Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-74/2022 19.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı şəhər Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Tələbkar X1 və Borclu iştirakları ilə, Şamaxı rayon Məhkəməsinin 2(074)-1138/2019 saylı 22 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə borc məbləğinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsinə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixlı 2(074)-1138/2019 saylı qətnaməsi ilə cavabdeh Borclu 26 sentyabr 2019-cu il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat aliment və eyni zamanda xx.xx.2019-cu il təvəllüdlü X5 3 yaşına çatanadək 50 manat məbləğində aliment alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək Şamaxı rayon Məhkəməsinin 2(074)- 1138/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrası üçün Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsi tərəfindən ondan tutulmalı olan 1135 manat məbləğində pul ödənişinin aylıq 50 manat olmaqla hissə-hissə icra olunması üçün qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-1138/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin edilmədiyi üçün Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati xəta törətməkdə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilib. Bununla əlaqədar 10 gün müddətində Şamaxı Rayon Məhkəməsinin 2(074)-1138/ 2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tələbkar Miriyeva (Məmmədova) Bəyim Süleyman qızına 1135 manat aliment borcunun ödənilməsi ilə bağlı ona xəbərdarlıq edilmişdir. Hal-hazırda maddi vəziyyəti yol vermir ki, Binəqədi rayon İcra Şöbəsinin xəbərdarlıq sənədində göstərilən məbləği tam olaraq ödəsin. Borcundan aylıq olaraq ödənişlər etmək iqtidarındadır, lakin borcunu bir dəfəlik ödəmək imkanı yoxdur. Bu səbəbdən o iddiaçıya olan borcunu vaxtında ödəmək istəsə də, ondan asılı olmayan səbəbdən ödəmək iqtidarında deyil. Həmin məbləği bir dəfəlik ödəmək imkanı xaricindədir. Qətnamənin icrasının hissə-hissə ödənilməsi barədə qərardad çıxarılsa ödəniş etmək iqtidarında ola bilər. Məhkəmə iclasında iştirak edən tələbkar X4 ərizə ilə məhkəməyə müraciət edərək icra sənədi üzrə borc məbləğinin hissə-hissə icra edilməsinə etiraz edərək ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu ərizəsini müdafiə edərək bildirdi ki, işləmədiyinə görə ödəniş edə bilməyib. Buna görə də ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tələbkar və borclunun izahatını dinləyib, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-1138/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh Borclu 26 sentyabr 2019-cu il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat aliment və eyni zamanda xx.xx.2019-cu il təvəllüdlü X5 3 yaşına çatanadək 50 manat məbləğində aliment alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, Borclu 10 gün müddətinə Şamaxı rayon Məhkəməsinin 2(074)-1138/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tələbkar X3 olan 1135 manat aliment borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi qanunvericiliyə görə hakim tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Borclunun əmlak vəziyyəti” anlayışı bəllidir, “digər hallar” ifadəsi isə geniş əhatəlidir, bura həm borcluya, həm də tələbkara aid olan müxtəlif hallar daxildir, hansı ki, borcluya qətnaməni icra etməsi üçün çətinlik yaradır, lakin tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirmir. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icra olunması məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir, əgər qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirərsə buna icazə verilə bilməz. Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 №-li qərarınında da bu mövqe öz əksini tapmışdır. Belə ki, qərarın 12-ci bəndində qeyd olunur: “Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar”. Həmçinin, Ali Məhkəmənin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, hazırki halda icra sənədi üzrə borc məbləğinin hissə-hissə icra olunması tələbkarın mənafeyi baxımından məqsədə uyğun sayıla bilməz. Əks təqdirdə bu məhkəmə qətnaməsinin səmərəliliyini azaldır və tələbkar öz hüquqlarını realizə etmək imkanından məhrum olur. Belə ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-1138/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icraya yönəldilməsindən 2 ildən çox müddət keçmiş və həmin müddətdə qətnamənin icrasına hələ də nail olunmamışdır. Bundan başqa borclunun icra sənədi üzrə olan 1135 manat aliment məbləğin ayda 50 manat olmaqla ödənilməsi qanuni qüvvədə olan məhkəmə qətnaməsinin daha uzun müddətə icra olunmasına gətirib çıxaracaq və digər tərəfdən isə tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirəcəkdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şamaxı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(074)-1138/2019 saylı icra sənədinin hissə-hissə icra olunması barədə Borclu ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-74/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-74/2022
19.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver