Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-339/2023 28.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, icra işi üzrə Borclu iştirakı ilə, İcra sənədi üzrə Borclu Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 246/2023 saylı məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-246/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin rəsmi əmək haqqının 50%-ə yönəldilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə Borclu ərizəni onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-246/2023 saylı qətnaməsi ilə ondan 7787 manat əsas, 701 manat faiz, 90 manat cərimə borcu olmaqla, ümumilikdə 8578 manat dövlət rüsumunun tutularaq iddaçı X1 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra sənədi icraata verilmişdir. Onun qətnaməni birdəfəlik icra etməyə gücü çatmır. İcra məmuru bütün məbləği birdəfə ödəməyini tələb edir. Hazırki inflyasiya, bahaçılıq dövründə qətnamənin yalnız hissə hissə icrasına gücü çatır. Rəsmi əmək haqqısı 350 manatdır. İcra tələbinin rəsmi əmək haqqısının 50%-ə yönəldilməsinə imkanı çatır. Odur ki, bu halların nəzərə alınmasına zərurət vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən borclu ərizəsində göstərilənlərə uyğun izahat verib, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinin bağlanması ilə əmək müqaviləsi bilidrişindən görünür ki, Borclu əmək haqqı məbləği 350 manat pul təşkil edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, “Əfəndiyeva Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2007-ci tarixli Qərarında məhkəmə 55-ci bənddə xatırlatmışdır ki, 6-cı maddənin 1-ci bəndi hər kəsin məhkəmədə və ya məhkəmə funksiyalarını həyata keçirən orqanda mülki hüquq və vəzifələri ilə bağlı iddia qaldırmaq hüququnu təmin edir; beləliklə, həmin bənd «məhkəmə araşdırması» hüququnu təsbit edir; məhkəməyə müraciət etmək imkanına malik olmaq hüququ, yəni mülki məsələlərlə bağlı məhkəmə prosesinə başlamaq hüququ isə həmin hüququn bir aspektini təşkil edir. Lakin, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. 6-cı maddənin 1-ci bəndində mübahisə tərəflərini məhkəmə qərarlarının icra olunması hüququ ilə təmin edən prosessual təminatların ətraflı təsvir edilməsi ağlabatan olmazdı; 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Məhkəmə daha sonra 56-cı bənddə xatırlatmışdır ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Lakin, bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, borc alındığı vaxtdan 15 ilə yaxın, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-246/2023 saylı qətnaməsinin çıxarıldığı vaxtdan bu günə qədər 5 ay vaxt keçmişdir ki, borclu keçən müddət ərzində məhkəmə qətnaməsini icra etmək üçün kifayət qədər vaxta malik olmuşdur. Hazırda ərizənin təmin edilməsi isə məhkəmə qətnaməsinin tam olaraq icrasının əlavə olaraq 65 aydan artıq müddətə uzadılması demək olacaqdır ki, bu da tələbkarın mənafeyi baxımından yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Borclu Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-246/2023 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №8(076)-339/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-339/2023
28.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver