Məhkəmə qərarları › İş №8(076)-559/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-559/2023

15.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-559/2023 15.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Məmmədovun iştirakı ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Məmmədov borclunun məcburi gətirilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Məmmədov borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Göygöl rayon məhkəməsinin 16(066)- 12/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2019-cu ildə anadan olmuş X1 ilə hər həftənin çərşənbə axşamı saat 10:00-dan - şənbə günü saat 10:00-dək gecəni qalmaq şərti ilə ünsiyyətdə olmaq hüququ (görüş) verilməlidir. İcra sənədi şöbənin icraatında olduğu 1 ay müddətində tələb vaxtlıvaxtında icra edilmiş və sözügedən İcra sənədinin icrası tərəflərindən nəzarətdə saxlanılmışdır. Eləcə də Göygöl rayon məhkəməsinin 16(066)-12/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin verilməsinə əsas olmuş eyni saylı və tarixli qərardadın nəticə hissəsində həmin qərardadın xx.xx.2023-cü il tarixdə qüvvədən düşməsi göstərilmişdir. Ona görə də tərəfilərindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli qərarla 16(066)-12/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata xitam verilsə də, həmin qərar borclu tərəfindən mübahisələndirilmiş və məhkəmənin müvafiq qərardadı ilə ləğv edilmişdir. Tərəflərindən icra sənədi üzrə icra tədbirləri davam etdirilsə də Borclu icra vərəqəsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və bundan imtina etmiş, eləcə də Borclu edilmiş çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Odur ki, Borclu Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatın təmin olunmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Məmmədov izahat verərək təqdimatı müdafiə etdi və məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Borclu məhkəməyə teleqram göndərərək, 15 dekabr 2023-cü il tarixə olan işə onun iştirakı olmadan baxılıb, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Tələbkar iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Мəhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş Göygöl Rayon Məhkəməsinin 16(066)- 12/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Göygöl Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərardadı ilə Borclu xx.xx.2019-cu ildə anadan olmuş X1 ilə hər həftənin çərşənbə axşamı saat 10:00-dan - şənbə günü saat 10:00-dək gecəni qalmaq şərti ilə ünsiyyətdə olmaq hüququ (görüş) verilməsi qərara alınmışdır. Təqdimata əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Göygöl Rayon Məhkəməsinin 16(066)-12/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin 8(076)-512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Göygül Rayon Məhkəməsinin 16(066)-12/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Şəmkir rayon İcra və probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək, icraya yönəldildikdən sonra icra məmuru tərəfindən icra sənədinin icrası üzrə hər hansı tədbirin görülməsi barədə təqdimata sübut əlavə edilməmişdir. Həmçinin, təqdimata əlavə olunmuş sənədlərdən Borclu icra vərəqəsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi və bundan imtina etməsi, eləcə də Borclu edilmiş çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırması və tələbkar Borclu məcburi gətirilməsinin zəruriliyi göstərilməmiş və belə halları təsdiq edən sübutlar təqdimata əlavə edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun mənasına görə, borclu icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı halda, onun barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tətbiq oluna bilər. Hazırki halda isə, borclunun icra hərəkətlərinin keçirildiyi yerə çağırılması və onun bu çağırışdan üzrsüz səbəbdən yayınması müəyyən olunmur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Göygül Rayon Məhkəməsinin 16(066)-12/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən tələbin könüllü icrası üçün bildirişin Borclu çatdırılması qanuna müvafiq qaydada təmin olunmamış, təqdimat əsaslandırılmamış, icra sənədinin icra edilməməsinin səbəbləri müəyyənləşdirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tələbkar Borclu məcburi gətirilməsi barədə verilmiş təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Göygöl Rayon Məhkəməsinin 16(066)-12/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar