Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-180/2023 07.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin e-2(075)-1784/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqdimatın mahiyyəti: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu (xx.xx.1994-cü il tarixində Şəki rayonu, Cəfərabad kəndində anadan olmuş və Şəki rayonu, Cəfərabad kəndində qeydiyyatda olan və yaşayan) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(075)-1784/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 7738 manat, 300 manat mənəvi zərər və 130 manat dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. İcra sənədinin könüllü müddət ərzində icra edilməsi üçün borcluya 10 gün vaxt verilmiş, lakin borclu icra sənədinin icrasını könüllü müddət ərzində təmin etməmişdir. Borclu icra sənədi üzrə tələbin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Borcluya edilən xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələb keçən müddət ərzində təmin edilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclunun mülkiyyətində tələbin yönəldiləsi əmlakın, pul vəsaitinin və qızıl-zinət əşyalarının olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Nəticədə borcluya məxsus banklarda pul vəsaiti, tələbin yönəldilməsi üçün əmlak və gəlirlər aşkar edilməmişdir. Görülmüş digər tədbirlər nəticəsində Borclu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də işlədiyi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixində borcluya hesablanan əmək haqqından hər ay 40 (qırx) % həcmində tutulmaların aparılması məqsədilə 5082/7 saylı, xx.xx.2023-cü il tarixli təklif məktubu göndərilmişdir. Bundan başqa “Elektron İcra” sistemindən çıxarışa əsasən Borclu C01691957 nömrəli, 2017-2027-ci illər arası etibarlı olan ümumvətəndaş pasportu ilə təmin edildiyi, eyni zamanda mütəmadi olaraq xarici ölkəyə gedərək yaşayış yerini dəyişməsi müəyyən edilmişdir. Hazırda Borclu ödənilməmiş qalıq borcu 6600 manat təşkil edir. Odur ki, Borclu xarici ölkəyə gedərək yaşayış yerini dəyişməsi icra sənədinin icrasının təmin edilməsində çətinliklər yarada bilər. Göstərilənlərə əsəsən taqdimatın təmin edilməsi xahiş edilmişdir. Təqdimatın hüquqi əsas kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə istinad edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimata uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Borcluya və tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə borclunun və tələbkarın iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(075)-1784/2022 saylı icra vərəqəsinə əsasən Borclu Tələbkar xeyrinə 8168 manat pulun tutulması müəyyən edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərar xx.xx.2023-ci il tarixdə borcu Borclu təqdim edilmiş, borclunun hazırda bank hesabında pul vəsaitinin, adına daşınar və ya daşınmaz əmlakın olub-olmaması barədə müvafiq sorğular göndərilmiş, lakin onun adına hər hansı pul vəsaiti, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Tələbin əmək haqqına yönəldilməsi ilə bağlı "xxxx" MMC-yə müraciət edilmiş, "xxxx" MMC X3 Şəki Şöbəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda Borclu ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrlə xitam verildiyi bildirilmiş və əmrin surəti əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, borclunun əmlak vəziyyətinin müəyyən edilməsi üçün yaşadığı evə baxış keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixdə borcu Borclu izahatı alınmışdır. Borclu izahatında icra sənədi barədə məlumatı olduğunu, məhkəmə qərarını və icra məmurunun bildirişini aldığını, bir dəfə 100 manat ödəniş etdiyini, hal-hazırda maddi vəziyyəti ağır olduğunu, sonuncu dəfə Rusiya Federasiyasında olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş Borclu barəsində olan çıxarışdan görünür ki, o, bir neçə dəfə ölkəni tərk edərək xarici ölkəyə getmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıla bilməsi üçün ilkin şərt icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlamaq haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə, izahatının alınaraq ona məsuliyyəti barədə xəbərdarlıq edilməsinə, icra sənədinin verilməsindən uzun müddət vaxt keçməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, bir neçə dəfə ölkə hüquqlarından kənarda olmasını, borclunun yenidən ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini və ödənilməmiş məbləği nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Nəticə: Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-1784/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.1994-cü il tarixində Şəki rayonu Cəfərabad kəndində anadan olmuş, Şəki rayonu Cəfərabad kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №8(075)-180/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-180/2023
07.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver