Məhkəmə qərarları › İş №8(075)-67/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-67/2024

28.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-67/2024 28.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Borclu iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-1699/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqdimatın mahiyyəti: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(075)-1699/2022-009 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1970-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 5471.69 manat məbləğində pul vəsaiti və 74.71 manat dövlət rüsumu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Şəki rayonu üzrə icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Təqdimatın hüquqi əsas kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə istinad edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Borclu oğlu izahat verərək bildirdi ki , qeyd olunan icra sənədi barədə məlumatı var. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi işsiz olmasıdır. Psixatriyada tez-tez yatır. Keçən il “Azərpoçt”dan çıxmışdır. Çünki tez-tez qıcolmaları olur. Tələbkara və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tələbkarın və icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-1699/2022 saylı icra vərəqəsinə əsasən Borclu Tələbkar ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli Kredit Kartına dair müqaviləyə əsasən 189,97 AZN əsas borc, 62,23 AZN faiz borcu, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 4398,16 AZN əsas borc 821,33 AZN faiz borcunun və 74,71 AZN dövlət rüsumunun tutulması müəyyən edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə bildiriş tərtib edilmişdir. Borclunun hesabında pul vəsaitinin olması ilə bağlı sorğular göndərilmiş, lakin hər hansı pul vəsaitinin olmadığı müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıla bilməsi üçün ilkin şərt icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlamaq haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə, borclunun icra sənədindən məlumatlı olmasına, icra sənədinin verilməsindən uzun müddət vaxt keçməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini və ödənilməmiş məbləği nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Nəticə: Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-1699/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu xx.xx.1970-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar