Məhkəmə qərarları › İş №8(075)-191/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-191/2024

14.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-191/2024 14.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim оğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Borclu iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-457/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(075)-457/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1997-ci ildə anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu 617 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Təqdimatın hüquqi əsas kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə istinad edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Borclu borcunu qəbul etdiyini, son ay 50 manat ödəniş etdiyini, 3 aya borcumu tam bağlayacağını şirkətə və icra şöbəsinə bildirdiyini, həm sağlamlığı ilə əlaqəli, həm də işlə əlaqəli onun ölkədən getmək hüququnun məhbudlaşdırmamasını, o, hazırda Gürgüstan Respublikasında işlədiyini, səhhətində problemlər olduğunu, Gürgüstan Respublikasında müalicə aldığını, ona borcunu ödəməsi üçün 3 ay vaxt verilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Tələbkara və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tələbkarın və icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə təqdimatı və təqdimata əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəki Rayon Məhkəməsinin 2(075)-457/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 617 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq Tələbkar xeyrinə ödənilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətlərindən görünür ki, Borclu Şəki Rayon Məhkəməsinin 2(075)-457/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir (2.2.1); icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir (2.2.2.); borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır (2.2.3). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Lakin icra məmuru tərəfindən borclunun hər hansı daşınar və daşınmaz əmlakının olub-olmaması, maaş, pensiya, müavinət alıb-almaması araşdırılmamış, bu barədə hər hansı sübut təqdimata əlavə edilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, icra məmuru tərəfindən icra sənədinin icra edilməməsinin səbəbləri müəyyənləşdirilməmiş, eləcə də borclunun əmlakının axtarılması üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə verilmiş təqdimat əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəki Rayon Məhkəməsinin 2(075)-457/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə verilmiş təqdimat rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar