Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-240/2025 24.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Tələbkar: Tələbkar2 Borclu: Borclu iştirakı ilə İddiaçılar Tələbkar1 və Tələbkar2 cavabdeh Borclu qarşı uşaqla ünsiyyətə qoyulan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə qəbul edilmiş Şəmkir Rayon Məhkəməsinin 16 sentyabr 2024–cü il tarixli 2(076)–3168/2024 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə tələbkarların ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 16 sentyabr 2024–cü il tarixli 2(076)– 3168/2024 saylı qətnaməsi ilə iddiaçılar Tələbkar1 və Tələbkar2 cavabdeh Borclu qarşı uşaqla ünsiyyətə qoyulan maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilərək, Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 08 iyul 2024–cü il tarixli qərarı ilə müəyyən edilmiş, 13 sentyabr 2020–ci il təvəllüdlü Raul adlı nəvələri ilə hər həftənin şənbə günləri saat 12:00–dan saat 16:00–dək iddiaçılar Tələbkar1 və Tələbkar2 görüşüb ünsiyyətdə olmalarına cavabdeh Borclu tərəfindən qoyulan maneənin aradan qaldırılması qət edilmişdir. Hazırda qeyd olunan icra sənədi üzrə tələbkarlar Tələbkar1 və Tələbkar2 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 16 sentyabr 2024–cü il tarixli 2(076)–3168/2024 saylı qətnaməsinin icra üsulunun dəyişdirilərək, hər həftənin şənbə və bazar günləri saat 10:00–dan saat 18:00–dək, hər il Yeni il bayramı ilə əlaqədar 01 yanvar tarixində saat 10:00–dan saat 18:00–dək, hər il Novruz bayramı ilə əlaqədar 21 mart tarixində saat 10:00–dan saat 18:00–dək, hər il Ramazan bayramı ilə əlaqədar bayramın 2–ci günü saat 10:00–dan saat 18:00–dək, hər il Qurban bayramı ilə əlaqədar bayramın 2–ci günü saat 10:00–dan saat 18:00–dək, hər il Uşaqların beynəlxalq müdafiəsi günü saat 10:00–dan saat 15:00–dək, hər il uşağın ad günü ilə əlaqədar 13 sentyabr tarixində saat 11:00–dan saat 15:00–dək Raul adlı nəvələri ilə sərbəst qaydada görüşüb ünsiyyətdə olmaq hüquqlarının müəyyən edilməsi, həmçinin, Raul adlı uşağı borclunun qeydiyyatda olduğu Şəmkir şəhəri, Q.Qarayev küçəsi, 23 saylı evdən götürülüb həmin evdə borcluya təhvil verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclası zamanı Tələbkar2 ərizənin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Borclu ərizənin dəlillərini qəbul etmədi və rədd edilməsini məhkəmədən xahiş etdi. Tələbkar1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, gəlməyən tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin 16 sentyabr 2024–cü il tarixli 2(076)–3168/2024 saylı qətnaməsindən görünür ki, Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 08 iyul 2024–cü il tarixli qərarı ilə müəyyən edilmiş, 13 sentyabr 2020–ci il təvəllüdlü Raul adlı nəvələri ilə hər həftənin şənbə günləri saat 12:00–dan saat 16:00–dək iddiaçılar Tələbkar1 və Tələbkar2 görüşüb ünsiyyətdə olmalarına cavabdeh Borclu tərəfindən qoyulan maneənin aradan qaldırılması qət edilmişdir. Göründüyü kimi tələbkarlar Raul adlı nəvələri ilə görüşmək üçün Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, həmin Komissiyanın 08 iyul 2024–cü il tarixli qərarı ilə onların 13 sentyabr 2020–ci il təvəllüdlü Raul adlı nəvələri ilə hər həftənin şənbə günləri saat 12:00–dan saat 16:00–dək görüşüb ünsiyyətdə olmaları qərara alınmışdır. Lakin cavabdeh həmin qərarın icrasına maneçilik yaratmış, bundan sonra tələbkarlar məhkəmədə iddia qaldırmışlar. Şəmkir Rayon Məhkəməsinin 16 sentyabr 2024– cü il tarixli 2(076)–3168/2024 saylı qətnaməsi ilə onların iddiası təmin edilmişdir. Lakin hazırda tələbkarlar ərizə ilə məhkəməyə müraciət edərək, nəvələri ilə ünsiyyət vaxtlarının qısa olmasını bildirmiş və qətnamənin icra üsulunun dəyişdirilməsini xahiş etmişlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024–cü il tarixli 15 nömrəli Qərarının 2.2–ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011–ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarına 3.1 və 3.2–ci bəndlər əlavə edilmiş və həmin 3.1–ci bənddə göstərilmişdir ki, məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub– olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2–ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6–cı maddəsinə əsasən müəyyən etməlidirlər. Həmin Qərarla Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011–ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarına əlavə edilmiş 3.2–ci bənddə göstərilmişdir ki, bu Qərarın 3.1–ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231–ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1–ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1–ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Göründüyü kimi yuxarıda qeyd olunan Qərarda qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231–ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın müddəaları yalnız valideynlərə münasibətdə nəzərdə tutulmuş, yəni yalnız valideynlərin qətnamənin icra üsulunun dəyişdirilməsinə dair ərizə verə biləcəyinə istinad edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsində isə ünsiyyət qaydası müəyyən edilməmiş, yalnız ünsiyyətə qoyulan maneə aradan qaldırılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, əvvəllər işə baxılarkən Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 08 iyul 2024–cü il tarixli qərarı ilə baba və nənəyə münasibətdə müəyyən edilmiş görüşə cavabdeh Borclu tərəfindən qoyulan maneə aradan qaldırılmışdır. Buna baxmayaraq, tələbkarlar həmin qətnamənin icra üsulunun dəyişdirilməsini xahiş etmişlər. Halbuki, qeyd olunan məhkəmə qətnaməsi ünsiyyətə qoyulan maneənin aradan qaldırılması ilə bağlı olmuşdur. Hazırda isə qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəyə baxılması yeni iddia tələbinə baxılmasını özündə ehtiva edir. Bu isə onu deməyə əsas verir ki, hazırki ərizəyə icra üsulunun dəyişdirilməsi qaydasında məhkəmədə baxılması əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 261.0.1–ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Odur ki, məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 16 sentyabr 2024–cü il tarixli 2(076)–3168/2024 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə tələbkarların ərizəsi üzrə icraata xitam verilməli, tələbkarlara dəyişən münasibətlər çərçivəsindən Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının müraciət etmək, daha sonra ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 261, 262, 263, 264 və 266–268–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəmkir Rayon Məhkəməsinin 16 sentyabr 2024–cü il tarixli 2(076)– 3168/2024 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə tələbkarlar Tələbkar1 və Tələbkar2 ərizəsi üzrə işin icraatına xitam verilsin. Tələbkarlara izah edilsin ki, ümumi qaydada iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №8(076)-240/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-240/2025
24.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver