iddiaçı Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. Borclu şöbəyə dəvət edilmiş və izahatı alınmışdır. O izahatında bildirmişdir ki, icra sənədində göstərilən tələb üzrə borc məbləğini tam şəkildə ödəməyə maddi imkanı yoxdur.Elektron İcra sistemi vasitəsilə borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin borcluda tələbin yönəldilə biləcəyi heç bir əmlak və ya qiymətli əşya aşkar olunmamışdır. Məhkəmədən Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən Borclu göstərdi ki, Şamaxı rayon məhkəməsinin 2(074)-600/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən ondan xx.xx.2021-ci il tarixli RGTK3421560A173 saylı kredit müqaviləsinə əsasən 11156,53 manat əsas, 1857,34 manat faiz, cəmi 13013,87 manat pul və dövlət rüsumu kimi ödənilmiş 129,04 manat pul alınaraq iddiaçı Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədi üzrə borcu ödəməkdən yayınmır. Belə ki, rəsmi iş yeri var və aylıq əmək haqqı 300 manat təşkil edir. İcra şöbəsi bu barədə məlumatlıdır və icra sənədinin icrasını əmək haqqına yönəldə bilər. Son 2 ay ərzində icra sənədi üzrə 2 dəfə 150 manat ödəniş etdiyini bildirib, əmək haqqı barədə arayışını məhkəməyə təqdim etdi və təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tələbkar, icra məmuru məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarından görünür ki, Şamaxı rayon məhkəməsinin 2(074)-600/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2021-ci il tarixli RGTK3421560A173 saylı kredit müqaviləsinə əsasən 11156,53 manat əsas, 1857,34 manat faiz, cəmi 13013,87 manat pul və dövlət rüsumu kimi ödənilmiş 129,04 manat pul alınaraq iddiaçı Tələbkar ASC-yə ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 19 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, iş üzrə icraata başlanılmış və borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə təklif edilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon icra şöbəsinin 19 avqust 2022-ci il tarixli könüllü icra barədə bildirişlərin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin könüllü icra olunması barədə təklif edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şamaxı rayon İcra və probasiya şöbəsi tərəfindən Borclu dəvət edilməsi və onun şöbəyə gəlməməsi barədə subut təqdim edilməmişdir. Eyni zamanda müəyyən olundu ki, borclunun daimi iş yeri və aylıq gəliri vardır. Belə olan halda borcun ödənilməsi əmək haqqına yönəldilməsi məsələsi həll edilməli idi. Ona görə də Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığından təqdimat təmin edilə bilməz. Yuxarıda göstərilənləri, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 20-21-ci maddələrini və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şamaxı rayon məhkəməsinin 2(074)-600/2022 saylı 09 iyun 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babək İsmayılovun təqdimatı rədd edilsin. Qərardaddan 10 gün müddətində Şamaxı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar