Məhkəmə qərarları › İş №8(075)-5/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-5/2025

10.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-5/2025 10.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Borclu iştirakları ilə, Borclu əmlakı üzərinə həbsin qoyulması barədə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimat verərək, icra sənədləri üzrə tələblərin Borclu məxsus olan, Şəki rayonu, Sarıca kəndində yerləşən 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, daşınmaz əmlakın üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-363/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borcludən cəmi 5645.25 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Şeki rayonu üzrə icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan 7.7508 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki. məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Odur ki, icra sənədi üzrə Borclu məxsus olan, Şəki rayonu Sarıca kəndində yerləşən 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, daşınmaz əmlakın üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsinə dair qarardad çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, borcunu qəbul edir. Təqdimatda göstərilən borc məbləğini hissə-hissə ödyəcəkdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclunun izahatı alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, **********35 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu Sarıca kəndində yerləşən 10.3345 ha torpaq sahəsinin 7.7508 ha hissəsi Borclu, 2.6830 ha hissəsi İsayev Bazarbəy Rza oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 394 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43 və 44-cü maddələrinə əsasən: 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir... Təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədinin icrası ilə əlaqədar olaraq borcluya tələbin könüllü icrası üçün müəyyən müddət verilmiş, lakin borclu bu müddət ərzində borcu ödəməmişdir. Şəki rayon üzrə İcra və Probasiya Şöbəsi tərəfindən borcluya rəsmi xəbərdarlıq edilmiş, bu da nəticə verməmişdir. Həmçinin banklarda borcluya məxsus pul vəsaitinin olmadığı müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Borclu məxsus olan Şəki rayonu Sarıca kəndində yerləşən 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmalı və tələbin həmin əmlaka yönəldilməlidir. Qeyd edilənlərə əsasən İcra haqqında Azərbaycan Respublikası Qanununun 50-ci və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus olan Şəki rayonu Sarıca kəndində yerləşən 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Tələb Borclu məxsus olan Şəki rayonu Sarıca kəndində yerləşən 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilsin. Qərardaddan, rəsmi qaydada alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar