Məhkəmə qərarları › İş №8(074)-74/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-74/2023

22.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-74/2023 22.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, icra sənədi üzrə borclular Borclu1 və Borclu2, tələbkar N.Tusi adına X2 nümayəndəsi X8 və Maraqlı şəxs böyük icra məmuru X3 iştirakı ilə, borclular Borclu1 və Borclu2 icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Borlcular Borclu1 və Borclu2 ərizə ilə məhkəməyə müraciət edərək, Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(026)-43/2021 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında Borclu1 ərizəni müdafiə edərək göstərdi ki, mənzil mübahisəsi işinin yeni əsaslarla, yeni predmetlə və yeni tərəflər arasında məhkəmə icraatında olmasını təsdiq edən məhkəmə qərardadlarını və məhkəmə bildirişlərini Şamaxı İcra və Probasiya Şöbəsinə şəxsən təqdim etmişlər, lakin bu iş məhkəmənin icraatında olmasına baxmayaraq, tez-tez narahat edilirlər. Belə ki, xx.xx.2023-cü il tarixdə və sonra xx.xx.2023cü il tarixdə yaşadıqları ünvana polis maşınları, sahə müvəkkili, içərisində FHN-nin əməkdaşları və həkimlər olan X14 maşını göndərilmiş, onlar yaşadıqları evin qapısını döyəcləməklə evdən çıxmalarını, lazım gəldikdə isə evin qapısını sındıracaqlarını uca səslə deyib getmişlər. Şamaxı İcra və Probasiya Şöbəsinin əməkdaşları ilə bu barədə əlaqə saxlayıb lazımi izahatlar vermişlər. Amma onlar qəti şəkildə bildirmişlər ki, cavabdeh N.Tusi adına X2 rəhbərliyi onlara ciddi təzyiq göstərdiyinə görə belə edirlər. Bu barədə Şamaxı Rayon Məhkəməsinə dəfələrlə yazılı və şifahi məlumatlar vermişlər və hətta müvəqqəti təminat tədbirinin tətbiqi barədə də ərizə vermişlər. Lakin, həmin ərizə əsassız hesab edilərək təmin edilməmişdir. Halbuki, sözügedən ərizə tam əsaslı idi. xx.xx.2023-cü il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası başa çatandan sonra, Şamaxı İcra və Probasiya Şöbəsindən onlar yenə izahata çağırmışlar. Məhkəməyə əlavə sübut kimi yenicə əldə etdikləri məlumatı verir. Belə ki, Maraqlı şəxs tərəfindən onlara 2744/4 saylı, xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Həmin məktubda çoxsaylı Dövlət Orqanlarına - polisə, icra nümayəndəsinə, FHN-ə və Şamaxı RMX-na müraciət edilməklə, xx.xx.2023-cü il tarixdə onların birgə yaşadıqları ünvan 1 ünvanının qapısının sındırılması nəzərdə tutulmuşdur. Lakin fakt odur ki, onlar tərəfindən icra sənədinin verilməsinə əsas olan tələbə dair iddia qaydasında məhkəməyə müraciət etmişlər və bu iddia tələbi məhkəmə baxışına verilmişdir. Buna baxmayaraq, Maraqlı şəxs əməkdaşları xx.xx.2023-cü il tarixdə onların yaşadığı ünvan 2 ünvanına gələrək, Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə dair icra sənədini qismən icra etmişdirlər. İcra məmurları onların yaşadığı ünvanda bütün əmlakları və avadanlıqları videoçəkilişlə qeyd edib, həmin əmlaklar və avadanlıqlar yaşadıqları evdə qalmış və evin ümumi qapısının kilidini dəyişərək, xx.xx.2023-cü il tarixədək həmin evə daxil olmaqlarını qadağan etmişdirlər. Onların əmlaklarını yerləşdirməyə və yaşamağa başqa yerləri yoxdur. Göstərilənlərə əsasən, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar N.Tusi adına X2 nümayəndəsi X8 icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəni əsassız hesab edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs böyük icra məmuru X4 göstərdi ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(026)-43/2021 saylı icra sənədi üzrə tələb xx.xx.2023-cü il tarixdə qismən icra olunaraq, Borclu1, Borclu2 və onların ailə üzvləri Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsində yerləşən 3 otaqlı, 15 saylı mənzildən çıxarılması təmin olunmuş və yalnız əşyaların çıxarılması üçün xx.xx.2023-cü il tarixədək müddət müəyyən olunmuşdur. Odur ki, icra sənədi üzrə icraatın dayandırılması barədə verilmiş ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Borclu2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. İş materiallarında olan Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(026)-43/2021 saylı icra sənədinə əsasən, Borclu1, Borclu2 və onların ailə üzvü olan yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü X5 və 2011-ci il təvəllüdlü X1 rayonu, Yusif Məmmədəliyev qəsəbəsində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına X2 mülkiyyətində olan 5 mərtəbəli yaşayış binasının sahəsi 86 kv.metr olan, 3 otaqlı, 15 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. İş materiallarından görünür ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(026)-43/2021 saylı icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə İcraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi üzrə tələbin könüllü icrası barədə borclulara bildiriş göndərilmişdir. Hazırda isə borclular Borclu1 və Borclu2 “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə istinad edərək, icra sənədi üzrə icraatın dayandırılmasını xahiş edirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə; borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; tələbkarın müvafiq xahişi olduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda, icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Göründüyü kimi, qanunvericilikdə icraatın dayandırılmasının məcburi olduğu hallarda, icra sənədi üzrə icraatın icra məmuru tərəfindən dayandırılması nəzərdə tutulmuşdur. Lakin, borclular Borclu1 və Borclu2 qanunun qeyd olunan normasına əməl etməyərək, icra sənədi üzrə icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Eyni zamanda, məhkəmə iclasında verilmiş izahatlardan müəyyən olundu ki, icraatın dayandırılması xahiş olunan Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(026)-43/2021 saylı icra sənədi üzrə tələb artıq qismən icra olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(026)-43/2021 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə borclular Borclu1 və Borclu2 tərəfindən verilmiş ərizə təmin olunmamalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(026)-43/2021 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə borclular Borclu1 və Borclu2 tərəfindən verilmiş ərizə təmin olunmasın. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar