Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-122/2025 24.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Tələbkar və Borclu iştirakları ilə Tələbkar Borclu qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Tələbkar Borclu qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-437/2023 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış 21 iyul 2009-cu il təvəllüdlü X1 üçün qət edilmiş sabit məbləğdə 170 (bir yüz yetmiş) manat alimentin icra icraatı qaydasında 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına indeksasiya olunmasını məhkəmədən xahiş etmişdir. Tələbkar ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, Borclu ilə 04 iyul 2002-ci il tarixdə Babək rayon VVADQ şöbəsində rəsmi olaraq nikaha daxil olmuşlar. Birgə nikahlarından iki övladı- 31 oktyabr 2002-ci il təvəllüdlü X5 və 21 iyul 2009-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ailə münasibətləri normal olmadığından nikahları Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-437/2023 nömrəli qətnaməsi ilə pozulmuş, yetkinlik yaşına çatmamış övladı 21 iyul 2009-cu il təvəllüdlü X4 onun yanında saxlanmaqla yetkinlik yaşına çatanadək hər ay sabit məbləğdə 170 manat alimentin Borclu tutularaq ona ödənilməsi qət edilmişdir. İİ qrup gözdən əlildir. Gözləri çox zəif görür. Bu səbəbdən də heç bir yerdə işləyə bilmir. Əlavə gəlir yeri yoxdur. Övladını çətinliklərlə saxlamağa çalışır. Qızı orta məktəbdə oxuyur, əlavə olaraq hazırlıqlara gedir. Böyüdükcə tələbatı da artır. Maddi tələbatını ödəməkdə çətinlik çəkir. Borclu ödədiyi 170 manat aliment övladının tələbatlarını ödəməyə kifayət etmir. Övladı böyüyüb, onun zəruri tələbatları günü-gündən artmaqdadır. Bu səbəbdən də aliment məbləğinin artırılmasını istəyir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında 2 il əvvəl uşağın saxlanılması üçün məhkəmə tərəfindən 170 manat aliment müəyyən edildiyini, qızının 10-cu sinifdə oxuduğunu, oğlunun 23 yaşı olduğunu, onun işlədiyini, qızını hazırlığa qoyduğunu, özünün gözündə problemi olduğunu, əlilliyi olduğunu, işləyə bilmədiyini bildirərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında işləmədiyini, məhkəmə tərəfindən 170 manat aliment müəyyən edildiyini, hər ay vaxtlı-vaxtında alimenti ödədiyini, uşağın özünə heç salam da vermədiyini, alimenti də dövlətə görə ödədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-437/2023 nömrəli qətnaməsindən görünür ki, Borclu ilə Tələbkar arasında 04 iyul 2002-ci il tarixdə Babək rayon VVADQ şöbəsində bağlanmış və 163 nömrə ilə qeydə alınmış nikahın pozulması, iş üzrə tərəflərin uşaqları- 21 iyul 2009-cu il təvəllüdlü X2 anası Tələbkar yanında saxlanılması və 21 fevral 2023-cü il tarixdən hesablanmağa başlayaraq, Borclu hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat miqdarında alimentin tutularaq, 21 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün anası Tələbkar ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 1, 1.2 və 1.2.1.-ci bəndlərindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8-ci bənd üzrə 8.4-cü bəndə “8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).” məzmununda 8.4-2-ci yarımbəndin əlavə edilməsi qərara alınmışdır. Məhkəmə belə qeyd edir ki, 2023-cü il tarixdə minimum əmək haqqı 345 manat müəyyən edildiyindən həmin vaxt bir uşaq üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment məbləği həmin dövr üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.49 mislini təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Tələbkar Borclu qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsi təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(078)-437/2023 nömrəli qətnaməsi ilə 21 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu tutulan hər ay 170 (bir yüz yetmiş) manat miqdarında sabit pul məbləğində aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.49 misli həddində indeksasiya edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Tələbkar Borclu qarşı sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsi təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(078)-437/2023 nömrəli qətnaməsi ilə 21 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu tutulan hər ay 170 (bir yüz yetmiş) manat miqdarında sabit pul məbləğində aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.49 misli həddində indeksasiya edilsin. İndeksasiya edilmiş alimentin tutulması qərardad qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №8(078)-122/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-122/2025
24.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver