Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-37/2025 23.12.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, X4 Habil oğlunun Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)- 44/2025 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)-64/2023 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, iddiaçı Tələbkar ilə cavabdeh Abbasov Əli Habil oğlu arasında xx.xx.2017-ci il tarixdə Şuşa rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra xx.xx.2018-ci il təvəllüdlü Abbasov Habil Əli oğlunun və xx.xx.2019-cu il təvəllüdlü X5 oğlunun analarının himayəsində saxlanılmaları, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Abbasov Əli Habil oğlunun cavabdeh Tələbkar qarşı “uşağın himayədə qalması və birgə nikah dövründə əldə edilmiş kredit məbləğinin cavabdehlə aralarında 1/2 hissədə bölünməsi tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-44/2025 saylı qətnaməsi ilə ilkin iddiaçı Tələbkar apellyasiya şikayəti qismən təmin edilərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)-64/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdeh Abbasov Əli Habil oğlundan “Hyundai Sonata” minik markalı avtomobilin dəyəri olan 20700 manat məbləğində pulun yarısı, yəni 10350 manat alınaraq ilkin iddiaçı Tələbkar verilməsi, cavabdeh Abbasov Əli Habil oğlundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və 200 manat "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. X4 Habil oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)- 44/2025 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 44 günlük müharibə veteranıdır, torpaqların suverenliyi uğrunda düşmənə qarşı gedən döyüşlərdə fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülmüşdür. Azərbaycan Respublikasının Daxili Qoşunlarında 10 il qüsursuz xidmətinə görə 3-cü dərəcəli medal və 3-cü dərəcəli döş nişanı ilə təltif olunmuşdur. Hazırda günəmuzd işləyir, qazancı ilə uşaqlarının alimentini ancaq ödəyir. Qətnamədə qeyd edilən məbləği bir dəfəyə ödəməyə imkanı çatmır. Ona görə də, ağır ailə vəziyyətini, Şuşa rayonundan məcburi köçkün düşməsini və ailənin yeganə qazanc gətirən üzvü olmasını nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı üzrə olan borcunun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən X4 Habil oğlu məhkəməyə dəqiqləşmə barədə ərizə təqdim edərək, Tələbkar olan 10350 manat borcun hər ay 200 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumalandırılmış Tələbkar (nümayəndəsi) və X4 Habil oğlu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya qətnamənin hissə-hissə icra etdirilməsi, habelə onun icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri işə baxmış hakim tərəfindən həll edilir. Qeyd etmək lazımdır ki, bu maddədə söhbət iş üzrə son (yekun) qətnaməni qəbul edən məhkəmədən getmir. Qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Eyni zamanda, möhlət verilməsi qətnamədə ifadə olunsa belə işin mahiyyətinə toxunmur. Buna görə də qətnamə qüvvəyə mindikdən sonra icra qaydasının dəyişdirilməsi məsələsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında işə baxmış birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Bu qayda yuxarı instansiya məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilib yeni qətnamə qəbul edildiyi halı da ehtiva edir.” “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 yanvar 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi iş üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində qeyd edilmişdir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə, işin məhkəmə baxışında araşdırılmış hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq məsələ ilə bağlı formalaşdırdıqları hüquqi mövqelərini əsas götürərək qeyd edir ki, X4 Habil oğlu hazırkı ərizəsində məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsini xahiş etsə də, məhkəməyə borcunu bir dəfəyə ödəmək imkanının olmaması, qətnaməni icra edə bilməməsinin səbəbləri, əmlak vəziyyəti, əmlak vəziyyəti barədə heç bir sübut təqdim etməmişdir. Həmçinin, məhkəmə hesab edir ki, qətnamənin hər ay 200 manat olmaqla hissə-hissə icra edilməsi onun icrasının qeyri-müəyyən müddətə, təxminən 52 ay müddətinə uzadılmasına gətirib çıxaracaqdır və hazırki halda tələbkarın mövqeyi də nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hazırda qeyd edilən qətnamənin hissə-hissə icrası ilə bağlı qərardad qəbul edilməsi üçün qanuni əsaslar olmadığını nəzərə alaraq hesab edir ki, X4 Habil oğlunun Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-44/2025 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-269 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 Habil oğlunun Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)- 44/2025 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün (alındığı vaxtdan) müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(077)-37/2025
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-37/2025
23.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver