Məhkəmə qərarları › İş №8(078)-141/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-141/2024

17.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-141/2024 17.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Borclu və Naxçıvan şəhər İcra və Probasiya şöbəsinin nümayəndəsi X2 iştirakları ilə Borclu qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq müəyyənetdi: Borclu ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(078)-195/2024 nömrəli qətnaməsinin hissəhissə yəni (ayda 100.00) manat tutulmaqla icra etdirilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhər Məhkəməsi 27 fevral 2024-cü il tarixli, 2(078)-195/2024 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar ona qarşı ‘'kredit üzrə borcun ödənilməsi tələbinə dair" iddiasına baxaraq iddianı təmin etmişdir. Həmin qətnaməyə görə 4140 (dörd min yüz qırx) manat məbləğində pulun ondan alınıb iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət olunmuşdur. Sözügedən qətnamə 10 iyun 2024-cü il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə icraya verilmiş və bununla bağlı icraata başlanma haqqında qərar qəbul olunmuşdur. O heç bir yerdə işləmir, boşanma ərəfəsindədir, nikahın pozulması ilə bağlı Naxçıvan şəhər Məhkəməsinin icraatında iş var. Bundan başqa himayəsində 3 nəfər azyaşlı övladı var. Valideynlərinin köməkliyi ilə keçinirlər. Maddi imkanı çox da yaxşı deyildir. Onun Naxçıvan şəhər Məhkəməsinin 27 fevral 2024-cü i tarixli, 2(078)-195/2024 nömrəli qətnaməsində Tələbkar xeyrinə 4140 (dörd min yüz qırx) manat məbləğində pulu hər ay 200 manat məbləğində ödəmək imkanı yoxdur. Belə oİduğu halda onun ailə vəziyyəti çox çətin bir vəziyyətə düşür. Bu kimi səbəblərdən də o qalan kredit borcunun ayda 100 (bir yüz) manat ödəməyə razıdır. Ona görə də qətnamənin hissə-hissə yəni aylıq 100 manat məbləğində tərəfindən ödənilməsinə dair icra olunması ilə bağlı müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Borclu izahatında ərizədə qeyd edildiyi kimi 3 azyaşlı uşağının olduğunu, uşaqların 13, 11 və 7 yaşları olduğunu, boşanma ərəfəsində olduğunu, həmin vaxt yoldaşının zamin olduğunu, ancaq onun göstərilmədiyini, telefonu özünün yox yoldaşının götürdüyünü, işləmədiyini, azyaşlı uşağının olduğunu, uşağın 7 yaşının olduğunu, ona görə işləyə bilmədiyini, ayda 100 manat ödəyə biləcəyini bildirərək hissəhissə icraya dair ərizənin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Naxçıvan şəhər İcra və Probasiya şöbəsinin nümayəndəsi X5 icra sənədinin may ayının 2-si daxil olduğunu, borclunun heç ödəniş etmədiyini, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıldığını, tələbkarın ayda 200 manat ödənilməsinə razılığı olduğunu, alkin borclunun buna razı olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Naxçıvan Şəhər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(078)-195/2024 nömrəli qətnaməsi ilə 4140 (dörd min yüz qırx) manat məbləğində pulun iş üzrə cavabdeh Borclu alınaraq iş üzrə iddiaçı Tələbkar verilməsi və iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 62 (altmış iki) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Publik Hüquqi şəxsi Naxçıvan şəhər sektoru tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Borclu (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 13 aprel 2012ci il tarixli, AZ-İİ seriyalı, 668038 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu və X4 birgə nikahlarından 29 fevral 2012-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 03 iyun 2014cü il tarixli, AZ-İİİ seriyalı, 079174 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu və X4 birgə nikahlarından 11 may 2014-cü il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 29 yanvar 2018-ci il tarixli, AZ-İİİ seriyalı, 962131 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu və X4 birgə nikahlarından 07 yanvar 2018-ci il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Tələbkar tərəfindən Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə verilmiş 13 iyun 2024-cü il tarixli ərizədə qeyd etmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-195/2024 saylı, 27 fevral 2024-cü il tarixli icra sənədinə əsasən Borclu ona 4202 manat pul ödəməlidir. xx.xx.2024-cü il tarixədək heç bir ödəniş etməmişdir. Borclu iyun ayının 28-dən başlayaraq hər ayın 28-i ona 200 manat pul ödəməyinə heç bir etirazı yoxdur. Ərizəni araşdıran məhkəmə belə nəticəyə gəlir ki, ərizə rədd edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə qərarlarının icrasının məcburiliyi «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı», “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarları məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və həmin qərarlarında Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.3-1-ci maddəsinə əsasən məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Məhkəmə qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qərarların hissə-hissə icra olunmasını təmin etmək o zaman mümkün olar ki, borclu ilə bağlı yaranmış və qərarların icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Məhkəməyə təqdim edilmiş sənədlərdən borclunun əmlak vəziyyətində borcunu bütövlükdə icra etməsi üçün maneələr yaradacaq əlverişsiz halların mövcud olması görünmür. Həmçinin tələbkar ərizə verərək ayda 200 manat ödənilməsinə razılıq verdiyini bildirmiş ancaq borclu icra sənədini bu qaydada hissə-hissə də icra etməmişdir. Məhkəmə belə hesab edir ki, borclunun ayda 100 manat ödəməsi formasında icra sənədini icra etməsi gələcəkdə icra sənədinin uzun dövr ərzində icra edilməsinə səbəb olacaqdır. Bu da tələbkar üçün çətinliyə səbəb olacaqdır. Həmçinin borclu icra sənədinin hissə-hissə icra edilməsini zəruri sayacaq əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi rədd edilməlidir. Yuxarıda qeyd olunanları, İcra haqqında qanunun 15-ci maddəsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Borclu qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi rədd edilsin. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar