Məhkəmə qərarları › İş №8(076)-196/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-196/2025

01.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-196/2025 01.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quliyeva Zərnişan Firdovsi qızının katibliyi ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-211/2024 saylı icra sənədinə əsasən Borclu Fidan, Həsən və Əli adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin alınıb Tələbkar verilməsi qət edilmişdir. Bununla əlaqədar borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, lakin icra sənədində göstərilən tələb təmin olunmamışdır. İcra sənədini icra edən Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək başqa məcburi icra tədbirlərinin nəticə vermədiyini, Borclu tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını, bu səbəbdən borcluya məxsus olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, ev-11, mənzil-24 ünvanında yerləşən, ümumi sahəsi 58.40 kv.m olan mənzilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli Qərarı ilə fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı müəyyən olunmuş, həmin siyahının 1-ci bəndində göstərilmişdir ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərtilə) tələbin yönəldilməsinə yol verilmir. Təqdimata əlavə edilmiş şəxsin əmlak məlumatından görünür ki, Borclu mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, ev-11, mənzil-24 ünvanında yerləşən, 3 otaqlı, ümumi sahəsi 58.40 kv.m olan mənzil vardır. Göründüyü kimi üzərinə həbs qoyulması tələb olunan mənzil 3 otaqlı, cəmi 58.40 kv.m olmaqla, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələrini özündə ehtiva edir ki, belə olan halda icra sənədi üzrə məcburi icra hərəkətləri çərçivəsində həmin mənzilin üzərinə həbs qoyma növündə məcburi icra tədbirinin həyata keçirilməsi qanuna uyğun deyildir. Odur ki, məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərdən keçirərək hesab edir ki, borclunun əmlakı üzərinə həbs qoyulmasına dair hazırki təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclunun əmlakı üzərinə həbs qoyulması barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar