Məhkəmə qərarları › İş №8(076)-457/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-457/2023

30.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-457/2023 30.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X3 qızının katibliyi, Borclu iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-1846/2019 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-1846/2019 saylı icra sənədinə əsasən borclular Borclu və X1 müştərək qaydada 5409.74 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixində Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə borclu X2 göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir və Borclu adına hər hansı daşınar və ya daşınmaz əmlak, eləcə də bank və kredit təşkilatlarında hər hansı pul və qiymətli kağız aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda tələbkara olan borc 5439.74 manat təşkil edir. “Elektron icra” informasiya sistemindən vətəndaşlar haqqında məlumat portalından çıxarışa əsasən Borclu ölkəni mütəmadi olaraq tərk edir. Həmin ölkəyə gedib-gəlməklə sonuncunun oradan uzun müddət qayıtmayacağı və beləliklə də Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-1846/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasından yayınacağı ehtimalı vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Odur ki, iş üzrə borclu xx.xx.1995-ci il tarixdə Şəmkir rayonu Əliyaqublu kəndində anadan olan, Şəmkir rayonu Əliyaqublu kəndində qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılması xahiş edilmişdir. Borclu məhkəmə iclasında göstərmişdir ki, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Hazırda da borcunu ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən qanuni qərardad qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə və tələbkar "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq icra məmuru və tələbkarın nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-1846/2019 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər Borclu və X1 5189.24 manat məbləğində əsas kredit borcu, 220.5 manat faiz borcu, cəmi 5409.74 (beş min dörd yüz doqquz manat yetmiş dörd qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019cu il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-1846/2019 saylı icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə, habelə müvafiq xəbərdarlıq edilməsinə baxmayaraq, o, icra sənədinin icrasından yayınaraq icradan boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-1846/2019 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ tələbkara olan borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar